Güney Azərbaycan Konqresinin
MƏRAMNAMƏSİ

Tarix, Azərbaycan xalqının taleyinə bölünmək qisməti yazmışdır. 1813-cü ildə, Qacar imperatorluğu və Rusya Tsar İmperiyası əvvəlcə Gülüstan müqaviləsini, 1828-ci ildə isə Türkmənçay müqaviləsini imzalayaraq, Azərbaycanı öz aralarında bölmüşlər. Zaman-zaman milli mücadələyə qalxan Azərbaycan xalqının iradəsini qırmağa çalışsalar da, buna müvəffəq olmamışlar. Quzey Azərbaycan Cumhuriyyəti 1918-ci ildə öz müstəqilliyini e'lan etmiş, lakin 23 aydan sonra bolşevik Rusyası onu yenidən özünə ilhaq etmişdir. 1991-ci il oktyabrın 18-ndə, Quzey Azərbaycan Sovet imperiyasının caynağından qurtularaq, öz müstəqilliyini yenidən e'lan etmişdir. Bu dövrlərdə, Güney Azərbaycanda da milli azadlıq hərəkatı dəfələrlə vüs'ət almış, lakin fars şovinizmi bu prosesləri müvəqqəti də olsa dayandıra bilmişdir. 1945-ci ildə Azərbaycanın güneyində Milli Hökümət qurulsa da, cəm'i bir il yaşamış, sonra fars və rus şovinistlərinin birgə fitnəkarlığı bu prosesi də yarımçıq dayandırmışdır.Artıq bəşəriyyət öz inkişafında yeni bir tarixi dövrə - XXI əsrə qədəm qoymuşdur. Hazırda dünyanın siyasi sürəcləri içərisində demokratikləşmə dalğasının sür'ətlə yayılması ilə imperiyalar çərçivəsində haqqları pozulan millətlər öz dövlətlərini qurmaqdadırlar. Demokratikləşmə və milllətləşmə çağdaş dövrün bir-birini tamamlayan iki böyük hadisəsi olmaqla cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirməkdədir.

 

Vətənimiz Azərbaycan da məhz dünyanın bu inkişaf sürəci içərisindədir. Azərbaycanın güneyində milli oyanışımızın yeni mərhələyə qədəm qoymuşdur. Güney Azərbaycan üzrə 35 milyonluq Azərbaycan türkünün vahid bir milli kimliyə yiyələnməsi və ayrıca böyük Azərbaycan millətinin bir parçası kimi öz müqəddəratını tə'yin etməsinin vaxtı yenidən gəlib, çatmışdır. Qlobal siyasətdə dünya nizamının yeni konfiqurasiyası, dünyanın yeni geosiyasi, iqtisadi, mədəni mənzərəsi önə çıxmaqdadır. Zorla parçalanmış millətlərin hüquqlarının tanındığı və milli dövlətlərinin qurulduğu bir zamanda biz 35 milyondan artıq Güney Azərbaycan türkü parçalanmış xalqımızın milli gücünü bu gün də istiqamətləndirməliyik. Əgər vaxtında hazır olmasaq, həlledici anda tarixi fürsəti itirə bilərik. Vaxtında hazır olmağımızın ən böyük şərtlərindən biri, milli müstəvidə təşkilatlanmamızdır.


Güney Azərbaycan Konqresi (GAK), bu yöndəki boşluğu doldurmaq üçün atılan addımların davamı, onlardan biri və başlıcasıdır.

 

Ümumi müddəalar:

- Güney Azərbaycan Konqresi, Azərbaycanımızın Güneyində yaşayan 35 milyondan artıq Azərbaycan türklərinin milli hüquqları və insan haqqlarını qorumaq uğrunda mübarizə aparan müstəqil ictimai təşkilatdır.

 

- GAK, Güney Azərbaycanda 35 milyondan artıq Azərbaycan türkünün vahid milli kimliyə yiyələnməsi, bu milli kimliyə sahib çıxması və bir xalq kimi öz müqəddəratını tə'yin etməsi, insan haqqlarının qorunması, gəlişməsi uğrunda mübarizə aparır və dinindən, məzhəbindən, etnik mənsubiyyətindən, cinsindən, siyasi əqidəsindən, təşkilat mənsubiyyətindən, sosial durumundan asılı olmayaraq hər bir azərbaycanlı üçün insan azadlığı və insan haqqlarının aliliyini rəhbər prinsip kimi qəbul edir.

 

- GAK, könüllülük əsasında yaradılan qeyri-dövlət və qeyri-kommersiya təşkilatı olub, öz fəaliyyətini BMT nizamnaməsinə, ümumdünya insan haqqları bəyannaməsinə, insan hüquqları ilə bağlı Avropa sözləşməsinə, digər müvafiq beynəlxalq sənədlərə, eləcə də öz Nizamnamə və Məramnaməsinə uyğun surətdə qurur.

 

- GAK, öz fəaliyyətini Güney Azərbaycanda, azərbaycanlıların yaşadığı digər ölkələrdə həyata keçirir və onun işində dünyanın bütün azərbaycanlıları iştirak edir.

 

- GAK, Güney Azərbaycanda yaşayan azərbaycanlıların çeşidli problemlərə malik olduğunu qəbul edir və onlardan hər birinə fərdi yanaşmanı gərəkli sayır.

 

GAK-ın məqsəd və vəzifələri:

- BMT qarşısında məsələ qaldıraraq bölünmüş xalq statusu almaq

 

- Güney Azərbaycanın hüquqlarının müdafiəsi üçün bütün imkanları səfərbər etmək

 

- Güney Azərbaycanda insan haqqlarının qorunması uğrunda davamlı sahəsində ardıcıl mübarizə aparmaq

 

- Milli adət-ən'ənələrin, milli mədəniyyətin, milli təfəkkürün qorunub saxlanılması və təbliği sahəsində iş aparmaq

 

- Insan haqqlarının aliliyi prinsiplərini, BMT Nizamnaməsini əsas götürərək İranın əsarəti altında olan 35 milyondan artıq Azərbaycan türkünün mədəni, iqtisadi, ictimai-siyasi hüquqları uğrunda mübarizə aparmaq

 

- Güney Azərbaycanda yaşayan türklərin milli hüquqlarının pozulduğu tarixi sənədlərlə sübüt etmək

 

- Xalqların və millətlərin öz müqəddəratını tə'yin etmək hüququna əsaslanaraq İran deyilən ərazidə yaşayan Azərbaycan türklərinin ərazi və dövlət quruluşunun tə'yin edilməsi hüquqlarının onlara verilməsinə nail olmaq

 

- Güney Azərbaycanda fars rejimi tərəfindən Azərbaycan türklərinin hüquqlarının kütləvi şəkildə pozulması faktını beynəlxalq təşkilarlara və dünya dövlətlərinə davamlı olaraq çatdırmaq

 

- Fars rejiminin Güney Azərbaycanda tarixi-milli abidələri sıradan çıxarması, farslaşdırması haqqında UNESCO qarşısında məsələ qaldırmaq

 

- Güney Azərbaycan milli azadlıq uğrunda mübarizə aparan təşkilatları dəstəkləmək, onları beynəlxalq aləmdə tanıtmaq

 

- Azəbaycan Respublikasına qarşı Ermənistan təcavüzünü ardıcıl olaraq məhkum etmək

 

- Qarabağ və ətraf rayonların işqaldan azad olunmasını tələb etmək və bu yolda Ermənistan tərəfindən işqal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması uğrunda mübarizə aparmaq

 

- Ermənistan tərəfindən öz ata-baba yurdlarından zorla didərgin salınmış qaçqınların hüquqlarını daima qorumaq.

 

 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa