Millətlər məsələsi və çıxış yolları

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

London konfransının çıxış mətni, 5 oktyabr 2002
"Məqalələr toplusu" kitabı, Stockholm 2005

 

Sayın xanımlar və bəylər, Sizləri salamlayaraq, Siz əzizlərə ki zəhmət çəkib konfransa təşrif buyurmusunuz, Dünya Azərbaycanlıları Konqresinin Rəyasət Heyətinin salamlarını çatdırmağı özümə borc bilirəm.

 

Dünya Azərbaycanlıları Konqresi (DAK), 6 il bundan əvvəl yaranmış və 30-dan artıq ölkədə təşkilat və cəmiyyətlər, nümayəndəlikləri öz tərkib hissəsinə almışdır. DAK nizamnamə və əsasnaməsi, qurultaylarda təsdiq edilmişdir ki, əsas məzmunu üç istiqamətdən ibarətdir:

1. Bütün ölkələrin qayda-qanunları əsasında soyköklü azərbaycanlıların mədəni hüquqlarının müdafiə edilməsi və Azərbaycan diasporasının inkişafı istiqamətində fəaliyyət aparılması;
2. Təcavüzkar Ermənistan əleyhinə BMTnin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrinin həyata keçirilməsinin tələbi; Azərbaycan Respublikasının işqal olunmuş ərazisinin azad edilməsi yolunda, eləcə də azərbaycanlı qaçqın və köçkünlərin öz ata-baba yurdlarına, o cümlədən Qarabağa qaytarılmaları istiqamətində fəaliyyət və mübarizənin təşkil edilməsi;
3. Ən əsas vəzifə, 30 milyondan artıq olan güney azərbaycanlıların İran adlanan ölkədə öz müqəddəratını təyin etmək hüququnu təmin etmək, milli və müstəqil dövlətini qurmaq və bugünkü İran deyilən ərazidə türklərin öz milli hüquqlarının bərpa olunması məsələsidir ki, zülm altında yaşayan xalqların problemlərinin həlli yolunda olan məsələlərin biridir ki, bugünkü konfransın əsas mübahisə mövzusudur.

 

Hörmətli xanımlar və bəylər, 7 min illik tarixə malik olan türklərin və eləcə də qeyri-fars millətlərin tarixinə qıssa bir baxışla sözümü başlamaq istərdim. İlk öncə deyim ki, fars şovinizminə xidmət edən qərəzli tarixçilər bu barədə bir şey yazmayıblar, və yaxud yazsalar belə həqiqətləri təhrif etməyə çalışmışlar. Onlar çalışıblar ki, türk və qeyri-fars dövlətlərindən və onların tarixləri ilə hökümətlərindən, özlərinə tarix yaradaraq, bu saxta tarixi qeyri-fars millətlərə, xüsusilə türklərə anlatsınlar. Bu üzdən-iraq tarixçilər, türklərin və qeyri-fars millətlərin tarixlərinin başlanğıcını, Əhrümənlər (Həxamənişilər) dövründən söyləmişlər ki, bu həqiqətdən çox uzaqdır. 4500 il, 10 fars qəbiləsinin İlam fəlatinə gəlməzdən əvvəl bugünkü türklərin ulu-babaları, yüksək mədəniyyətə malik olan böyük dövlətlər yaratmışlar. Parslar gəldikdə bu hökümətlərin o cümlədən, İlam Şazdalarının hökm sürdüyü bugünkü Kirman və fars əyalətlərində sakinləşmişlər. Danılmaz faktlar əsasında parsların bizim regiona gəlməzdən əvvəl bizlərin ən yüksək sivilizasyası və bəşəriyyətə hədiyyə edəcəyi dövlətçiliyimiz və mədəniyyətimiz olmuşdur. Bu sivilizasya bugünkü İraq və İranın bütün qərbi-mərkəzi, Xəzərin cənubu, şimali və cənubi Azərbaycanda İlamlar, Kassilər, Hürrilər (Mitanilər), Quttilər, Lullular, Gilzanlar, Kaspilər, Mannalar, Urartular tərəfindən yaranmışdır. Bu gün tarix elmi, mötəbər faktlarla göstərir ki, bu tayfaların dilləri müxtəlif ləhçələrdə iltisaqi və bugünkü türk dilinin babası olmuşdur. 900 il miladdan əvvəl Pasarqad tayfalarından 7 qəbilə Kirmanda məskunlaşmışdır və Firdovsinin “Şahnamə”sindən aydın olur ki, həmin tayfalar çox ibtidai həyat dövrünü yaşayırdılar. Onlar gəlib sakin olduqdan sonra iltisaqi dili, tayfalardan öyrənmişlər.

 

Əhrümənlər iş üstə gəldikdən əvvəl, yəni 550 il miladdan öncə, Manna höküməti, asorilərə qarşı müqavimət göstərmiş və 673 il miladdan əvvələdək Madların üsyanı əsasında Mad İmperatorluğu yaranmışdır. Onlar Manna höküməti ilə birləşmiş və oğuzlar ilə sakalar da Azərbaycanda hökümət qurmuşlar. Mad İmperatorluğu –Kiaqsar, asori militarizminə son qoymuş və bununla regionda yaşayan tayfalar asorilərin əsarətindən azad olmuşlar. Beləliklə tərəqqi və inkişaf yolu açılmışdır. Daha sonra Mad ordu komandanı Harpakın xəyanəti əsasında, Astiyak Mad padşahının dövründə Mad İmperatorluğu süquta uğramış və Əhrümənlər (Həxamənişilər) höküməti ələ almışlar. Bu dövrdə Kir (Koroş) ilə Tomris xanım arasında baş verən müharibədə, Kir, azərbaycanlı olan Tomris xanıma məğlub olaraq ölmüşdür.

 

Həxamənişi padşahlarının mədəniyyət və təməddün sahibi olan Yunanistana ardıcıl əziyyətləri və hücümları səbəbindən İskəndərin hücumu ilə nəticələnmişdir. Bu dövrdə Atropatlar, Azərbaycanda hakim idilər və Həxamənişilərlə yaxşı münasibətdə deyildilər. Atropatlar, İskəndər ilə müharibəyə girməmiş və bununla İskəndər məcbur olub Azərbaycan dövləti və onun sədri Atropatı rəsmiyyətə tanımışdır. Beləliklə, Atropat, apardığı düzgün siyasət əsasında Azərbaycanın istiqlalını qoruyub, saxlaya bilmişdir. Bu barədə Azərbaycan Respublikasında daş-yazılar mövcuddur ki, dediklərimizə sübutdur.

 

Bunlardan əlavə Manna dövründən bugünədək bizə qalan yadigarlar, mədəniyyət nümunələri, Mad dövrünün folklor mədəniyyət və ədəbiyyatı, Avesta zərdüşt dinindən qalan yadigar, 4000 il bundan əvvəl İskəndərdən əvvəl Novruz bayramı və adət-ənənələri, İlam xalqının dili bir rəsmi dövlət dili kimi və həmin dilin həmin ərazidə müxtəlif milliyyətlərin müştərək dilinin olması, eyni zamanda İlamilərin incəsənət mədəniyyətinə hər-tərəfli bu xalqlar vasitəsi ilə işlənilməsi, və rəsmiləşməsi, bütövlükdə iltisaqi dilli xalqların o cümlədən Azərbaycan türklərinin çox qədimdən İran adlanan ərazidə məskunlaşmalarından xəbər verir. Dediklərimizi Dr Zehtabinin iki cildlik tarix kitabları, Purpiranın buraxdıqları əsərlər, Monteskiyo və Pier Amiyenin yazıları, Vil Dorant və keçmiş Sovet İttifaqının bir çoxlu şərqşünaslarının əsərləri və habelə Azərbaycan Respublikasında yerləşən tarixi daş-yazılar və tədqiqat olunub yazılan bir çoxlu tarixi əsərlər, dediklərimizi təsdiq edir.

 

Xatırladaq ki, fars tarixçiləri və onların davamçıları tarix elmini tam həqiqətdən kənara, faciəamiz istiqamətə yönəltmişlər. Bu elmə qarşı acınacaqlı vəziyyət Həxamənişi dövründən, xüsusi ilə Sasani sülaləsinin banısı olan Ərdəşir dövründən başlamışdır. Ərdəşir ona görə ki öz qurduğu imperiyanı qoruyub saxlasın və ona mənsub olan tayfanı digər xalqlara hakim etsin, qeyri-fars xalqların dövlətlərinə aid olan bütün sənədləri aradan aparmışdır və “Tenser” adlı möbəd başqanının yardımı ilə parslar haqqında yaydığı əfsanələri digər xalqların həqiqi tarixi kimi qeydə almağa çalışmışdır. Bu yolda Sasani İmperatorluğunun yaranmasına möhümatla dolu olan dastanlarla bəzəyib, saxta bir tarix düzəltmişlər. Ərdəşirdən sonra Sasani şahları onun və “Tenser” möbədin saxtakarlıqlarını özlərinə örnək götürərək, onların yollarını davam etmişlər. Həmin ziddi-elmi, qeyri-əxlaqi və prinsipdən uzaq iş, sonralar müsəlman tarixçilərini də aldatmışdır.

 

Həmin saxtakarlıq ortada bir maneə olaraq, bu ərazidə yaşayan xalqların həqiqi tarixini araşdırmağa əngəl törətmişdir. Buna baxmayaraq həmin xalqların həqiqi tarixləri, yunan və rum tarixçilərinin əsərlərində öz əkslərini tapmışdır.  (Avropa xalqları, Rum İmperatorluğunun əsarət zəncirlərini qırandan sonra və milli istiqlal dövlətlərini qurandan sonra, öz həqiqi tarixlərini araşdırıb, üzə çıxarmaqla bərabər, digər xalqların tarixlərindən müəyyən həqiqətləri də araşdırmışlar. Xüsusilə XIX əsrin əvvəllərində Avropa xalqları, müxtəlif milli qurtuluş mübarizələrinin sayəsində keçmiş imperiyaların coğrafi ərazilərinin xəritələrini dəyişdirərək, öz milli tarixi əsaslarına, dil xüsusiyyatlarına, milli adət-ənənələrinə uyğun olaraq milli dövlətlərini yaratmışlar. Həmin xalqların ziyalıları və nümayəndələri qələbədən sonra əldə olan qədim yunan və rom yazılarında öz tarixlərini araşdırıb, üzə çıxartmış və bizim regionda yaşayan xalqların tarixi əsərləri ilə rastlaşanda, onları qeydə almaqla bərabər, bizim kölgədə qalmış tariximizin qaranlıq məqamlarını işıqlandırmağa səy göstərmişlər. Elə həmin səylər əsasında, müraciət etmək üçün yüzlər kitab mövcüddur.)

