Seçkilər qansoranları iştaha gətirib

Seyfəddin ALTAYLI

 

Əziz xalqıma Ankara’dan atəşin salamlar.


Bir neçə gün qabaq Qlobal Yozum İnternet Jurnalı’nda Səbahəddin Talu adlı şəxsin yazdığı bir məqaləni oxudum və dəhşətə gəldim. Qısa məqalənin adı belə idi: Azərbaycan seçkiləri iştah artırdı.


Səbahəddin Bəy orda xülasə olaraq Sovetlər Birliğinin dağılmasından sonra müstəqilliklərini elan edən Türk cümhuriyyətləri və xalqları üstündə bəzi qərbli ölkələrin öz nüfuzlarını yaratmaq istəmələrindən, buna İran və Rusiya Federasiyası kimi ölkələrin də qoşulduğundan, həmin dövlətlərin seçki günü yaxınlaşdıqca “tutdu qatıq, tutmadı ayran” məntiqiylə hərəkət edib müxalifət partiyaları ilə də fəal təmaslar yaratmalarından, 11 Sentiyabr’da yaranmış terror aktlarına “İslami Terror” möhürünü basan həmin ölkələrin, müxalifətdəki İslamî xarakterli siyasət yeridən partiyalarla da cici-bacı olduqlarından, bu dövlətlərin özlərinə qeydsiz şərtsiz qulluq edəcək adamlar axtardığından və onların başnazir və məclis rəhbərliğinə seçilməsini istəyəcək qədər cürətkaranə addımlar götürdüyündən, hətda bəzi qərbli təşkilatların, özlərinin tərəfini saxlayacaq namizedlərin seçkidə uğur qazana bilməməsi halında, seçilən Milli Məclis üzvlərini də qəbul etmiyəcəklərini bəyan edəcək qədər həyasızcasına bəyanatlar yadıqlarından söhbət edir.


Bəli əzizlərim Səbahəddin Talu bunlara işarə edir. Bu şəxs, Azərbaycandakı hadisələri nə qədər yaxından təqib etdiyini və ona nə boyda can yandırdığını bu məqaləsilə yaxşıca büruzə verir. Bu cür semimî hisslərinə görə öz adımdan ona təşəkkürlərimi bildirmək istəyirəm.


Azərbaycan, strateji mövqeyi və füsunkarlığı ilə tarix boyu işğalçıların nəzərindən yayınmayıbdır bunu yaxşı bilirik. Bir vaxtlar İngilis orduları 1815. ildə Kəngər (Bəsra) körfəzindən çıxıb Terek çayına kimi olan yerləri basa basa getmişdi və bu işğal ordusu Osmanlı orduları ilə Qafqazdakı xalqların milis qüvvələri ilə birləşib geri oturdulmuşdu. Çapovulçu Ruslar isə hələ 9. əsrdə Azərbaycana soxulmaq istəmişdilər. Xüsusilə çar I. Piyotrdan başlamış Rus hücumları ardıcıllaşmış və qafqazı qana boyaya boyaya axırda Azərbaycan da daxil olmaqla buralara yiyələnmişdilər.


Azərbaycan, yeraltı və yerüstü sərvətləri ilə dünyanın işğalçı ölkələrinin iştahasını qabardır, onların ağızlarını sulandırır. Dünənə kimi bura orduyla soxulmaq istəyən işğalçı qüvvələr bugün çamadan dolusu dollarları götürüb gülə oynaya gəlirlər və istədiklərini də əziyyətsiz nəsiz əldə etmək istəyirlər. Pul verib xalqımızı dinindən döndərib xıristiyanlığa çəkməyə də cəhd edirlər. Yaşıl dollarları əllərinə alıb irişə irişə mənəvi dəyərlərimizi ayaq altına salmaq yolunu da tuturlar.


Ulu babalarımızın arasından çıxan bəzi siyasətçilər əsrlər boyu xalqımızı elmdən, mədəniyyətdən uzaqda tutdular. Tayfaçılıq, xurafat, eyş işrət, onların başını yaman qatdı, ancaq düşmənlərimiz gecəli gündüzlü elmlə, texnika ilə məşğul oldular. Elmi və texnikanı yaradan bizlərin əlindən bu dəyərləri aldılar, özününküləşdirdilər və daha da irəli apardılar. Elmdə və texnikada bizlərdən qat qat üstün mərtəbələri tutub varlandılar, hallandılar. İndi biz onlara qibtə ilə, həsədlə baxırıq və onların bizim daxili işlərimizə barmaq uzatmasına heç nə demirik. Ancaq deməliyik..! Əsrlər boyu qanımızı sümürənlərə və ölkəmizə soxulmuş təzə kaftarlara nələrə qadir olduğumuzu göstərməliyik, nə boyda böyük bir xalq olduğumuzu onların yadına salmalıyıq. Onun yolu da əlbir-dilbir olmaqdır. Milli vəhdətimizin möhkəmliyi, düşmənlərə veriləcək ən yaxşı cavabdır deyə fikirləşirəm.


Azərbaycan torpağı müqəddəsdir, bu səbəblə də bəşəriyyətə dahilər ərməğan edibdir. Dahi babalarımızın ruhları bizdən birlik və bərabərlik gözləyir. İşğalçı ölkələrin rəhbərlərinin şəkillərini yaxamıza sancıb onlardan mədəd ummaq Türk mentalitetini, Türk xarakterini və Türk tarixini təhqirdən savayı heç nəyə xidmət etməz. Dünyada demokratiyanı biz yaratmışıq və bu barədə yadlardan öyrənəcəyimiz heç nə yoxdur; sadəcə olaraq silkinib özümüzə qayıtmalıyıq, bizə yaraşan siyasət xəttini götürməliyik, hakimiyyətdəykən müxalifəti, müxalifətdəykən də hakimiyyəti dərk etməliyik vəssalam. Türk milləti, tarix boyu məzlumun yanında yer tutub, onun qoruyuçusu, zalımların da qənimi olub, bu  fakt heç kəsin yadından çıxmamalıdır. Bir şeyi daha yaddan çıxarmamalıyıq, heç kəs heç kəsə heç nəyi müftəcə vermir. Qərblilərin, “sizə demokratiyanı gətirəcəyik” tərzindəki sözləri də sadəcə olaraq bizləri aldatmaq ideyasına xidmət edir. Ancaq bu yazıqlar fiziki gücümüzə baxıb özlərini aldadırlar və bizlərin onlardan daha ağıllı, daha müdrik olduğumuzu diyəsən dərk edə bilmirlər.


Türkiyə, Azərbaycanın qanbir, canbir qardaşı olduğunu həmişə olduğu kimi indi də sübut edir və öz tarixinə, əxlaqi dəyərlərinə sadiq qalıb Azərbaycanın daxili işlərinə qarışmağı ağlının ucundan da keçirmir. Azərbaycan xalqı və rəsmiləri əlbətdə bundan məmnuniyyət duyur; ancaq Türkiyə azı beş min illik Türk tarixinin dövlət gələnəyini özündə hifz etmişdir, bu səbəblə qardaşı Azərbaycana həyan olmalıdır, öz təcrübəsini onlara məmnuniyyətlə ötürməlidir. Azərbaycanla daha sıx və sarsılmaz əlaqələr yaratmalı, mövcud əlaqələri daha yüksək pillələrə qaldırmalıdır. Azərbaycandakı siyasi və medya çevrələri ilə sıx əlaqələr yaradıb müqəddəs Azərbaycanı yağlı quyruq kimi görüb ağzının heliyini axıdanlara layiq olduqları cavabı verməsinə kömək olmalıdır. Mərhum prezidentimiz Heydər Əliyev demişkən “biz bir millət iki dövlət” deyil miyik!?

 

Hörmətlə.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa