"Fars rejiminin ipinin üstünə odun yığılmaz..."

 

Abdulla Əmir Haşimi: "Tehran rəsmilərinin səfərlərinə Bakı çox ehtiyatla yanaşmalıdır".
"Tehran Azərbaycanın Avropa və ABŞ-la münasibətlərinin inkişafından təlaşlanır".
"Güney Azərbaycanda genişlənən milli istiqlaliyyət mübarizəsi İranı qorxudur"
.

 

Abdulla Amir Hashimi (Cavanshir)

/Cavid. Xalq Cəbhəsi. 1.X.2010

 

Son bir neçə ayda qonşu İranın nümayəndə heyətlərinin Azərbaycana rəsmi səfərləri intensiv xarakter alıb. Naxçıvan, İran və Azərbaycanda keçirilən ikitərəfli görüşlərin əsas müzakirə mövzusu dövlətlərarası münasibətlərin normallaşmasına xidmət etsə də, rəsmi Tehranın Bakıya tərəf sürətlə addımlamasının arxasında hansı məqamların dayandığını anlamaq o qədər də çətin deyil.

 

Qəzvin-Rəşt-Ənzəli-Astara avtomobil yolunu İranın tikməsi, eləcə də Astara-Bakı avtomobil yolunun Azərbaycan tərəfindən çəkilməsi barədə müəyyən razılaşmanın əldə olunması, Şimal-Cənub dəmir yol xəttinin çəkilməsi barədə də müəyyən müzakirələrin aparılması üçün İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya göndərilməsi, İranın Şərqi Azərbaycan vilayətinin başçısı Əhməd Əlirza Beyginin Təbrizdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə görüşməsi, danışıqlarda rəsmi Tehranın onun kimi Azərbaycanın da viza rejimini aradan qaldırmasını arzulaması, Bakı-Təbriz-Məşhəd təyyarə reysinin açılması istəyində olması, İranın Ticarətin İnkişafı Təşkilatının sədri Babək Əfqahinin Bakı səfəri çərçivəsində ölkəsinin Azərbaycandan neft-qaz, neft məhsulları və neft-kimya məhsullarının alınmasında maraqlı olmasını deməsi, İranda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, nəhayət, İran prezidenti Əhmədnejadın yaxın günlərdə Bakıya planlaşdırdığı səfəri dediklərimizə sübutdur.


İntensiv xarakter alan belə səfərlərin məqsədi barədə sualla "Xalq Cəbhəsi" Güney Azərbaycan Konqresinin (İsveç) sədri Abdulla Əmir Haşimiyə (Cavanşir) müraciət etdi. Abdulla Əmir Haşimi dedi ki, İran və Azərbaycan rəsmiləri bir çox vaxt İranla Azərbaycanın "müştərək tarix, mədəniyyət və dini bağlılığı"ndan danışırlar və indiki münasibətlərin "yüksək səviyyədə, dövlətlərarasında qarşılıqlı etimadın, mehriban qonşuluq münasibətlərinin olduğunu" bildirirlər: "Yəqin ki, Mahmud Əhmədinejadın oktyabr ayına planlaşdırılan və müdafiə naziri Əhməd Vahidinin noyabr ayına planlaşdırılan Bakı səfərlərində də bu sözləri eşidəcəyik. Onlar bəzən də İran və azərbaycanlıların eyni kökdən olduqlarına təkid edirlər ki, bu, tamamilə yalnış anlayışın yayılmasına şərait yaradır. Fars rejimi bundan çox sui-istifadə edir. Bütöv Azərbaycanın böyük hissəsi Güney Azərbaycandır ki, hazırda İranın müstəmləkəsindədir. İranda başqa xalqlar da yaşayır - farslar, kürdlər, ərəblər, türkmənlər, bəluclar və başqaları. Onların hərəsinin öz tarixi, mədəniyyəti və dilləri var. Bunları qarışdırıb "bir kökdən olduqlarını" iddia etmək, ancaq İran imperiyasının sözü və ona xidmətedici siyasətdir. Fars şovinistləri vaxtaşırı Azərbaycan Respublikasını da İranın tərkib hissəsinə "qaytarmaq" iddialarını bəyanlamaqdan çəkinmirlər. İran rəsmilərinin Azərbaycana gəl-getlərində maraqlarının bir hissəsi də həmin şovinist və müstəmləkəçilik cəhdlərindən irəli gəlir". Güney Azərbaycan Konqresinin sədri onu da bildirdi ki, İran fanatizmini Azərbaycanda yaymaqda, fars dilində məktəblər açmaqda, müxtəlif fondlar və QHT-lər yaratmaqda, viza rejimini ləğv edib Bakı-Məşhəd, Bakı-Qum reyslərini açmaqda, azərbaycanlıları digər dini ziyarətgahlara cəlb etməkdə məqsədləri Azərbaycanın inkişafına yardım etmək yox, əksinə, onu zəiflədib İran imperiyasının nüfuz dairəsinə salmaqdır: "Bunlardan əlavə, İran Azərbaycanın Avropa və ABŞ ilə münasibətlərinin inkişafını istəmir. Daha doğrusu, Azərbaycanın Avropa ilə iqtisadi inteqrasiyası və ABŞ ilə NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakını gözü götürmür. Azərbaycanın bir çox beynəlxalq müqavilələrin həyata keçirməsində siyasət, mədəniyyət və idman sahələrində uğurları İranı heç sevindirmir. Elə ona görə də Tehran Ermənistan və başqaları vasitəsilə Azərbaycanı zəiflətmək fikrindədir. Buna görə də İran rəsmilərinin səfərlərindən Azərbaycan çox ehtiyatlı olmalı, İrandan hər dəfə yeni imtiyazlar almadan Tehrana heç bir güzəştə getməməli və vədlərə qətiyyən inanmamalıdır. Eyni zamanda, Azərbaycanın müstəqilliyi get-gedə möhkəmləndikdə, təbii ki, Güney Azərbaycanda gedən milli istiqlaliyyət mübarizəsi İranı qorxudur və İran rəsmiləri hər dəfə Azərbaycana səfərlərində Bakıdan həmin mücadiləyə dəstək verməməsini tələb edirlər. Dediklərimizi nəzərə aldıqda, görürük ki, İranla Azərbaycan arasındakı əlaqələrin indiki vəziyyəti qaneedici deyil. Mövcud imkanlardan istifadə olunmur. Həll olunmamış məsələlər çoxdur".


Abulla Əmir Haşimi onu da dedi ki, İranın Ermənistana hərbi-iqtisadi köməyini, rəsmi Tehranın ümumiyyətlə anti-Azərbaycan siyasətini və pərdə arxasında Azərbaycanı zəiflətmək planlarınun durduğunu nəzərə alsaq, bu münasibətlərin praktikada İran tərəfinin düşmən mövqəyində olduğu aşkara çıxa bilər. Həmsöhbətimiz ABŞ-İran, ABŞ-Azərbaycan münasibətlərinə də toxundu. O bildirdi ki, Azərbaycan rəsmiləri NATO baş katibilə görüşürlər və NATO-nun proqramlarına qatılırlar. Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər genişləndirilir, onlar beynəlxalq anti-terror əməliyyatlarında birgə fəaliyyət göstərərək, energetika sahəsində də əməkdaşlıq edirlər: "Bunlar isə İranı qıcıqlandırır və fikirləşə bilər ki, Azərbaycan tutduğu stabil, neytral mövqeyini dəyişib, nüvə məsələsində ABŞ ilə eyni mövqedə olar. Bizcə Azərbaycan regionda sülh, stabillik, iqtisadi əməkdaşlıq və inkişaf, mədəni çiçəklənmə və sosial rifahın yüksəlişinin tərəfdarıdır. İran isə regiona hərbi müdaxilə, müharibə, gərginlik, müstəmləkəçilik, səfalət və fanatizm, nüvə silahı kimi təhlükəli siyasətin tərəfdarıdır. BMT Təhlükəsizlik Şurası xüsusilə nüvə proqramı haqda İrana qarşı sanksiyaların tətbiqini dəfələrcə qərara alaraq, İnqilab Keşikçiləri Qvardiyasının üzvlərinin və İran nüvə və balistik raket fəaliyyətləri ilə əlaqəli şəxslərə maliyyə məhdudiyyətləri qoyaraq, səyahət qadağaları tətbiq edir. İş artıq o yerə çatıb ki, Rusiya da İranla imzaladığı müqavilələrə yenidən baxır və yaxud onların həyata keçirilməsinə tərəddüdlə yanaşır. İran üzləşdiyi beynəlxalq sanksiyalar dalğalarına məhəl qoymayaraq, özünü izolasiyadan çıxartmaq əvəzinə, hərbi aqressivliyi düşünür. Buna misal olaraq son günlərdə Xəzər dənizində İran Hərbi Qüvvələrinin antibakterial və kimyəvi müdafiə donanmasının qatıldığı "Sabit təhlükəsizlik 89" adlı təlimlərə başlamasını göstərmək olar. Bununla da İran, dolayı yolla Azərbaycana hədə-qorxu gəlməklə ABŞ-a yaxınlaşmamaq işarəsi verir. Bəlkə də, Səddamın Küveytə hərbi-təcavüzü kimi, İran da Azərbaycana hərbi-təcavüz yuxusu görür".


Abdulla Əmir Haşimiyə sual verdik ki, bəlkə İran artıq Azərbaycanı Qafqazda güclü dövlət kimi qəbul etdiyindən onunla əlaqələrini möhkəmlətmək niyyətindədir. Cavabı belə oldu: "Azərbaycanın bir çox beynəlxalq layihələrdə uğurları, onu Qafqazda başqa ölkələrdən fərqləndirir. Ümid var ki, bu fərq get-gedə artacaq və Qafqaz ölkələrinin Azərbaycanın liderliyini qəbul etməsinə gətirib çıxaracaq. Azərbaycanın Qafqazda iqtisadi-siyasi və geopolitik rolunu İran istəsə də dana bilməz".

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x62.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.