 

Bu kitabların möhtəvasından aydın olur ki, bizim regionda müxtəlif hökümətlərin iş üstə gəlməsinə və müəyyən dəyişikliklərin baş verməsinə baxmayaraq, türklər və qeyri-fars xalqlar həmin məntəqədə müxtəlif yollarla öz dövlətlərini qoruyub saxlamışlar. Uzun əsrlər boyu öz varlıqlarının təmsilçisi olan bir faktor kimi bu dövlətləri yaşatmışlar. Elə buna görə də ərəblərin hücumu səbəbindən Sasani İmperatorluğu məhv olduğunda, Azərbaycan dövləti uzun illər öz stratejiki vəziyyətini qoruyub saxlamışdır. Buna misal azərbaycanlıların qəhrəman atası olan Babək, Azərbaycan türklərinə arxalanaraq, 22 il ərəb istilasına qarşı vuruşmuşdur. Ancaq Babək, erməni olan Səhl ibn-Sunbatın, fars olan Əfşinin xəyanəti nəticəsində, ərəb hakimi əl-Mötəsəmin əlinə keçdi –baxmayaraq ki, Babəkin rəhbərlik etdiyi Azərbaycan hərəkatı söndürüldü və azərbaycanlılar islam dinini qəbul etdilər, lakin azərbaycanlılar öz milli kimliklərini, vətənləri olan Azərbaycanı və dilləri Azərbaycan türkcəsini qorumaq üçün fürsət əldə etdikdə, ərəblərə qarşı üsyan etdilər. (Son illərdə, hər il Babəkin doğum günü, Babək qalasına 100 minlərlə azərbaycanlıların toplantısı göstərir ki, işqalçılara qarşı azərbaycanlıların mübarizəsi sona çatmamışdır.)

 

Azərbaycanlılar, tarix boyu təkcə ərəblərə qarşı yox, bəlkə hər hansı bir təcavüzkar və işqalçı və istilaçı qüvvələrə qarşı, şücaət və şərafətlə öz ana yurdu, milli mədəniyyəti və kimliyi, ana dili və xalqından müdafiə etmişlər. Bu xarakter təkcə türklərin müştərək xüsusiyyəti yox, bəlkə digər millətlərin də xasiyyətini təşkil edir. Elə həmin xarakterə əsaslanaraq, türklər bütün təcavüzkar qüvvələri məntəqəmizdən qovmuşlar və min ildən artıq möhtəşəm dövlətlər və imperatorluqlar –o cümlədən Qaraxanlılar, Tulunoğlular, Ağşidlər, Qəznəvilər, Səlcuqlar, Atabəylilər, Teymurilər, Qaraqoyunlu və Ağqoyunlular, Səfəvilər, Əfşar və Qacar kimi sülalələr bu torpaqlara hakim olmuşlar.

 

İslam imperayasından sonra, türklərin min illik hökümətləri dövründə, digər xalqlar arasında bərabərliyin təmin olması, Ərdəşirin şovinisti əfkarının kənara qoyulması və onun unudulmağına səbəb olmuşdur. Həmin milleniumda məntəqənin xalqlarının dili və mədəniyyəti, feodalizmin bağlı və məhdud imkanlı iqtisadi-siyasi sisteminə baxmayaraq, astaca olsa da öz təbii məcrasında inkişaf etdirilmişdir. Türk imperatorluqları, şərqdən İspaniyaya və Cənubi Afrikaya qədər əhatəsində olan ölkələrdə, istərsə elm, istərsə də incəsənət və arxitekturada dəyərli hədiyyələri, islam dünyasına və başqa xalqlara miras qoymuşdur. Türk hökümətləri, başqa xalqlara ehtiram və etimad gözü ilə baxaraq, onarın arasında təbizə və ayrı-seçkiliyə son qoymuşdur. Türklər, həmin etimad əsasında, hətta öz imperatorluq tarixlərinin o dövrlərdə səbt edilməsinə də ehtiyac görməmişlər. Türklər, bütün xalqların dilinə, dininə və adət-ənənələrinə hörmət bəsləmiş, hətta onların inkişafına da yardım etmişlər. Belə ki, köçəri fars tayfasına edilən yardım, bugün onları yüksək bir şəraitə gətirib çatdırmışdır. Türk şair, alim və padşahları hətta farsların özündən artıq, bu yolda zəhmət çəkmişlər. Türk şair və yazıçıların 2/3 həmin dildə şahəsərləri yaratmış və öz millətlərinin mədəniyyət, təfəkkür və dünya görüşünü farsların ixtiyarında qoymuş, və bununla fars dilinə zənginlik bağışlamışlar. Elə həmin zəhmətlərin nəticəsində, fars dili dövlət dili səviyyəsinə gəlib çatmışdır. Əlbəttə ki, türk padşahları arasında da türk dilinə diqqət yetirmiş və türk dilini dövlət dili elan etmişlər var idi. O cümlədən Səfəvi İmperatorluğunun banısı Şah İsmayıl Səfəvi Heydəroğlu, Xətai təxəllüsü ilə, türk dilini dövlət dili elan etmiş və dünyadan köçəndə, üç şey Azərbaycan xalqına əmanətcə tapşırıb və həyatını dəyişmişdir: Azərbaycan qeyrəti, Azərbaycan türkçəsi, Azərbaycan ölkəsi.

 

O dövrdə Osmanlı İmperatorluğu, sərhədlərini qərb Avropayadək genişləndirmək istəyirdi. Həmin imperatorluq, digər türk dilli imperatorluğu, təhəmmül edə bilmirdi. Müstəmləkəçi Avropa isə, əlində və monopoliyasında olan Hindstanı əldən verməsin –deyə, dolayı yol ilə Osmanlı İmperatorluğunu, Şah İsmayıl dövlətinin əleyhinə təhrik edirdi. Çaldıranda baş verən müharibə, hər iki türk imperatorluğunu zəiflətdi. Şah İsmayılın canişinləri özlərini Osmanlı təhlükəsindən qorumaq üçün, paytaxtı Təbrizdən İsfahana –farsların arasına intiqal verdilər. Paytaxt məkanını dəyişməklə bərabər, türk alim, incəsənət, mədəniyyət yaradıcı adamlarını da İsfahanda topladılar. Qətiyyətlə demək olar ki, İsfahanda mövcud olan bütün tarixi abidələr, türk incəsənət, mədəniyyət və alim insanının zəhmətinin nəticəsidir. Hətta bugunkü İsfahanda olan əl-işləri, o dövrün yadigarlarıdır. Paytaxtın Təbrizdən İsfahana köçürülməsi, türk padşahlarının türk kütlələrindən uzaqlaşmasının və ayrılma prosesinin başlanğıcı və fars əşrafiyyətinin təsiri altına düşməsidir ki, nəticə Mahmud Əfqanlının Səfəvi İmperatorluğuna qələbəsi idi.

 

Nadir Şah taxta əyləşdi və əfqanlıları qovdu. Əfşar türklərinin imperatorluğunun sərhədlərini Hindistanadək genişləndirdi. Nəhayət, Qacar İmperatorluğunun növbəsi çatdı və paytaxt İsfahandan Tehrana köçürüldü. Təbrizin, vəliəhd-nişin şəhər kimi, rolu artdı və əhəmiyyət qazandı. Həmin dövrdə Asya qitəsində, Böyük Britaniya İmperiyası, Tsar Rusiyası ilə birləşərək Qacar İmperiyasının ərazilərini öz aralarında bölüşdürdülər. Britaniya Əfqanistana sahib çıxdı, ruslar isə Qacarla Azərbaycanı 1828-də Türkmənçay müqaviləsi əsasında ikiyə böldülər. Türkün igid oğlu Abbas Mirzanın 10 illik Tsar ordusuna qarşı müqavimətinə baxmayaraq, məğlub oldu. Elə həmin əsasda, rus və İngiltərənin nüfuzu get-gedə artdı və xalqları əsarət altında saxlamağa yeni imkanlar əldə etdilər. Qacar İmperiyası get-gedə zəiflədi, öz dayağını türk xalqının içərisində itirdi və türk xalqları bu məğlubiyyətlərin səbəbini düşünərək, hər iki istemarçı qüvvələrin əsarətindən qurtuluş yollarını axtarmağa başladılar. Mirzə Fətəli Axundov, Əbdülrəhim Talıbov, Hacı Zeynal Abidin Mərağei, Seyid Cəmaləddin Əsəd Abadi, o cümlə ziyalılardan idilər ki daxildə və xaricdə, dünyada baş verən hadisələrdən xəbərdar idilər və Fransanın ictimai inqilabını və dünyanın digər müxtəlif ölkələrində baş verən siyasi-iqtisadi inqilabları xalqımıza çatdırırdılar. Həmin ziyalılar, həm Şimali Azərbaycanda və həm də Cənubi Azərbaycanda istemara qarşı istiqlal yolunda mübarizə barədə çıxışlar etmiş, kitablar və məqalələr buraxmışlar. Bununla milli və siyasi şüurun inkişafına səy göstərərək, özlərindən dəyərli əsərlər yadigar qoymuşlar.

 

Şərq xalqlarının və məntəqənin türklərinin milli və müstəmləkəçiyə qarşı hərəkatlarının başlanğıcı, XIX əsrin sonları və XX əsrin əvvəllərinə təsadüf edir. İnqilablar başlanır, Türkiyədə Tənzimat Hərəkatı və Azərbaycanda Məşrutə İnqilabı baş verir. XX əsrin əvvəllərində xüsusi ilə Məşrutə Hərəkatı dövründə azadlıq və milli məsələ ortaya çıxır. Milli və azadlıq hərəkatı, xüsusilə Təbriz əhalisinin milli qiyamı, Qacar hökümətini Rusiya nüfuzundan xilas etmək, feodal sistemini kənara qoymaq, fərdi və ictimai hüquq və azadlıqlarını təmin etmək üçün meydana gəlmişdir. Həmin dövrdə həqiqətən Azərbaycan şəhərləri, Məşrutə İnqilabının qələbəsində həssas və həlledici rol oynadı. Azərbaycan xalqı müvəffəq oldu dəyərli qanunlar, o cümlədən əyalət və vilayət əncümənlərinin təsisini, konstitutiyada əks etdirsin. Əgər bu konstitutiyada, millət və milliyyətdən ad çəkilmir –belə ki, bu terminlər o dövrdən sonrakı zamana aiddir. Lakin, həmin dövrdə hərhansı bir şəhər və əyalətin əhalisi, o şəhərin “müsəlman milləti” deyə adlanırdı ki, sonralar vahid siyasi bir mə’na kimi başa düşülən “İran” termininin millət və milliyyət hüququ ilə heç bir əlaqəsi yoxdur. Məşrutə İnqilabınadək İran adlanan ölkə, əsasən türk əyam və əşraf, və Qacar höküməti adamları tərəfindən idarə olunurdu. Azərbaycanın varlı təbəqəsinin nümayəndələri, Qacar padşahları ilə fəalcasına əməkdaşlıq edirdilər. Azərbaycana mənsub olan hərbi hissə, Səltənətin əsas bazasını təşkil edirdi.

 

Məşrutə Hərəkatı dövründə həm yerli, həm mərkəzi hökümətdə, və həm də mövcud feodal sistemdə baş verən dəyişikliklər, Azərbaycan hökümətində əyaləti-əncümən kimi, Mərkəzi Hökümətində isə qeyri-türk xalqların siyasi təşkilatlarının nüfuzunun çoxalmasına səbəb olaraq, bu çoxalma həm kəmiyyət və həm keyfiyyət cəhətdən məclisdə və dövlət kabinetində öz əksini tapmışdı. Həmin dəyişikliklərin ümumi xarakteri, Qacar hökümətində aparılan islahat və onu modernizə etmək, istemarçıların istelalarına son qoymaqdan ibarət idi. Bu məqsədlərə çatmaq üçün, azərbaycanlılar özlərindən son dərəcə fədakarlıq göstərirdilər. Lakin, azərbaycanlılar müəyyən səbəblərə görə, o cümlədən öz vəziyyətlərindən düzgün təhlilin olmaması, milli kimlikdən tamam-kamal aydın düşüncənin mövcud olmaması, tərəqqipərvərlik qabiliyyətində olan siniflərin lazımı dərəcədə inkişaf etməməsinə görə, Məşrutə Hərəkatının nailiyyətlərindən lazımı qədər istifadə edə bilmədilər. Hətta Azərbaycan düşmənlərinin çirkin to’tələri, Məşrutə İnqilabının Səttarxan, Bağırxan və Heydərxan Əmioğlu kimi qəhrəmanların, mürtəcilər və istemarçı qüvvələrin nökərləri vasitəsi ilə qurban getmələrinə gətirib çıxartdı. Elə ki, Səttarxan, Təbriz əhalisinin qucağından ayrılır, Tehrana aparılır və erməni Yefremin to’təsi nəticəsində gülləyə tuşlanır və nəhayət Azərbaycanın milli qəhrəmanı həyatını itirir.

 

Bunlara baxmayaraq, həmin dövrdə milli və siyasi şüurun inkişafının təzahürü kimi, əncümənlərin yaranmasına və nəşriyyələrin işıq üzü görməsinə rastlaşırıq. 1917-ci ilədək Azərbaycanda milli və azadlıqsevər qüvvələr, ingilis və rus imperiyalarının əl-altısı olan Qacar höküməti ilə mübarizə aparırlar. Lakin Oktyabr İnqilabından sonra və Şimali Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında yaranan Azərbaycan Xalq Cumhuriyyətindən sonra, Azərbaycanın cənubunda və həm də Mərkəzi Hökümətdə milli və azadlıqsevər qüvvələrin nüfuzu get-gedə çoxalır. Və nəhayət, 1920-də Azərbaycanda Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında, azadlıq və istiqlal hərəkatı güclənir, və Azərbaycanda müstəqil Azadistan höküməti Böyük Britaniya istemarı və onun tərəfdarlarına qarşı vücuda gəlir.

 

Şeyx Məhəmməd Xiyabani, Səttarxanın və “Qeybi” əncüməninin rəhbərlik etdiyi 1908-1909 illərindəki Təbriz qiyamında iştirak etmiş, Azərbaycan türklərinin milli şüurunun ali dərəcədə inkişafının şahidi olmuş, eyni zamanda prosesdə iştirak edən və yetişmiş bir şəxsiyyət idi. Bu hərəkat hətta Qacar ailəsinə öz təsirini bağışlamış və onlarda Avropa iste’marçılarına qarşı ruhiyyəni yüksək dərəcəyə qaldırmışdı. Belə ki, İngiltərənin nökəri olan Vüsuquddövlənin 1919-cu ildə təklif etdiyi təhqiramiz müqaviləni, müxtəlif təzyiqlərə baxmayaraq Əhməd şah Qacar, rədd etdi. Və bu da Əhməd şahın, qərb istemarçılarına qarşı mövqeini göstərdi. Lakin, 1921-25-ci illərdə sosial-demokrat Əhməd şah Qacarın əfkar, demokratizasyon və modernizasyon planlarından, istemarçılara bağlı olan təbəqələr, Firəngistandan qayıdan ziyalılar, xüsusilə Qacarın hərbi ali rütbə məmurları qorxuya düşdülər və Qacar Hökümətini kodeta vasitəsi ilə devrildib, Rzaxanı səltənətə gətirdilər. Təbii ki, bu işdə Fransa və İngiltərə istemarçıları, məntəqənin yeraltı və yerüstü sirvətlərini ələ keçirmək üçün, əsas rolu oynayırdılar. Onlar bu barədə bir neçə planı –o cümlədən biri federativ sistemin tə’sisi, digəri isə kodeta yolunu nəzərdə almışdılar ki, nəhayət Rzaxan və Seyid Zia Təbatəbainin vasitəsi ilə kodeta variantını həyata keçirtdilər. “Yeni İran” adlı proyektin sahibləri və icraçılarının məqsədi, İran çərçivəsində idarə edici sünnəti federativ sistemi dəyişib, qeyri-fars millətlərə zindan yaratmaq idi. Bu irticai proyekt, 3 isfənd kodetasının komandanı –general Ayrımsayd ilə Ərdəşir Ceyreporterin vasitələri ilə həyata keçirildi. Lakin, Ayrımsaydlar senaryonun pərdə arxasında idilər. Rzaxanın əli ilə görülən “modern ordu yaratmaq”, “kostyum geymək”, “qadınların kalağaylarını götürmək”, “modernləşmə” və bu kimi “islahat” adlanan işlər tamamilə süni, qondarma və formalite idi. Tarix göstərdi ki, Rzaxanın “modern ordusu”, 1320-ci ilin şəhrivər ayında 2 saat müqavimət göstərə bilmədi və qoşun tamamilə məhv oldu.

 

Problemlərin həlli yolu kimi ancaq kodeta yolumu seçilməli idi? Görəsən ancaq İngiltərə idi ki, öz stratejiki mənafei üçün kodeta vasitəsini seçdi? Şərqdən Hind qitəsinin və qonşu ölkələrin vəziyyətini nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, oyanış prosesinin inkişafı, ancaq İngiltərə müstəmləkəçiliyinə qarşı idi və Mahadma Qandinin iste’mara qarşı mübarizəsi, güclənməsi, bütün iste’marçı qüvvələrin mənafeini hədələyirdi. Qonşu tərəfdən Qacar hökümətinə qarşı, bir hədə qorxu yox idi. Qərb istiqamətində Osmanlı imperatorluğu mövcud idi ki, birinci dünya müharibəsində məğlub olmuşdu və təcziyə halında idi. Şərq istiqamətində isə, Əmanullaxanın rəhbərliyində olan Əfqanistan öz daxili məsələləri ilə əl-bə-yaxa idi və Qacar hökümətinə qarşı müşkül törətmək məqsədi ola bilməzdi. Şimalda isə Tsar rejimi yıxıldıqdan sonra, sosialisti rejim iş üstə gəlmişdi ki, münasibətlərdə əsasi dəyişikliklər baş vermişdi və Qacar höküməti ilə yaxın əlaqələr qurulmaqda idi. Beləliklə, İngiltərədən başqa məntəqədə heç bir təhlükə mövcud deyildi.

 

Xatırlatmaq lazımdır ki, kodetaçıların, millətlərin inkişafında və onların istəkləri barədə təsəvvürləri, qeyri-vaqei və tamamilə irticai idi. O dövrdəki xalqların və bütün əyalət və vilayət sakinlərinin istək və təmayülləri, mövcud siyasi struktura çərçivəsində öz tarixi və təbii istiqamətində ardıcıl inkişaf edirdi. Həmin dövrdə bütün millətlər, inkişaf prosesini praktikada yoxlayırdılar və birinci dünya müharibəsində törənən müşküllərin həlli ilə məşqul idilər. Müharibənin sonunda, Rusiyada vəziyyət bam-başqa oldu və xalqlar bu hadisədən sevinərək arzu edirdilər ki, İngiltərə də xalqları öz başına buraxsın və onlar öz müqəddəratlarını özləri tə’yin etsinlər. Lakin İngiltərə, Qacar hökümətini azad buraxmadı ki heç, bəlkə regionda tam ağalıq etmək üçün, şəmsi il ilə 1299-kodetasını, həyata keçirtdi.

 

Qeyd etdik ki, İngiltərə və onun əl-altıları kodeta üçün zəmin yaratdılar. Xüsusilə Rzaxan vasitəsi ilə kodetanın fikri zəminini yaradan, “bir millət, bir dil və bir mədəniyyət” şüarını təbliğ edən satqın və fars şovinizminə qulluq edən ziyalılar idi. Eyni zamanda Sasani dövrünün xülyasında olan bu istilaçı imperiyanın fikrini həyata keçirdən, bir sıra türk varlı təbəqəyə mənsub olan ziyalı və bürokratik qruplar mövcud idi.

 

1304-cü ildə “Ayəndə” jurnalının 1-ci nömrəsi yazır: “İranın milli birliyi dedikdə, məqsəd bugünkü İran məmləkətinin hüdudlarında yaşayan əhalinin siyasi, ictimai və əxlaqi birliyi və vəhdətidir. Həmin milli vəhdəti təkmilləşdirmək dedikdə, məqsəd bundan ibarətdir ki, bütün məmləkətdə bir dil ümumiləşsin, əxlaq, geyim nöqtei-nəzərindən yerli ferqlenmeler məhv olunsun və birlikdə çalışılsın ki, bir dil, başqa əcnəbi dilin əvəzinə yayılsın. Bu işlər müntəzəm və plan əsasında dövlət vasitəsi ilə həyata keçirilsin. Teymur və Çingizin hücumlarından yadigar qalan xarici dildə olan coğrafi adlar, dəyişdirilsin”.

 

Berlində Həsən Tağızadə və Məhəmmədəli Camalzadənin fars dilində buraxdıqları “Kavə” jurnalı, fars dilinin tə’sir dairəsinin təbliğini genişləndirərək, İran mədəniyyət dairəsi, İran ərazi dairəsi və bu kimi terminləri yaymağa başladı. Bugün, həmin təbliğatın dairəsi, Çingiz Pəhləvanların vasitəsi ilə Çindən Keşmirə, Əfqanistandan Pakistana, Çin okeanından Oman dənizinə, Ərəb körfəzindən Qafqaza və Qara Dənizdən Orta Dənizədək genişlənibdir. Azərbaycanlıları, türkmənləri, qaşqailəri, aria irqindən hesab edirlər. Ərəbləri səhrada “gəzən köçəri” və “kərtənkələ yiyən” adlandırırlar. Dünyada yaşayan türklərə vəhşi deyib, taun abilə, traxum, malaria və sill xəstəliklərinin virusunu daşıyan adamlar hesab edirlər. Rəsmi olaraq qeyri-fars mədəniyyətlərə qarşı qadağalar və yasaqlar qoyaraq, Məşrutə İnqilabından əmələ gələn konstitutiyada dəyişikliklər aparıb, fars dilini rəsmi dil elan edib və bununla digər qeyri fars mədəniyyətlərə qarşı, psixolojik mübarizə elan edib, xüsusi ilə İranda yaşayan türklərə qarşı bütün sahələrdə təhriflər edib, şahtajlar yayıb, əritmə siyasətini ən yüksək dərəcədə həyata keçirməklə, tük, ərəb, türkmən, qaşqai, lor və kürdü, öz mədəniyyətindən, milli geyimindən, dilindən məhrum edib, fars dilini, fars geyimini və adət-ənənələrini həmin xalqlara zorla qəbul etdirməyə var gücü ilə çalışırlar. Təhsil sistemini tamamilə iranizm ideologiyasının xidmətində qoyaraq, qorxutmaq, hədələmək, iftira yaymaq və müttəhəm etmək vasitəsi ilə, qeyri-fars millətlərin dillərinin tam məhvinə xidmət edən əndişələri yaymağa cəhd edirlər.

 

Rzaxan, kodetadan sonra milli hökümətləri aradan apardı və qeyri-fars millətlərin hökümət başçılarını və tanınmış adamlarını həbs etdi və ya qətlə yetirdi, ölkənin coğrafi bölməsinin sərhədlərini dəyişdi. Bu dəyişikliklə 11 ustan və 49 şəhristan yaratdı. Hal bu ki, Qacar dövründə 4 ölkə əyalət və bir neçə vilayət, yarım-feodal sistemi ilə və sünnəti federalisti formada idarə olunurdu. Eyni zamanda Qacar imperatorluğunun sahəsi, bütün danışıqlar və yazılarda da Məmaleke Məhrusə adlanırdı.

 

Pəhləvi rejiminin idarə sistemini iki prinsiplə formullaşdırmaq olar: Birincisi, qeyri-fars millətlərin, milli kimliklərini inkar edib və onlara qondarma fars kimliyi vermək. İkincisi isə fars militarizminə dayanaraq, qeyri-fars millətlərin milli hərəkatlarını aradan aparmaq və əritmə siyasətini onların üzərində tətbiq etmək. Bu prinsiplər və farslaşdırma siyasətinin nəticəsində, məqsəd, tarixi və coğrafi məkanların adlarını dəyişdirmək, əhalinin adlarını və familyalarını farslaşdırmaq vasitəsi ilə, qeyri-fars millətlərin əritmə prosesini başladıb, millətlərin daxili tərkiblərini məhv etməklə qeyri-fars millətləri əksəriyyətdən əqəliyyətə yönəltmək və əqəliyyət farsları əksəriyyətə çatdırmaqdan ibarət idi. Elə həmin proses ki, İngiltərə, Əfqanistanda həyata keçirtdi. Qacar dövrünün idarə sistemini məhv etməklə başlayarkən, bugünədək həmin siyasət davam edir və onun nəticəsində, Həmədanı Azərbaycandan ayrıldılar. Sonra növbə, Ərakın (yə’ni Sultanabad) ayrılmasına gəlib çatdı. Daha sonra isə, Xəmsə (yə’ni Zəngan) vahid ustan kimi təqdim olundu. Və daha sonra, Azərbaycanın qalan hissələri, Şərqi Azərbaycana, Qərbi Azərbaycana bölünərkən, bir hissə Azərbaycanın torpaqları, Gilana və ya Mərkəzi Ustanın ixtiyarına verildi. Habelə, Azərbaycan ərazisinin hesabına, ustan yaratma metodu davam etdi. Bugün biz, Ərdəbil ustanı, Qəzvin ustanının və sabah başqa ustanların doğulmasının şahidi olacağıq.

 

Rzaxanın şovinizm üzərində qurulan siyasətinin təməlini, 1926-ci ildə Dr Əfşar belə formalaşdırırdı: “Türk dili qadağan e’lan edilsin. Türklərin bir hissəsi ölkənin başqa yerlərinə köçürülsün. Azərbaycanın sərhədləri dəyişdirilsin və Azərbaycan adının yerinə, başqa adlar verilsin”.

 

Həmin gündən bugünədək “Məhrusə Azərbaycan Məmləkəti” müxtəlif adlarla Azərbaycandan ayrılıb və Azərbaycan adı o məntəqələrin üstündən götürülübdür. Həmin siyasətin çərçivəsində, 10 minlər çayların, çöllərin, dağların, şəhərlərin və qəsəbələrin adları dəyişdirilibdir. Misal üçün: Acıçay -“Təlxrud”, Qızılözən -“Sefidrud”, Cığatı çayı -“Zərinərud”, Savucbulağ -“Mahabad”, Miyancı -“Miyana”, Qaraeyn -“Siyah Çeşmə”, Xiyav -“Meşkinşəhr”, Baxış -“Bəxşayiş”, Ocan -“Bostanabad”, Tufarqan -“Azərşəhr”, Urumiyyə -“Rzaiyyə”, Ənzəli -“Pəhləvi”, Səlmas -“Şapur”, Tatau -“Siminerud” adlarını, saymaq olar. Bu arada fars dilinə dəyişilən adların səbəbini türk original adların münasib olmadığını iddia edənlər, elə fars adları seçiblər ki, mə’nada qat-qat təhqiramiz ifadələri özlərində daşıyırlar. Sarıçayın adı yə’ni “Rudezərd”, “Sariqiyyə” adı ilə dəyişdirilib -yə’ni “Məhəlle dozdan”. Sarıqayanın adı yə’ni “Səxreye rəvan”, “Əhməqiyyə” adı ilə dəyişdirilir və s. Bu siyasət digər məntəqələrdə, o cümlədən Türkmənsəhrada, Xozestanda, Kürdüstanda və sair qeyri-fars bölgələrdə həyata keçirilir. Misal, Ağqala –Pəhləvidejə, Türkmən Bəndəri –Bəndəri Şaha və s adlara dəyişdirilibdir.

 

Digər qeyri-fars millətlər üzərində “bir millət, bir dil, bir ölkə” və ümumiyyətlə fars şovinisti siyasətini yürütmək, Rzaxan hökümətinin gündəlik fəaliyyətinə çevrildi. 1930-cu ildə, fars dili ölkənin rəsmi dili e’lan edildi. Məktəblərdə cərimə sandıqları, qeyri-fars millətlərin uşaqları üçün dair oldu. Qeyri-fars dillərdə yazıb-oxumaq, kitab çap etdirmək, qəzet buraxmaq, yasaqlandı. Nəhayət iste’mar və irtica, fars mərkəzli bir sistemi, İran adlı bir mif və utopia möhtəvası ilə diriltdi –hansı ki, həmin utopiaya ancaq Firdovsinin “Şahnamə”sində rast gəlmək olardı. Bununla bərabər, başqa bir rasisti əndişəni, müxtəlif sənəd və yazıları, tarixi abidələri cəəl etməklə, hansı bir mo’hum aria irqini güya hardasa hind-avropa tayfaları ilə əlaqədardır –deyə,  qondarma şəkildə yaradıb və həmin rasisti iranizm fikrini təbliğata qoyaraq, başqa millətləri məhv etməyə çalışmışlar. Və bu çalışmaların və farslaşdırmanın adını, Kəsrəvinin dili ilə desək, “təmizləmək” adlandırmışlar. Həmin rasisti əndişənin əsasında Azərbaycan türkünə “azəri” deyib, onun kökünü də qədim fars dilinin kökünə bağlamışlar. Sonralar həmin nəzəriyyənin şagirdləri, daha “inkişaf” edib, Azərbaycan türklərinin fars köklü olduqlarını iddia etmişlər. İste’marın quraşdırdığı və irticanın cilalandırdığı əritmə nəzəriyyəsi, bugünədək həyata keçirilməkdədir. Hal bu ki, Azərbaycan, Türkmənsəhra, Bəluçistan, Kürdüstan və əl-Əhvaz (Xozestan) xalqları özünə məxsus müstəqil dilləri, adət-ənənələri, mədəniyyət və incəsənətləri, tarixi abidələri, müsiqiləri və müstəqil əraziləri vardır ki, hərəsinin öz növündə, özünə məxsusluğu var və bu da tarixdə səbt edilmişdir. Heç bir qüvvə müxtəlif sün’i metodlara və zorakılığa arxalanmaqla, millətləri öz ərazilərindən, dilindən, mədəniyyətindən və tarixindən ayıra bilməz.

 

Əritmə siyasətinin tənzim və həyata keçirilməsinin birinci günündən qeyri-fars millətlərin müxtəlif növdə e’tirazları başlanmış, o cümlədən Azərbaycanda 1927-ci ildə Rzaxan iş-üstə gəldikdən sonra, çəp cərəyana qoşulan çoxunluğu təşkil edən azərbaycanlılar, bu mübarizədə öncül rolu öz üzərlərinə götürmüşlər. Birinci dəfə olaraq, öz sənədlərində ölkəni çoxmillətli adlandırmış, və hakim dairələrin şovinisti siyasətini ifşa etməklə bərabər, millət və onu təşkil edən ərazi, mədəniyyət, ruhi xüsusiyyat, dil və adət-ənənədən aydın təriflər və ifadələr bəyan etmişlər. Pişəvəri həmin mübarizənin ön sırasında olmuşdur.

Pəhləvi rejimi, şovinisti iranizm təfəkkürünü müxtəlif imkanlarla həyata keçirməkdə hərbi və idari sistemləri özünə vasitə qərar verərək, totaliter bir höküməti formalaşdırmağa çalışmışdır. Bu siyasəti həyata keçirdikdə, iste’marın və istismarın təmsilçiləri ön sırada fəaliyyət göstərmişlər. Bu yeni meydana gəlmiş ictimai qrupun, əyalətlərdə, millətlər arasında heç bir dil və mədəni-genetiki əlaqələri olmamışdır və xalqlar arası tam əcnəbi və xarici bir qüvvə kimi tanınmışdır. Yerli olmayan həmin qeyri-milli qüvvələr onları xarakterizə edirdi. Qeyri-fars millətlər, onlardan narazı olaraq, gündən-günə Mərkəzi Hökümətdən uzaqlaşırdılar.

 

Əritmə siyasətinin anti-tezi, xalqların milli azadlıq hərəkatı idi. Vaxtaşırı Azərbaycanda və başqa məntəqələrdə milli hərəkat get-gedə güclənirdi. İkinci dünya müharibəsi başlanan bir vaxtda, Rzaxanın faşisti təmayülləri və Hitler ilə bir cəbhədə olduğu aşkara çıxdı. Elə buna xatir, Rzaxan, İngiltərə və digər müttəfiqlər tərəfindən kənara qoyuldu. Böyük bir fürsət əldə edildi ki, qeyri-fars millətlərin fars mərkəzli sistemə və mərkəzi hökümətə qarşı aydınca mənfi münasibətləri bildirilsin. Azərbaycanda və digər məntəqələrdə zəngin və geniş möhtəvalı milli-ictimai hərəkat formalaşıb üzə çıxdı. 21 Azər, Azərbaycanın Milli Hərəkatı, Pişəvərinin rəhbərliyi ilə 1945-ci ildə qalib gəldi. Qazi Məhəmmədin rəhbərliyi, Kürdüstan hərəkatı 2 bəhməndə müvəffəq oldu. Hər iki hərəkat Rzaxanın asimilasya siyasətinin anti-tezi idi. Məzmunca azərbaycanlıların və kürdlərin milli və siyasi şüurunu əks etdirirdi. Məşrutə İnqilabından sonra ikinci mərhələ idi ki, milli dövlətlər, yüksək milli şüuru özündə əks etdirməklə bərabər, milli dövlətin bütün simvollarını, o cümlədən milli pul, sərhədlər, milli təhsil sistemi, milli ordu, milli polis, milli məclis və milli dil, daxili-xarici milli vahid siyasət sistemi Azərbaycanda və başqa yerlərdə üzə çıxdı. Bu hərəkat, bir sistemin ki, çalışırdı Azərbaycanı əridib məhv etsin, özünü məhv etdi. Bu dövrdə qeyri-fars millətlər, imkan əldə etdilər ki, öz vətənpərvərliklərini, xalq sevərliklərini, öz mədəniyyətlərinə sevgilərini bəyan etsinlər və hər cürə əcnəbi boyunduruğundan istərsə iranizm, farsizm və ariaizmdən azad olub, öz milli mənafe’ləri uğrunda çalışarkən, onu hər şeydən üstün görsünlər. Əlbəttə Azərbaycanda müəyyən bir qrup var idi ki, fars şovinizminin xeyrinə fəaliyyət göstərirdi və mənfəətlərinin Mərkəzi Hökümətin mənfəətləri ilə üst-üstə düşdüyünə inanırdı. Məhəmmədrza Pəhləvi həmin qrupun və xarici müttəfiqlərin köməyi ilə Azərbaycanın və Kürdüstanın milli hərəkatını bir ildən sonra devriltdi və Arteşbud Fərdustun yazdığına əsasən, Azərbaycanın şərif və fədakar qız və oğullarını qətl’am edilib, 100 minlərlə azərbaycanlını həbsə və sürgünə göndərildi. Milli dövlət, milli məclis, milli qurultay və Azərbaycan Demokrat Firqəsi, Azərbaycanın siyasi səhnəsindən kənarlaşdırıldı. Bunlara baxmayaraq, Azərbaycan xalqı bir millət kimi özünə məxsus xarakteri, varlığı, adət-ənənəsini və dilini qoruyub saxlamış və tarixi torpaqlarını unutmamış, milli hərəkatını tarixdə səbt etmişdir. Bu hadisədən sonra, tarix göstərdi ki, qeyri-fars millətlərin mübarizələri, millətlərin öz müqəddəratını tam istiqlaladək tə’yin etmək hüququ çərçivəsində və özlərinin dili, mədəniyyəti və ərazisini qorumaq əzmində həmişə gündəmdə olacaqdır.

 

Tarixin irticaya və iste’mara bu kimi verdiyi dərslərə baxmayaraq, Məhəmmədrza Pəhləvi, atası Rzaxanın qeyri-fars millətləri əritmə siyasətini davam etdi. Lakin Azərbaycanın həqiqi övladları və ziyalıları, öz ana vətənlərinin keşiyində dayanaraq, 21 Azər Hərəkatının nailiyyətlərini bərpa etmək üçün və Azərbaycan türkcəsini bir silah kimi bu yolda qoruyub və istifadə etmək üçün, mübarizəni ardıcıl olaraq davam etdilər. Şəhriyarın “Heydərbabaya Salam” türkcə poeması, bu mübarizəyə 1954-cü ildə yeni bir təkan verdi. Azərbaycanlı şair və yazıçılar, bir tərəfdən, Məhəmmədrzaşahın diktatorluğu ilə mübarizə edirdilər. Digər tərəfdən isə, öz ana torpaqlarını, onun gözəl təbiətini, dağı-daşı, çayı-çölü, yeraltı-yerüstü sirvətlərini, xalqının əməyi və ona qarşı olan iste’marçı qüvvələri Azərbaycanın şəhər və kəndlərinin düşdüyü acınacaqlı iqtisadi vəziyyəti qələmə alıb, dünyanın göz önünə gətirirdilər. Yeraltı mübarizə yolları ilə də olsa, xalqımızın folklorunu, əfsanələrini, qəhrəmanlarının həyat yollarını və tarixini toplayıb gələcəyə yadigar qoyurdular. Həmin gələcək uzaq çəkmədi. Qəhrəman Təbrizin əhalisinin 29 bəhmən qiyamı gəlib çatdı. 1 il həmin qiyamdan sonra, 1979-cu il fevralın 23-ndə, ziddi-səltənət inqilabı qələbə çaldı. Qeyri-fars millətlər, xüsusilə azərbaycanlılar, öz milli və mədəni, iqtisadi mənafe’ləri üçün bu inqilabın qələbə çalmasında ən çox fədakarlıqlar göstərdilər.

 

İnqilabdan sonra hakimiyyətə gələn totaliter, teokratik İran İslam Cumhuriyyətinin diktatorluğu başlayanadək, qeyri-fars millətlər, o cümlədən azərbaycanlılar, öz milli və siyasi-sinfi təşkilatlarını ələni şəraitdə yenidən bərpa etmək üçün fürsət əldə etdilər. Azərbaycan Demokrat Firqəsi, 22 şəhərdə öz təşkilatını bərpa etdi, Azərbaycan Azadlıqsevər Firqəsi, Azərbaycan Araşdırma Mərkəzi, Azərbaycan Mədəni Cəmiyyəti, Azərbaycan Yazıçı və Şairlər İttifaqı, Xalq Müsəlman Partiyası, fəaliyyətə başladılar. Burada, türk dilində yeni təqvim, aylıq jurnallar, həftəlik qəzetlər, partiya və cəmiyyətlər orqanları, o cümlədən “Azərbaycan”, “Çənlibel”, “Ulduz”, “Odlar Yurdu”, “Araz”, “Molla Nəsrəddin”, “Yoldaş”, “Azərbaycan Səsi”, “Azadlıq”, “Xalq Sözü”, “Varlıq”, “İrəli”, “Dan Ulduzu”, “İşıq”, “Koroğlu”, “Muştuluq” və “Yazmacanın” nəşr olunmasını xatırlatmaq olar. Bu partiyalar, cəmiyyətlər və nəşriyyatın əsas hədəfləri, azərbaycanlıların həyat tərzi və yaradıcılıqlarını onların milli hüquqlarının təmini barədə fikirlər, incəsənət, dil, milli coğrafiyasında baş verən hadisələrdən ibarət idi. Eyni zamanda, ən əsas vəzifələri keçmiş rejimdən qalmış anti-Azərbaycan və qeyri-fars millətlərin əritmə siyasətini ifşa etmək idi. Həmin fəaliyyətlər göstərirdi ki, qeyri-fars yeni nəsillərin milli ziyalıları meydana gəlmiş və öz millətlərinin mənəvi həyatlarına müstəqil baxış və dünya görüşləri vardır. Həmin görüşlər əsasında, öz millətlərinin azadlıq yolunda mübarizə aparırlar. Lakin bu dəfə də, atalar demişkən “köhnə hamam, köhnə tas”, və ya başqa sözlə desək “qapı qədim dabanlıqla fırlandı”. Rzaşah və Məhəmmədrzaşah dövründə yaradılan fars mərkəzli sistem, əldəyilməmiş qaldı və qeyri-fars xalqların azadlığı və qurtuluşu yolunda əsas mane’yə çevrildi.

 

İran İslam Respublikasının rəhbərləri İraqla müharibəni –hansı ki, özləri ona damən vurmuşlar, bəhanə edərək “islam təhlükəyə düşməsin” deyə qeyri-fars millətlərin milli hərəkatlarını əzib dağıtmağa başladılar. Bu cərəyanları təmsil edən siyasi qüvvələri məhv edərək, inqilabdan doğulan demokratiyanı aradan qaldırdılar. Türkmənsəhrada Qümbət şəhərinə, Kürdüstanda kürdlərə, Azərbaycanda Azərbaycan türklərinə hərbi hücumları təşkil etdilər və bu hücumlarda qeyri-fars millətlərin igid övladlarını öldürdülər. Aydındır ki, hər bir insanın öz ev-eşiyindən və vətənindən müdafiə etməsi müqəddəs bir işdir və təqdirə layiqdir. Qeyri-fars millətlərin müqəddəs mübarizələri, inqilabdan bugünədək, 24 ildir ki, davam edir. Rejim isə, qeyri fars millətlərin müxtəlif yollarla 15-ci və 19-cu maddələrin həyata keçirilməsini tələb etmələrinə baxmayaraq icra edilməsindən boyun qaçırır. Məşrutə dövründə yazılan əsas qanunun 40 il kağız üstə qaldığı kimi, bu maddələr də kağız üstə qalıbdır. Hakimiyyət başçılarının əqidəsincə, anayasanın həyata keçirilməsi gərəkli deyil. Onlar çıxışlarında təkid edirlər ki, qeyri-fars millətlərin dilləri, o cümlədən Azərbaycan türkcəsi, türkməncə, kürdcə və ərəbcənin tədrisinə ölkədə ehtiyac yoxdur. Onlar həmişə, fars dili və mədəniyyətini təbliğ edərək, digər millətlərin mədəniyyəti və dillərini nəhayət dərəcədə təhqir etməklə məşquldurlar. Şovinisti siyasətlərinin əsas məzmunu, fars dili və İranın ərazi bütövlüyünü tabu kimi tanıtdırmaq və islam bayrağı altında qeyri-fars millətləri hüquqlarından məhrum etməkdən ibarət idi. Dövlət orqanları, “səbt əhvaldan” tutmuş uşaq tərbiyə mərkəzlərinədək qədim mədəniyyət mirasları, təhsil sistemi, radyo və televizor, “bəsic”, “sipah”, ordu, SAVAMA, prezident aparatı, məclis, vilayəti fəqih orqanları, dövləti və qeyri dövləti fondlar, həmçinin iqtidarda və müxalifətdə olan partiyaların aktivləri, Vərcavəndlər və Cüneydlər kimi fars şovinistlərinin əməkdaşlıqları ilə ümumiyyətlə qeyri-fars millətlərin tələbatı qarşısında vahid bir sistem yaratmışlar və qeyri-fars millətlərin məhvinə doğru fəaliyyət aparırlar.

 

Xatırladaq ki, bu vahid sistemin dağılması baş verməzsə, qeyri-fars millətlərin azadlıqları və qurtuluşları mümkün deyildir. Qeyri-fars millətlərin dövlətlərini yaratmaq və istiqlallarını əldə etmək, bu fars mərkəzli sistemdə qeyri-mümkündür. Hərhansı inqilab baş versə də, və yaxud hərhansı tərəqqipərvər qanunlar keçirilsə də, fars mərkəzli sistemin çərçivəsində, icraedilməz qalacaq və onların icrası edilməsi tələb edildiyi halda, əvvəlki bəhanələr təkrarlanacaq.

 

Bəziləri qeyri-fars millətlərin məhrum qaldıqlarının səbəbini mövcud sistemdə və onun funksya ilə hədəflərində yox, bəlkə üzdən iraq “mərdumsalari” bir iqtidarın olmamasında görmək istəyirlər. “Mərdumsalar” və ya xalq hakimiyyətinin məzmunu, bu ağaların söylədiyi fikirlərlə desək, nəhayət elə həmin fars hakimiyyətinə gəlib çatır. Və fars hakimiyyətində də təbii ki münaqişələr ancaq bu və ya başqa fars qrupun iqtidara gəlməsi və qeyri-fars millətlərini əritmə siyasətinin müxtəlif yollarından ibarətdir. Ağaların və’də etdikləri “xalq hakimiyyətində”, beynəlxalq qanunlarda qeyri-fars millətlərə aid olan hüquqlar, öz əksini tapmamışdır. Burada müxalifətdə və iqtidarda olan bə’zi partiyaların və təşkilatların mövqe’inə işarə etmək yerinə düşər. “İranın Xalq Mücahidlər Təşkilatı”, səltənət tərəfdarlarının müxtəlif qanadları, Fəhlə Kommunist Partiyası, cumhuriyyət tərəfdarları, milli cəbhənin müxtəlif orqanları və tərəfdarları ilə qanadları, verdikləri proqramlarda qeyri-fars millətlərin hüquqlarına tam e’tinasız yanaşaraq və gahdan bu hüquqlara qarşı tam zidd çıxdıqlarını bəyan edirlər. Müxalifətin başqa qrupunu təşkil edən müxtəlif Fədai Təşkilatları, Hizb Tude İran, Əksəriyyət, öz məramnamələrində millətlərin öz müqəddəratını təyin etmə hüqularını xatırlatsalar da, fars dilinin başqa xalqlara təhmil edilməsini, İranın ərazi bütövlüyünün qorunub saxlanılmasına müxtəlif bəhanələr ilə təkid edirlər. Rahe Kargər təşkilatı isə, saydıqlarımızdan bir addım irəli götürürərək, qeyri fars millətlərin istiqlalı ilə müxalif olmadıqlarını bəyan edirlər. Həmin təşkilat 6-cı qurultayının qətnaməsində xatırladır: “İran xalqlarının birliyi, ancaq bir federativ respublikada modern bir konstitutiya ilə mümkün ola bilər. Elə bir konstitutiya ki, orada vətəndaşların bərabərhüquqluğu qorunur, bütün millətlərin öz müqəddəratını təyin etmə və kamil surətdə ayrılma haqqını və müstəqil dövlət qurma və ya muxtariyyət əldə etməsi razılıqla qarşılanır, və hər bir millətin könüllü olaraq, həmin federativ cumhuridə daxil olmağı, rəsmiyyətə tanınır”.

 

Zülm altında yaşayan millətlərin istiqlalı ilə müxalifətdə olmamaq mühüm bir addımdır. Lakin əsas, bu işdə fəaliyyət aparmaq da lazımdır. Keçmiş Sovet İttifaqının əsas qanun maddələrinin birində, tam ayrılma haqqı mövcud idi. Lakin, 70 il həmin haqq kağız üstə qaldı və müxtəlif bəhanələr ilə başqa qeyri-rus millətlərin hüquqları tapdalandı. Əritmə siyasəti onların üzərində tətbiq olundu, top və tank ilə e’tirazlara cavab verildi. Bakıda 1990-cı ilin yanvar ayında, Tiflisdə və Alma-atada əhali üzərinə atəş açmaq və yaxud Stalin və onun canişinləri vasitəsi ilə qeyri-rus millətlərdən kütləvi olaraq 100 min nəfərlə sürgünə göndərilməsi, dediklərimizə sübutdur. Bügunkü federativ Rusiya hökümətinin çeçenlərə qarşı törətdiyi müsibətlər də göz qarşısındadır. Təcrübə göstərdi ki, həmin imperiyanın dağılmasından sonra, burada yaşayan xalqların istiqlalı, beynəlxalq hüquq normaları əsasında mümkündür. Belə ki, 1991-ci ildə, 15 respublika, o cümlədən Azərbaycan Respublikası, istiqlalına nail oldu. Regionun siması dəyişildi və böyük dəyişikliklər mühüm kateqoriyaların tərifində o cümlədən hakimiyyət, siyasət, insan, mədəniyyət, tarix barəsində baş verdi və xalqların tükənməz energiyaları öz azadlıqları yolunda, iqtisadi fəaliyyətləri üzərində, mədəni çiçəklənmələri barədə, tərəqqi və inkişaf yolunda azad edildi. Bununla böyük bir mane’ aradan qaldırıldı.

 

Qeyd edək ki, dövrümüzün əsas məzmunu, milli qurtuluş inqilablar dövrü və azadlıqsevər və istiqlalçı qüvvələrin inkişaf dövrüdür. Köhnə müstəmləkəçilik sistemi dağıldı və onlarca böyük və kiçik millətlər öz müqəddəratını təyin etmə hüququna nail oldular və müstəqil dövlətlərini yaratdılar. Belə bir şəraitdə, nə üçün qeyri-fars millətlər də, istiqlal sahibi olmasınlar? Bizcə, qeyri-fars millətlərin fədakarlıq və işbirliyini yeni bir fars mərkəzli hökümətin iş üstə gətirilməsi istiqamətində səfərbər etməməliyik. Çünki həmin fars höküməti, çomaq kimi qeyri fars millətlərin başının üstündə dayanacaqdır. Əksinə, qeyri-fars millətlərin birliyi və əməkdaşlığını, ancaq hərhansı mərkəzi hökümətin əleyhinə yönəltmək lazımdır ki, onların azadlığa gətirib çıxartsın. Bizcə, qeyri-fars millətlərin hər tək-təki öz xalqlarının və ölkələrinin idarə etmə məsuliyyətini öz üzərinə götürməlidirlər və mədəni, iqtisadi, ictimai və inkişafa doğru fəaliyyətləri təşkil etməlidirlər.

 

Bugün mərkəzi dövlət tərəfindən həyata keçirilən siyasət -hansı ki Rzaşah dövründən tənzim olunmuşdu, əsas məqsədi millətlərin özünəməxsusluğunu, dilləri, mədəniyyətləri, ictimai və iqtisadi inkişaf dərəcəsini hətta coğrafi və iqlim şəraitini nəzərdə almır, üstə gəl milli sitəm tətbiq etməklə “bir millət, bir dil, bir ölkə”, paniranisti və panfarsisti və ümmətçi ideologiyaları ilə həyata keçirilən son 80 ilin ərzində, qeyri-fars millətlərin öz müqəddəratını tə’yin etməsinə qarşı, demokratiyaya qarşı, bərabərliyə qarşı olmuşdur. Həmin siyasətin kökü, beynəlxalq hüquqlara göz yummaq, kodetalara əl atmaq, qanlı hücumlar və dəhşətli müharibələri təşkil etmək, misal üçün 3 isfənd kodetası, 21 Azər Hərəkatını devriltmək, 28 mordad kodetası, 8 illik İraqla müharibə, 1367-ci ildə siyasi məhbusların zindanda kütləvi qırğınına işarə etmək olar.

Qeyri-fars millətlər bu yolda böyük mali-cani tələfatlar və zərərlər görmüşlər. Və ən yaxşı övladlarını, həbsdə, işkəncədə, dar ağacında, sürgündə qurban vermişlər. Bugün də bu qurban vermələr davam edir və diktator, müstəmləkəçi və teokratik istismarçı fars rejimi qeyri-fars millətlərin qarşısında və onların milli istiqlal yolunda, əsas mane’ni təşkil edir. Tarix göstərdi ki, sosialisti dünyada millətlərin bərabərhüquqluğu, istiqlallarına hörmət olmayan bir yerdə demokratiyadan və bərabərlikdə və birlikdən danışmaq mümknü deyil. Bizcə hərhansı bir totaliter rejim, reformla və ya istərsə inqilabdan törənib İranda iş üstə gəlsə də, başqa bir fars mərkəzli bürokratik bir sistemə çevriləcəkdir ki, qeyri-fars millətlər siyasət səhnəsində zəif tamaşaçılar olacaqlar. Çünki həmin totaliter sistemin əsası qüdrətin təmərküzünə, milli zülmün həyata keçirilməsinə və qeyri fars-millətlərin əridilməsi üzərində köklənmişdir. Həmin sistemin nizam-intizam qüvvəsi, əzici maşın kimi qeyri-fars millətlərin zərərinə işləyir. Bu maşını həmişəlik işdən salmaq, həqiqi bir zərurətdir.

 

Son 80 ilin hadisələrindən alınan təcrübə bizə göstərir ki, yaranan mərkəzi hökümətlər tərəfindən hər cürə demokratiya, xalqların hüquqları, ictimai-ədalətin tə’mini barədə verilən sözlər və və’də-vəyitlər, boş sözlərdən başqa bir şey deyil. Son 80 ildə təcrübə etdik ki, İran adlanan yerdə, mərkəzi hökümətdə nə demokrat var, nə demokratiya və nə də demokratiyanın qurucu mexanizmi.

 

Avropa siyasətçilərinin və partiyaların stilləri belədir ki, hər nə barədə və’də verilirsə, əməl edilir. İran adlanan yerdə inqilab baş verdiyi dövrdə istisna olmaqla, iqtidara gələn şah, şeyx və başnazir, vəkillər və vəzirlərin verdiyi və’dələri, yalan, totə’, hiylə, məkir, və demaqoqluqdan başqa bir şey deyil. Sözün qıssasını desək, Pəhləvi rejiminin başlandığı gündən bugünədək irqçiliyə dayanan paniraniz və panfarsisti “yeni İran” nəzəriyyələri, bir şovinisti rejim kimi ariaizm və iranizmi təbliğ edən “bir millət, bir bayraq, bir din, bir dövləti” reklam edən, anti-türk, ziddi-ərəb, ziddi-kürd olmuşdur. Qeyri-fars millətlərin mədəniyyətləri, bayraqları, dinləri, dilləri, dövlətlərini aradan aparmaq və onlara milli kimlikləri yerinə fars kimliyini təhmil etmək davam etmişdir. Bu sistem və ideologiyanın teorisiənləri Purdavudlar, Qəzvinilər, Məhmud Əfşarlar, Kazımzadələr, İranşəhrlər, Tağızadələr, Kəsrəvilər, Nəcəf Dəryabəndərilər, İnayətulla Rzalar, Cüneydilər, Vərcavəndlər ki, Sasani və Həxamənişilər dövrünün “yadigarlarının” kəşfindən və öz irqlərinin üstünlüyündən söz açıb danışırlar. Təbii ki, onların məqsədləri birinci növbədə ariaçılıq möqümatı yaymaq, qeyri-fars millətləri əritmək və onların maddi və mənəvi, mədəni və təbii sirvətlərini qarət etməkdir. Beləliklə çalışılır ki, qeyri-fars millətləri oyatmaq və onların özlərindən biganələşmənin səbəblərini axtarmaq və bədbəxtçiliklərini aradan qaldırmaq əvəzinə, irqçilik, qədim əsgi İran sivilizasiyasından danışmaqla farsların üstünülüyünü təbliğ edib, türkləri və ərəbləri yuxulatsınlar. Mövcud vəziyyətdən onları xəbərsiz saxlamaqla, fars xalqının bugünkü bədbəxtçiliklərini fars şovinizmində yox, bəlkə türklərin, İsgəndərin, ərəblərin başına salsınlar. Beləliklə daha artıq iqtisadi, mədəni, ruhi xəsarətlər qeyri-fars millətlərə yetirsinlər və ardıcıl olaraq onların qürurunu və özlərinə inam və etimadını məhvə tərəf yönəldib, başda bu millətlərin dillərini qadağan edib, təxribat və təhrifat aparmaqla, həmin xalqları fəlakət və əritməyə tərəf sövq etsinlər.

 

Aydındır ki, hər hansı bir fərdin anadilində təhsil almağını yasaqlamaqla onun beyin fəaliyyətini məhdudlaşdırmaq olar. Bu qadağaların təkrarı, müxtəlif nəsillər üzərində həmin milləti tarix səhifəsindən silib, məhv edə bilər. Alimlər həmişə dildən, əfsanələrin, miflərin, nağılların, tarixin daşıyıcı bir ünsürü kimi ad aparıblar. Millətin tərifinə gəldikdə, dili, onun əsas faktoru kimi xatırladırlar və bir millətin yaşamağının səbəbini, onun dilinin yaşamağında görüblər. İranda hakim olan fars mərkəzli bir sistem digər mədəni eko-sistemlərin məhvinə çalışır. Halbuki, bugün hərhansı bir bitki, və yaxud həşərənin məhv edilməsi, təbiətin ekosistemi üçün yer kürəsi üçün və insan cəmiyyəti üçün bir faciədir. Deməli bir dilin, bir mədəniyyətin və yaxud bir millətin aradan aparılması, bəşəriyyət üçün necə bir faciə sayıla bilməz?! 1996-cı ildə Parisdə dünya psixoloqlarının qurultayının bəyanatında, millətlərin, mədəniyyətlərin və dillərin müxtəlifliyinə təkid olunur. Və dünyada mövcud olan dövlətlərdən tələb edilir ki, dünya səviyyəsində ingilis dilinin absolyut formada dominantlığına və ölkə daxilində rəsmi dilin hakimliyinə qarşı tədbirlər keçirilsin. Böyük mütəfəkkir Hegel xatırladır ki, hərhansı bir millətin müsiqisi, fəlsəfəsi, dini, mənəvi və ruhi dəyərləri, o millətin müxtəlif mədəni bölmələrini təşkil edir. Hər millətin tarixi, o millətin müxtəlif tarixi dövrlərdə ruhunu əks etdirir. Hər millətin ruhuna dayanıb təkid etmək, o milləti gücləndirir və möcüzələrin yaranmasına səbəb olur. Şovinisti təfəkkür, başqa millətlərin ruhunu, tarixini, fəlsəfəsini, müsiqisini, incəsənətini öldürür. Yaradılan sivilizasiyanı təhqir edir, dilləri məhv edir, tarixi həsv edir, coğrafi məkanların doğma adlarını dəyişir.

 

Sözün qıssası –haçansa şikayətlənmişiksə ki, türklərin hüququ ilə bərabər digər qeyri-fars millətlərə zülm olunur, o andaca Tehran bazarında türklərin çoxluğu, Xübrələr Məclisinin sədri, və yaxud Vəlie Fəqih və bir neçə imam cümə və vəkillərin ki, şah ve şeyxin qulluqçularını təşkil edirdilər, türk olduqlarını bizə xatırladaraq, milli məsələnin inkarına başlayırlar. Bu ağalar, qeyri-fars millətlərin hüquqlarından söz açarkən, dəhşətə düşüb, səfsətəyə başlayırlar və minlərlə bəhanə gətirib, mövzunu başqa cür yozurlar və yaxud bu yolda “minlərcə müşküllərin” mövcudluğunu xatırladaraq, milli sitəmi də onun biri sayıb, bəzi şəhərlərin əhalisinin biri-birinə bir neçə söyüş və təhqiramiz söz deməsi ilə məsələni bitirirlər. Ya da, mövcud totaliter sistemi məhkum etmək əvəzinə, filan iqtidarda olan məsul şəxsi günahkar tanıtdırmaqla problemi unudulmağa yönəldirlər. Bəzən də daha özlərindən üzlülük göstərib qeyri-fars millətlərin İrana gəlməsini və məskunlaşmalarını, ancaq Səlçuqlardan sonraya aid edərək və hələ də onların tamam bir vətəndaş hüquqlarına malik olmadıqlarını bəyan edirlər. Bunlarla bərabər, məmləkətdə dil və din pluralizmini bədbəxtlik faktoru kimi tanıtdırırlar. Böyük ölkənin xoşbəxtlik səbəbi və mədəniyyət üzrə demokratiyanı ancaq farsların mədəniyyətini qəbul etməkdə düşünürlər. Bu işlərlə bərabər, qeyri fars millətlərin hüquqlarını əldə etmək üzrə fəaliyyət göstərən siyasi cərəyanlara rejimin daxilindən ya ətrafından, alternativ qüvvələr yaradıb, gücləndirib və nəhayət qarşı-qarşıya qoyurlar. Xatırladaq ki, bəziləri də bu məsələni tamamilə sükut ilə üzərindən keçirlər və yaxud problemi fəri və kiçik mövzu kimi qiymətləndirərək, onun həllini ancaq demokratiyanın iş üstə gəlməsi və yaxud “milli hökümətin” hakimiyyətə çatması, ya da mərdumsalar -“xalq hakimiyyətinin” ölkəni idarə etməsi və nəhayət “fəhlə hökümətinin” iş üstə gəlməsi və eləcə də rejimin aradan getməsindən sonra məsələnin ortaya qoyulmasının tərəfdarıdırlar! Onlar iddia edirlər ki, birinci mədəni cəmiyyət qurulmalıdır və pluralizm hakim olduqdan sonra ya da “tohidi” və təbəqəsiz bir cəmiyyət yaradılandan sonra milli məsələnin həllinə başlamaq olar. Beləliklə problemin həllindən qaçırlar. Əgər qeyri-fars millətlər tərəfindən ana dilinin tədrisindən söhbət açılırsa, və yaxud Azərbaycanın iqtisad və sənaye nöqtei-nəzərindən 17-ci mərtəbəyə süqutunu xatırladırıqsa, eləcə də qeyri-fars və qeyri-şiə əhalinin fars və şiə əhalisi ilə müqaisəsini ediriksə yəni Azərbaycanı, Kürdüstanı, Gilanı, Bəluçistanı, İsfahan və Kirmanla müqaisə ediriksə, sistem məsulları ancaq çiyinlərini çəkərək etinasızlıqlarını nümayiş etdirirlər. Onlar ancaq, dini əqəliyyətlərdə təbizin mövcudluğunu təsdiq edirlər.

 

80-ci və 90-cı miladi onilliklər, çox millətli ölkələrdə milli azadlıq və qurtuluş hərəkatının inkişafı dövrü idi. Bu dövrdə zülm altında yaşayan millətlərlə mərkəzi hökümətlər arasında, hərbi toqquşmalar daxili müharibə çoxalmış, bir tərəfdə ərazi bütövlüyünü qoruyan qüvvələr, digər tərəfdən isə milli zülmdən qurtarmaq istəyən millətlər arasında mübarizə genişlənmiş və müharibə səhnələrinə çevrilmişdir ki, buna da əsas səbəbkarlar, iqtidarda olan şovinist qüvvələr olmuşdur. Biz, iki növ millətçiliyin şahidiyik. Birisi şovinist əzəməttələb irticai ki hakim millətlər tərəfindən təbliğ olunur və yayılır, digəri isə inqilabçı və mütərəqqi millətçilik ki, Fransa inqilabının ideallarını özündə əks etdirərək hər bir millətin öz müqəddəratını təyin etmək  hüququnun tərəfdarıdır, və eyni zamanda millətə, cumhuriyyətə və bütün vətəndaşlarının milli, mədəni qrupların bərabərhüquq olduqlarını tələb edir. Xatırladaq ki, millətlərin öz müqəddəratını təyin etmək hüququ, beynəlxalq münasibətlərdə iki prinsipdən asılıdır. Birincisi dövlət hakimiyyət hüququdur ki, hərbi və siyasi kontrolu öz üzərinə götürür. Digəri isə, milli hakimiyyət hüququndan ibarətdir ki, müxtəlif növlərdə milli hüququn təmin edilməsini tələb edir. Təbii ki, bu iş, milli və mədəni əsaslara dayanan qüvvə nisbətləri ilə həll edilir. Müxtəlif şəraitlərdə bu iki prinsipin biri beynəlxalq siyasətdə qələbə çalır və üstünlük qazanır. Totaliter hökümətdə ərazi bütövlüyünə təkid edirlər və bu mövzudan bir tabo yaradırlar. Elə bir beynəlxalq şərait yaranır ki, həmin totaliter rejimlər, milli hakimiyyətlə mübarizədə dəstəklənirlər və mərkəzi dövlət müdafiə olunur. Həmçinin beynəlxalq şəraitdə elə bir vaxt da gəlib çatır ki, zülm altında yaşayan millətlərin milli hakimiyyəti mərkəzi dövlətlərin istəklərindən üstün tanınır. Elə burada beynəlxalq cəmiyyətlər və onun ətrafında olan orqanlar, institutlar, millətlərin öz müqəddəratını təyin etmək haqqlarından müdafiə edərək, totaliter dövlətlər məhkum edilir.

 

Bugün bizim regionda və həmçinin dünyada gedən vəziyyət zülm altında yaşayan millətlərin xeyrinədir. Bugünkü konfransda elə qüvvələrin iştirakı var ki, dolayı olsa da keçmişdə İranda hakimiyyətdə iştirak etmişlər və yaxud o hökümətdən müdafiə edib, zülm altında yaşayan millətlərin azadlığı yolunda mane’ yaradan qüvvələr kimi tanınmışlar. Ümid edilir ki, dünyanın və məntəqənin indiki vəziyyəti həmin qüvvələrə həll edici təsir buraxsın və həmin qüvvələr keçmiş illərin hadisələrindən ibrətamiz dərslər alsınlar və keçmişdəki cinayətləri təkrarlamasınlar. Bizim məqsədimiz həmin seminarda iştirakdan, bu qüvvələrin keçmiş işlərinin təkrarının qarşısını almaqdır. Eyni zamanda o qüvvələrə -Əl saxlayın! –deyirik, ki –milli təhlükəsizliyi, ərazi bütövlüyünü, fars dilinin müqəddəsliyini və bu kimi kateqoriyalar adı altında qeyri-fars millətləri əsir edirlər, məhvə doğru aparırlar. Onların ən igid övladlarının qanını tökürlər.

 

Bizim məqsədimiz qeyri-fars millətlərin istiqlalı yolunda dinc və müsalimətamiz fəaliyyət və mübarizədir, hansı ki Çexiya və Slovakiyada şahidi olduq. Yoxsa bütün qan tökmələrin məsuliyyəti onların üzərinə düşür. Onlar ki, keçmişdə də zülm altında yaşayan millətlərə qarşı amansız hücumları, müharibəni və diktatorluğu təşkil etdilər. Hər hansı siyasi və sinfi qüvvələrin balanslaşmasından işüstə gələn müxtəlif növdə olan totaliter mərkəzi hökümət, iş üstə gəlsə də, nəticə həmindir ki, son 80 ildə İranda onların şahidi olmuşuq. Ona görə ki, ən positiv halda, mərkəzi hökümət tərəfindən federal sistemi və ya muxtariyyət, və yaxud mədəni muxtariyyət qeyri-fars millətlərin həyatı üçün qəbul olunsa da, istər-istəməz, mərkəzi hökümətin üç əsas payasını yəni –xarici siyasət və beynəlxalq əlaqələr, pul və ekonomiya proqramları, təhlükəsizlik və ordu cihazları, federal hökümət və ya muxtar milli hökümətlərin ixtiyarlarından kənarda olacaqlar. Yeni yaranan mərkəzi hökümət, zülm altında yaşayan xalqların hüquqlarını müəyyən qəbul olunmuş qaydalarla rəayət edilməsinə söz versə də, yuxarıda qeyd etdiyimiz 3 əsas paya vasitəsi ilə həmin muxtar və federal hökümətlərini batil və dəyərsiz orqanlara çevirə bilər. Belə bir halda bütün çəkilən zəhmətlər, fənaya uğrayacaq. Keçmişdə baş verən hadisələr təkrarlanacaq.

 

Dediklərimizdən əlavə, fars mərkəzli şovinisti siyasət, fars xalqının mənəvi dünyasına elə bir cübran edilməz ziyan vurmuşdur ki, qeyri-fars millətlər içərisində fars insanını, qeyri-məqbul, mənfur və zalım tanıtdırmışdır. Bu insanın siması, qəzəbkar və iste’marçı təsvir olunmuşdur. Bugün fars xalqının borcudur ki, fars mərkəzli şovinisti siyasətin əleyhinə mübarizə aparmaqla öz mənəvi həyatını bu çirkin sifətlərdən təmizləsin, azadəlik və azadlıqsevərliyi özünə həyat yolu seçsin. Çünki başqa bir milləti əsir edən bir millət, özü də azad ola bilməz -böyüklərimiz demişkən. İndi isə, biz türklər, keçmiş min illik türk imperiyalarını yaratmaq fikrində deyilik. Biz ancaq azad yaşamaq istəyirik –nə bir milləti əsir etmək istəyirik, nə də başqasının əsiri olmaq. Sitəm altında yaşayan millətlərə, ancaq bircə yol tanıyırıq. O da, İSTİQLAL yoludur! Millətlərin müştərək siyasi və iqtisadi mənfəətləri əsasında hərhansı dinc və bərabərhüquq birliyi və ittifaqın yaranmasını da, ancaq və ancaq qeyri-fars millətlərin tam istiqlalını əldə etdikdən sonra, mümkün hesab edirik.

 

Hörmətli konfrans iştirakçıları, minnətdaram ki məni dinlədiniz!

.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa