Dünya Azərbaycanlı Gənclərinin I Konqresi
Almaniya, Frankfurt-Mayn. 26-29 noyabr 2010
Dr. Azər Babayev
ÇIXIŞ MƏTNİ
Hörmətli xanımlar və cənablar!
Hər şeydən öncə Sizləri Dünya Azərbaycanlı Gənclərin I Konqresininin iştirakçıları olaraq səmimi qəlbdən salamlayır və konqresin işinə uğurlar arzulamaq istəyirəm.
Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan gəncliyi mövzusunda çıxış etmək mənə auditoriya qarşısında qisa və konkret danişmağın nə dərəcədə çətin olmasını canlandıran qısa bir hekayəni xatırladır. Məşhur irland yazıçısı Bernard Şounun Londonda təşkil etdiyi tədbirdə çıxışçılardan biri ona yaxınlaşaraq nə qədər danışmalı olduğunu soruşur. Cavab olaraq Bernard Şou ona demək istədiklərini təxminən 15 dəqiqəlik zaman çərçivəsinə sığışdırmağı tövsiyə edir. „15 dəqiqə“ çıxışçı dəhşətlənir. “Axı mən 15 dəqiqə ərzində demək istədiklərimin hamısını necə söyləyə bilərəm”. Bernard Şou bir anlıq fikrə gedərək cavab verir. Mən bu vəziyyətdə Sizə yalnızca yavaş danışmağı məsləhət bilərdim. Beləliklə, bu müdrik insanın tövsiyəsini əsas tutaraq mən də bu qısa vaxt ərzində Dağlıq Qarabağ münaqişəsi kimi geniş mövzu ilə bağlı demək istədiklərimi yavaş tərzdə Sizlərin diqqətinizə çatdırmaq istərdim.
- Qarabağ münaqişəsinin qərb elmi-ictimai dairələrində təqdimatı
Mövzuya giriş olaraq öncə Qarabağ münaqişəsinin qərb elmi-ictimai dairələri tərəfindən təqdimatı məsələsinə qısaca toxunmaqda fayda görürəm. Düşünürəm ki, ilk növbədə burada bir məsələni özümüz üçün aydınlatmalıyıq. Bilindiyi kimi geniş mənada həqiqətin, gercəkliyin necə olmasından onun necə qavranılması, görünməsi daha önəmlidir. Bununla bağlı beynəlxalq ədəbiyyatlardan bizlərə ingilis dilində perception, reception kimi məfhumlar yaxşı məlumdur. Bu cəhətdən Dağlıq Qarabağ münaqişəsinin qərb elmi-ictimai dairələri tərəfindən təqdimatının da ilk növbədə bir qavranılma məsələsi olması qənaətinə gəlmək olur. Buna bariz misal kimi bir alman məktəb dərsliyindən bir sitatı xatırlatmaq istərdim. 2000-ci ildə Berlin şəhəri orta məktəbləri üçün çap olunmuş 8-ci sinif coğrafiya dərsliyində Qarabağ münaqişəsinə dair “doğru inam uğrunda mübarizə” başlıqlı qısa informasiyada belə deyilir. Sitat:
Azərilər islam dininə riayət edirlər və buna görə də erməniləri “erməni kimliyindən” məhrum etmək istəyirdilər. Onlar dincə xristian olan ermənilərə ana dilində təhsil almağı, habelə erməni tarixini və coğrafiyasını öyrənməyi qadağan etmışdılər. Bundan başqa onlar xristian dinini icra etməyə də əngəl yaradırdılar (Heimat und Welt, Klasse 8). Sitatın sonu.
Beləliklə, bu dərslik misalında görünüşün oluşdan nə dərəcədə fərqləndiyi özünü aydın şəkildə biruzə verir. Xüsusən ona görə ki, bu cür qavrayışlar çox vaxt səthi, təsadüfi və ya səhv məlumatlara əsaslanır. Hər bir məsələ kimi Qarabağ məsələsi də yaxınlığından və uzaqlığından, habelə istiliyindən və soyuqluğundan asılı olaraq müxtəlif ölkələr və dairələr tərəfindən fərqli şəkildə qəbul olunur, qavranılır. Buna görə düşünürəm ki, münaqişənin düzgün qavranılması üçün qərb elmi və siyasi dairələrinin təfsilatlı məlumatlandırılması sahəsində görülməli işlərimiz hələ çoxdur. Burada müsbət nümunə kimi mən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin fəaliyyətini qeyd etmək istərdim.
- Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan milləti
Indi isə Dağlıq Qarabağ münaqişəsinin biz azərbaycanlılar üçün nə demək olması məsələsinə dayanmaqda bir fayda görürəm. Qarabağ münaqişəsi, obrazlı şəkildə desək, Azərbaycan dövlətçiliyinin bir doğuş qüsurudur. Bəlkə də bu metafer çoxlarımız üçün gözəl səslənməyə bilər, amma düşünürəm ki, bu problemin mahiyyətini ifadə etmək baxımından uğurlu bir obrazdır. Belə ki, sanki bir millət, bir dövlət kimi dünyaya gələrkən (və ya yenidən gələrkən) bir əzamız ilə şikəst doğulmuşuq. Və biz bir millət olaraq illərdən bəri bu qüsuru özümüzlə daşımağa məcbur olmuşuq. Bununla belə ümid etmişik ki, nə zamansa bunun müalicəsi mümkün olacaq, xüsusən də burada, necə deyərlər, xarici həkimlərin köməyinə inanmışıq.
Dünya Azərbaycanlı Gənclərin I Konqresinə toplaşdığımız bu ölkənin - Almaniyanın tarixi bəşəriyyətə, insanlığa bir çox ibrətlər vermişdir. Məncə, bu ibrətlərdən müsbət mənada ən faydalısı ondan ibarətdir ki, bir millətin, bir dövlətin sahib olduğu ən böyük, ən dəyərli sərvəti onun (xüsusən də gənc) insanlarıdır. Məhz bu düşüncəyə, bu məntiqə sığınaraq 2-ci dünya müharibəsində hər cür itikilərə, o cümlədən böyük torpaq itkilərinə məruz qalan yeni Almaniya dövləti oz insanlarının qabiliyyətinə, bacarığına güvənmiş və yenidən dünya dövlətləri sirasında layiqli öncül yerini tuta bilmişdir.
Vətəni vətən edən iki mühüm amil vardır. 1. Bizi əhatə edən insanlar və 2. üzərində yaşadığımız torpaq. Buna görə torpaq itkisi təbii ki, hər bir insan, hər bir vətənsevər üçün çox ağrılıdır. Digər tərəfdən düşünürəm ki, bizi əhatə edən insanların itkisi bundan daha da ağrılıdır. Mən əsla bizləri “şikəst edilmiş” Qarabağımızın itkisi ilə barışmağımızın mümkünlüyünü demək istəmirəm. Sadəcə, bunun müalicəsinin, xüsusən də tam sağalmasının çox çətin, ağrılı uzun bir proses olaçağını obrazlandirmaq, bununla bir millət olaraq bu məsələdə ağıllı və səbrli olmağımızı arzulamaq istərdim.
Ağıllı və səbrli olmaq burada mənim üçün sadəcə gəlişi və səslənişi gözəl sözlər deyil. Bu sözlər Qarabağ münaqişəsinin çözümü ilə bağlı mənim konkret təsəvvürlərimi ifadə edir. Belə ki, Qarabağ münaqişəsi Azərbaycan üçün ilk növbədə çox çətin bir problemdir.
- Dagliq Qarabag problem kimi
Qarabağdan problem kimi danışarkən, mən öncə problem olaraq nəyi anladığımı qisaca izah etmək istərdim: Problem ilk növbədə (arzu olunan) məqsədə çatmağı əngəlləyən bir manedir və onun gözə-çarpan əsas əlaməti isə çətinliyidir. Problem, obrazli şəkildə desək, getdiyimiz yoldakı qara daşdır ki, o ya aradan qaldırılmalı, ya da ondan yan keçilməlidir. Elmi ədəbiyyatlarda bir qayda olaraq problemin aşağıdakı həlli növləri göstərilir:
- Problemin son, qəti həlli və ya müvəqqəti həlli
- Problemin ideal, optimal həlli və ya real, suboptimal həlli
- Problemin paket həlli və ya mərhələli həlli
Bu tipologiya əsasında güman etmək olar ki, yolumuza çıxmış, daha doğrusu qoyulmuş Qarabağ probleminin yaxın gələcək üçün son, optimal paket həlli görsənmir. Burada təbii ki, pessimist səslənmək istəməzdim. Amma Qarabağ probleminin xüsusi çətinliyini nəzərə alsaq, düşünürəm ki, Azərbaycan hökümətinin tərəfdar çıxdığı mərhələli həll ən çox uğur vəd edən bir yoldur. Burada özəlliklə bir məsələni unutmamalıyıq ki, hər hansı problemin mövcudluğu özlüyündə “problem” deyil, əslində onun həlli imkanlarına malik olmamaq “problem”dir.
Digər tərəfdən Qarabağ problem həm də bizim milli kimliyimizlə bağlı olan bir məsələdir. Burada bu bağlantiya da toxunmağı lüzum bilirəm. Zaman-məkan müstəvisində baxdıqda milli identitet məsələsini vaxt axarında müəyyən ərazi və onun üzərində yaşayan toplum arasında baş verən bir inkişaf dialektikası kimi nəzərdən keçirmək olar. Bizlərin, vətənimiz Azərbaycanı da, məhz bu müstəvidə axtarmasının tərəfdarıyam. Burada Azərbaycana (ana) vətən olaraq münasibətimiz özünü iki formada ifadə edə bilər: Bir tərəfdən, bizlər vətənə praqmatiq, rasional münasibət bəsləyə və bu zaman Almaniyanın keçmiş federal prezidenti Gustav Heinemannın sözləri ilə, mən vətəni deyil, yalnız xanımımı sevirəm, deyə bilərik. Digər tərəfdən isə, vətənə münasibətimiz emosional, sevgi münasibəti formasında ortaya çıxa bilər: məsələn, burada tanınmış xalq şairimiz Məmməd Arazın aşağıdakı məşhur misralarını xatırlamamaq olmur: vətən mənə oğul desə, nə dərdim, mamır olub qayasında bitərdim.
Umimilikdə isə tanınmış alman yazarı Thomas Mannın məntiqilə vətənə həm də belə bir tərif verməyin tərəfdarıyam: mən haradayamsa, Azərbaycan oradadır, mən Azərbaycanımı özümlə daşıyıram. Fikrimcə, bu yanaşma özəlliklə qürbətdə yaşayan diaspora azərbaycanlıları üçün əsas həyat prinsipi olmalıdır. Belə ki, nə xoşbəxt o azərbaycanlı ki, dünyanın harasında yaşamısından asılı olamayaraq Azərbaycanını özü ilə daşıyır. Bu yerdə təəssüf ki, müəllifini xatırlamadığım bir kəlam da yada düşür. O deyirdi ki, ruhumuzun bədənimizə ən yaxin olduğu məqam soyuq havada üşüdüyümüz andır.Və mən deyərdim ki, Qarabağ´sızlığımızın illərdən bəri özü ilə gətirdiyi “soyuq abu-hava” isə bir millət olaraq bizləri üşüdən andır ki, bu da xüsusən qürbətdə, diasporada yaşayanlarımızı vətənimiz Azərbaycana son dərəcə yaxın edir və ya etməlidir.
- Nəticə əvəzi: siyasət peşə kimi
Hörmətli xanımlar və cənablar!
Düşünürəm ki, Qarabağ münaqişəsi ilə bağlı hər bir gənc Azərbaycan ziyalısı „siyasi“ davranış biçiminə də malik olmağı bacarmalıdır. Bundan dolayı çıxışıma yekun əvəzi olaraq sosial elmlərin klassiklərindən olan Maks Veberin “siyasət peşə kimi” əsərinə müraciət etmək istərdim. Veber bu əsərində siyasətçini üç əsas müsbət keyfiyyətə can atmağa çağırırdı: O bunlara siyasətçinin iş coşğusunu, məsuliyyət hissini, hadisələrin gedişini gözəyarı qiymətləndirmə bacarığıni aid edirdi.
Daha sonra Veber siyasətdə iki əxlaq növünü fərqləndirirdi: 1. Prinsip əxlaqını. Burada, siyasətçi qəbul etdiyi qərarlarda ilk növbədə prinsiplərinə sadiqlik göstərir və bu zaman onun niyyəti və motivi etdiyi hərəkətin konkret uğurundan, nəticəsindən üstün dəyərə malik olur.
2. Məsuliyyət əxlaqı. Burada isə söhbət nəticələrə „sadiqlik“-dən gedir: Bu zaman siyasətçi hər şeydən öncə verdiyi qərarların konkret nəticələrinin məsuliyyətini düşünür. O qərarlarını, necə deyərlər, sonuna qədər fikirləşir və burada yekun nəticəni göz önünə almağa çalışır.
Əgər biz bu yerdə prinsip əxlaqını tənqid etmək istəsək, məqsədlə nəticə arasında çox vaxt bir uyğunsuzluq olduğunu deyə bilərik. Belə ki, yaxşı niyyətli davranış həmişə yaxşı nəticələnmır. Burada ən sadə misal kimi „ayı xidməti“ ibrətini xatırlatmaq, məncə, yerinə düşərdi. Məsuliyyət əxlaqını isə əsasən o cəhətdən tənqid etmək olar ki, nəticəni öncədən görə, qiymətləndirə bilmək həmişə mümkün deyil. Belə ki, son nəticəni göz önünə ala bilmənin praktiki çətinliyini həyatda hər birimiz yəqin ki, çox yaşamalı olmuşuq.
Bundan dolayı Veber qeyd edirdi ki, yaxşı siyasətçi o kəsdir ki, özü üçün prinsip və məsuliyyət əxlaqı arasında doğru bir balans yarada bilsin. Amma o mübahisəli, kritik məqamlarda siyasətçinin məsuliyyət əxlaqına üstünlük verməsini tövsiyə edirdi.
Beləliklə, Maks Veberin anlamıyla vətənimiz Azərbaycanın həm siyasi, həm də ziyalı elitasının Qarabağ problemi ilə bağlı prinsiplərmizindən imtina etməyərək həmişə məsuliyyətli qərarlar verməyə və bu qərarların son nəticələrini göz önünə almağa çalışmasını arzulamaq istərdim. Bu məsuliyyət nəinki xalq qarşısında, habelə tarix, gələcək nəsillər qarşısında məsuliyyəti də özündə ehtiva etməlidir. Düşünürəm ki, bu zaman ilk növbədə cəmiyyətmizə, ətrafımızdakı insanlara müsbət nümunələr, örnəklər verməyə çalışmalıyıq. Çünki ətrafdakılarımıza verə biləcəyimiz ən gözəl şey, fikrimcə, məhz müsbət, yaxşi nümunələr ola bilər. Diqqətinizə görə təşəkkür edirəm!
|