Azərbaycanın parlaq ulduzu:
Səməd Behrəngi

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

“Güney Azərbaycan” jurnalı, № 1, (C. Əmir Haşimi)
Bakı, 1994
“Qurtuluş” dərgisi
Kanada, payız-qış 1997
“Səhənd” dərgisi, № 2 (C. Əmir Haşimi)
Stockholm, iyul-avqust 1998

 

Ölümündən 25 il keçir.
Çağdaş Azərbaycan ədəbiyyatının ünlü yazıçılarından biri Səməd Behrənginin ölümündən 25 il keçir. Könlündə öz ulusuna dərin sevgi bəsləyən Səməd Behrəngi əsərlərində Azərbaycanın, eləcə də Iranda yaşayan başqa xalqların ağrılarını qələmə alıb.

Səməd uşaqların yaşayışından yazarkən onlara bircə şeyi anlatdı: ”şilləyə şillə ilə cavab verib, öz haqqını son damlasına kimi almaq gərəkdir”. Səməd Ulduzun dili ilə yazırdı: ”Mənim nağılımı yoxsul, naz-ne’mətdən məhrum olan uşaqlar üçün yazın”.

Səməd Behrəngi hicri tarixi ilə 6 şəhrivər 1318-ci ildə (1939) doğulub.
Anası deyir: ”Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb. Sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm. Kimlərdənsə cəsusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir”.

Belə bir çağda Səməd Təbrizdə dünyaya göz açdı. Atası onu ”Qarabala” çağırırdı. Maddi durumlarının çətinliyindən Səməd də böyük qardaşı kimi Təbriz pedaqoji texnikumuna daxil olur. Öyrəncilik çağlarında Səməd Behrəngi bir neçə dostu ilə ”Xənde” (”Gülüş”) adlı həftəlik divar qəzeti buraxır. Elə o çağdan Səməd əlinə qələm alır, ”düzü-düz, əyrini-əyri” yazmağın içginliyinə varır.

Behrəngi bu minvalla texnikumu bitirərək Azərşəhr (Tufarqan) ilçəsinin, özünün dediyi kimi, Tanrının belə unutduğu ”Mamağan” kəndindəki məktəbə göndərilir.


Mamağanda dərs dediyi illərdə Səməd təhsilini davam etdirmək düşüncəsindən də daşınmır. Orda oxul yönətimini baxımsız olaraq başa vurur, 1961-ci ildə Təbriz universitetinin filologiya fakültəsinin ingilis dili ixtisası üzrə qiyabı bitirir.


Saedinin yaddaş yazılarından aydın görünür: ”O, boş anlarında saatlarla kitab mağazalarının qarşısını kəsdirər, kitab seçməyə gələn yeniyetmələrə bilgilər verərdi. Dərs dediyi məktəbdə öyrəncilərlə əl-ələ verib gözəl kitab evi düzəltmişdi”. Yaxın öyrətmən dostu Məcid Təbrizivəndin dediyi kimi: ”Səmədin yaradıcılığı savadsız kəndlilər üçün ərizə yazmaqla başlanıb”.


”O getdi. Dönüb arxasınca baxdım. Çiyinlərini sallayıb, başını aşağı dikmişdi, yavaş-yavaş uzaqlaşır, sol yönə gedirdi. Mənsə donub qalmışdım, haraya getdiyimi bilmirdim…” (Mahmud Dövlətabadi).


Səmədin ədəbi irsi son dərəcə zəngin olsa da, yazıçı dostu Qulamhüseyn Saedinin dediyi kimi, yaratdığı şah əsəri onun yaşayışı idi. Təsadüfi deyil Iranın  tanınmış söz ustası Cəlal Al Əhməd onu ”Azərbaycan kəndlilərinin canlı dili, sürgünə düşmüş gələnəklərin oyaq vicdanı, ”Heydərbabaya salam”ın sətirləri arasında dünyaya ayaq açıb, Savalana, Xalxala tərəf üz tutan gəzərgi bir öyrətmən” adlandırırdı.


Səməd öz xalqının taleyini dərindən düşünərək, yaşayışın ağrı-acılarını ilk anda uşaqların gözü önünə gətirib, yaşayış bilimlərini anlamaqda onlara yardım edirdi. O, yaşayışında da, dərs otağında da, yazı masasının arxasında, öz ədəbi dünyasında hər şeydən öncə öyrətmən idi. Behrəngi uşaq dünyasından böyüklər aləminə açdığı pəncərədən toplumu bütün çizgiləri ilə yaşlıların gözləri önündə canlandırırdı. Səməd bir ülküçü kimi xalqın zəngin keçmişini üzə çıxarmağa çalışırdı. ”Bayatılar”, ”Paraparalar” adlı kitabları buna parlaq örnəkdir. Dostları ilə birgə ağız bilgiləri xəzinəsindən bu örnəkləri toplayıb çap etdirmişdi. O, türk dilində əlifba kitabı düzənləyərək onu Tehranda çap etdirməyə, oxullarda öyrədilməsinə çalışmışdı. Beləliklə, milyonlarla uşaqların, gənclərin öz dillərini öyrənməsində addım atmışdı. Ancaq Pəhləvi  rejimi onun bu dolğun addımına cavab verməmişdi.


Səmədin ölüm günü dostu Cəlal Al Əhməd yazırdı: ”Indi mən necə inanım Səməd ölübdür. O, öz xalqına, keçmişinə, ana dilinə bağlı idi. ”Əlifba” kitabını hazırlayıb çap etdirmək istəyirdi. Ancaq onun başına nə qədər oyun açdılar. Səmədin ölümünə necə inanım? Olmaya ”Balaca qara balıq” yenidən doğulmaq üçün Araz çayı ilə Xəzərə qovuşub? Bir gələnəyin, bir dilin, bir ulusun ortağı olan çayda boğulub Səməd. Mədinə müsəlmanlar üçün necə qutsal idisə, Araz da Səməd üçün o qədər qutsal idi”.


Səməd qısa ömründə çox işlər görüb. O, ”Balaca qara balıq”, “Ulduz və qarqalar”, ”24 saat yuxu ilə ayıqlıqda”, ”Çuğundursatan oğlan”, ”Narınc qabığı”, ”Ulduzla danışan gəlincik” kimi hekayələr yazıb-yaratmışdır.


Bu əsərlər ədəbi estetik yöndən çox dəyərlidir. Avropada keçirilən uşaq ədəbiyyatı festivalında Səməd Behrənginin ”Balaca qara balıq” əsəri birincilik ödülü almışdır. Beləliklə, Səməd xalqının öz mənliyini qoruyub saxlamasında önəmli addımlar atmışdır. Səməd Behrənginin ”Çox bəxtiyar ağa” adlı əsərinin çevirməsini Sizə sunuruq.

 

 

Çox Bəxtiyar Ağa
(Hekayə)


Səməd Behrəngi


Nə olur olsun, göydən nə bəla yağır-yağsın, hansı hökümət hakimiyyətdə olur olsun, Çox Bəxtiyar Ağanın vecinə deyildir. Bircə şərtlə, ona zərər toxunmasın, Ona dəyib-dolaşan olmasın, Ondan nəsnə əskilməsin. Çox Bəxtiyar Ağaya görə onun işdən yayınmasına göz yuman, başçı yaxşı başçıdır, onun yaltaqlığını xidmət kimi dəyərləndirsin. Yaxşı baxan odur onun çağında Çox Bəxtiyar Ağaya böyük işlər, çoxlu pul verilsin.


Çox Bəxtiyar Ağanın yaşayışı səssiz göl kimidir. Bu gölü dalğalandırmağa bir anda belə bir daşın düşməsini istəmir. O, başıaşağı, üzüyola adamdır. O, bir qarışqayla da sözləşməyi özünə rəva bilmir. Səhər yuxudan durub arvad-uşağı ilə səhər yeməyi yeyib idarəyə yola düşür. Məhəllənin baqqal, qəssabı ilə salam-əleyki də belə hesab üzrədir. Ləpəni ona baha verməsinlər, ya da əti sümüksüz alsın deyə bu işləri görür. Çox Bəxtiyar Ağa başçının sözünə, söz almamağına inanır, yoxsa başağrısı yaranar. Idarə işi ancaq pul çıxarmaq üçündür.
Beləliklə, yaxşı olar onunla bağlı söz-söhbət olmasın. Onun dinc yaşayışı pozulmasın. Çox Bəxtiyar Ağanın düşüncəsinə görə vicdansızlıqla dikbaşlıq eləmək olmaz. Çox Bəxtiyar Ağa ”vicdan”, ”şərəf” deyimlərinin yerinə yalnız ”həyat” deyimini işlətməkdə amacı onun, sanballı söz deməklə özünü də böyütməkdir. O, arvad-uşağı çox istədiyindən çox qorxur. Onun başına bəla gələrsə onlar başsız qalar. Həmişə gözləmə durumunun izləməsinə başlıca səbəb müdirin göstərişlərini yerinə yetirib, işdən çıxarılmasın, ac qalmasın.


Çox Bəxtiyar Ağa qayğıkeşdir. Amma Qaliley, Sadiq Hidayət kimi yox. Ona keçmiş oxul yoldaşlarının irəliləməsi, bacanağının ikiqatlı evinin olması acıq verir.


Ən yüksək diləyi, özəl maşını olsun, özü də ”folksvagen” markalı, eləcə də Tehrana köçüb baş kənd sakini olsun. Ona görə də işdə başçısına necə desən yaltaqlıq edər…


Çox Bəxtiyar Ağanın xanımının amacı yabancı aktrisalar kimi geyim geyinməkdir… Uşaqlarına fars dilini öyrətsin. Onun inancına görə türk dili savadsız, ”qara camaat” üçündür. Hərdən ailənin həkimindən də söz açır. Ondan tez-tez soruşur: -”Uşağın başı ağrıyır, cənab həkim, aspirin verirsiniz, yoxsa sarıdon?…”


Çox Bəxtiyar Ağa həftədə iki kəz bəxtini sınamaq üçün lotereya bileti alır. O, dinə lap çox inanırdı, ancaq Ramazan ayında cəmi üç gün oruc tutub namaz qılır.


Çox Bəxtiyar Ağanı hamı tanıyır, hamı da görüb. Siz də, mən də, qonşuluğumuzda onunla üz-üzə gəlmişik. Görürük necə dərdsiz yaşayır, özünü mutlu sanır.


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa