Güney Azərbaycan Konqresinin
NİZAMNAMƏSİ

1.  Ümumi müddəalar

a. Güney Azərbaycan Konqresi (bundan sonra qıssaca: GAK), Güney Azərbaycanda yaşayan xalqımızın milli hüquqları və insan haqqlarını qorumaq uğrunda mübarizə aparan müstəqil ictimai təşkilatdır.
b. GAK, Güney Azərbaycan türklüyünün vahid milli kimliyə yiyələnməsi və ayrıca bir xalq kimi öz müqəddəratını tə’yin etməsi, insan haqqlarının qorunması, gəlişməsi uğrunda mübarizə aparır və bu zaman dinindən-məzhəbindən, etnik mənsubiyyətindən, cinsindən, siyasi əqidəsindən, təşkilat mənsubiyyətindən, sosial-iqtisadi durumundan asılı olmayaraq, hər bir Azərbaycanlı üçün insan azadlığını və insan haqqlarının aliliyini rəhbər prinsip kimi qəbul edir.
c. GAK, könüllülük əsasında yaradılan qeyri-dövlət və qeyri-kommersiya təşkilatı olub, öz fəaliyyətini BMT Nizamnaməsinə, Ümumdünya İnsan Haqqları Bəyannaməsinə, insan haqqları ilə bağlı mövcud Avropa Sözləşmələrinə, digər müvafiq beynəlxalq sənədlərə və bu Nizamnaməyə uyğun sur’ətdə qurur.
d. GAK, öz fəaliyyətini Güney Azərbaycanda, həmçinin Azərbaycanlıların yaşadığı digər ölkələrdə həyata keçirir və onun işində dünyanın bütün Azərbaycanlıları iştirak edir.

 

2.  GAKın təşkilat quruluşu

a. GAKın idarə edilməsi bu Nizamnaməyə uyğun şəkildə aşağıdan yuxarıya bütün orqanların seçkili olması, üzvlərin hüquq bərabərliyi, aşkarlıq, demokratiya və özünüidarə prinsipləri əsasında həyata keçirilir. Güney Azərbaycanda diktator şovinist rejim hakim olduğu bir zamanda gizli fəaliyyət üçün qaydalar GAK-ın Mərkəzi Komitəsi tərəfindən hazırlanır və üzvlərin nəzərinə çatdırılır.
b. GAKın ali orqanı qurultaydır.
b1. Qurultay Mərkəzi Komitə tərəfindən üç ildə bir dəfə çağırılır.
b2. GAK üzvlərinin qurultayda səlahiyyətli səslə nümayəndə kimi iştirak etməsi, Mərkəzi Komitənin müəyyənləşdirdiyi qaydalar əsasında həyata keçirilir.
b3. Səlahiyyətli nümayəndə olmayan GAK üzvlərini, Mərkəzi Komitə müşahidəçi kimi qurultaya də’vət edə bilər. Müşahidəçilərin çıxış etmək haqqı var, lakin səs vermək haqqı yoxdur.

b4. Qurultayda qərarlar sadə səs çoxluğu ilə - 50%+1 formulu əsasında qəbul edilir.
b5. Qurultayın səlahiyyətinə aşağıdakılar daxildir:

- Mandat komissiyası yaradaraq qurultay nümayəndələrinin səlahiyyətlərini yoxlayıb təsdiq etmək;

- GAKın Nizamnaməsini qəbul etmək və onda dəyişikliklər etmək;

- GAKın fəaliyyətinin əsas yönlərini müəyyənləşdirmək;

- GAKın Mərkəzi Komitəsini seçmək və onun dövrlük hesabatını dinləyib qiymətləndirmək;

- GAKın fəaliyyəti ilə bağlı digər məsələləri həll etmək.

c. Qurultayarası dövrdə GAKın yüksək səlahiyyətli qərarverici orqanı Mərkəzi Komitədir.
c1. Mərkəzi Komitə qurultayda GAK üzvləri içərisindən müəyyən edilmiş sayda seçilir.
c2. Mərkəzi Komitə 6 ayda bir dəfə polonom keçirir.
c3. Üzvlərinin ən azı 50%+1 iştirak etdikdə Mərkəzi Komitənin yığıncağı səlahiyyətlidir.
c4. Mərkəzi Komitədə qərarlar üzvlərin 50%+1 səs çoxluğu ilə qəbul edilir.
c5. Mərkəzi Komitə öz üzvlərinin ümumi rəhbərliyi ilə çeşidli alt qurumlar (İcraiyyə Heyyəti, Dəbirxana, Nəzarət Təftiş Komitəsi, komitələr, komissiyalar, mərkəzlər, dərnəklər və s.) yaradır və bu qurumların fəaliyyətini əlaqələndirir.
c6. Mərkəzi Komitənin səlahiyyətlərinə aşağdakılar daxildir:

- GAK Mərkəzi Komitəsinə qurultayda seçilə bilmək üçün, 3 il GAKda üzviyyət sabiqəsi olmalıdır

- Qurultaylararası dövrdə GAKın fəaliyyətinə rəhbərlik etmək;

- GAK nizamnaməsinin layihəsini hazırlayıb qurultaya təqdim etmək;

- GAK fəaliyyətinin əsas yönləri, strateji və taktiki istiqamətləri ilə bağlı layihələr hazırlayıb qurultayın təsdiqinə vermək;

- Mərkəzi Komitənin sədrini, müavinlərini, katibini seçmək və onların iste’fasını qəbul etmək;

- GAK qurultaylarını çağırmaq və onun keçirilməsini təşkil etmək;

- Polonomlarda Mərkəzi Komitə sədrinin və digər məs’ullarının mə’lumatlarını dinləyib müzakirə etmək;

- GAK nizamnaməsini pozan İH üzvü haqqında Nəzarət Təftiş Komissiyasına müraciət etmək;

- GAKın maliyyə işlərinə  rəhbərlik etmək və sərəncam vermək;

- GAK qurultayının qərarlarından və GAK nizamnaməsindən irəli gələn vəzifələrin icrasına nəzarət etmək;

- Alt qurumlara və ayrı-ayrı GAK üzvlərinə Nizamnamə tələblərinə uyğun tapşırıqlar vermək və bu tapşırıqların icrasına nəzarət etmək.

- GAKın Nəzarət Təftiş Komissiyasını seçmək və onun dövrlük hesabatını dinləyib qiymətləndirmək;

- Mərkəzi Komitə, öz üzvlərindən İcraiyyə Heyyəti seçir və İcraiyyə Heyyəti isə Sədr, müavinləri və katibliyi seçir – yəni Dəbirxana üzvlərini seçir.

d. Sədrin səlahiyyətləri:
d1. Mərkəzi Komitənin qəbul etdiyi qərarların icrasına nəzarət edir;
d2. Mərkəzi Komitənin yığıncağını çağırır
;
d3. Hərhansı bir səbəbdən sədr öz vəzifəsini icra edə bilmədikdə, yaxud icra etmək istəmədikdə, Sədrlik vəzifəsinin Sədrin Birinci Müavini daşıyır.

e. GAKın yüksək səlahiyyətli nəzarətedici orqanı Nəzarət Təftiş Komissiyasıdır.
e1. Nəzarət Təftiş Komissiyası GAK üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğunluğuna və maliyyə məsələlərinə nəzarəti həyata keçirir
e2. Nəzarət Təftiş Komissiyası öz fəaliyyəti haqqında Mərkəzi Komitəyə mə’lumat və qurultaya hesabat verir.

e3. NTKnın fəaliyyəti “NTKnin işi haqqında” Əsasnamə ilə tənzimlənir.

 

3.  GAKda üzvlük

a. Siyasi mənsubiyyətindən, dini baxışından və siyasi-ideoloji əqidəsindən, ölkə vətəndaşlığından asılı olmayaraq bu Nizamnaməni qəbul edən, onun məqsəd və vəzifələrini həyata keçirməyə çalışan və üzvlük haqqı ödəyən hər bir Azərbaycanlı, yaxud hər bir Azərbaycan təşkilatı GAKın üzvü ola bilər.

b. GAKda üzvlük fərdi və kollektiv ola bilər.

c. Fərdi qaydada üzvlük şəxsin GAK Mərkəzi Komitənin adına yazılmış ərizə əsasında həyata keçirilir. Mərkəzi Komitənin təsdiqindən sonra ərizə sahibi GAKın üzvü hesab olunur.

d. Kollektiv qaydada üzvlük üçün üzv olmaq istəyən təşkilatın (dərnək, cəmiyyət, və s) rəhbər orqanının qərarı, əsasnaməsinin surəti, səlahiyyətli nümayəndə haqqında mə’lumat və GAK Mərkəzi Komitənin adına yazılmış ərizə, GAK Mərkəzi Komitəsinə təqdim edilir. Mərkəzi Komitənin təsdiqindən sonra həmin təşkilat GAKın kollektiv üzvü sayılır.

e. Üzvlüklə bağlı son söz qurultayındır. Qurultay nümayəndələri səs çoxluğu ilə Mərkəzi Komitənin qəbul etdiyi fərdi, yaxud kollektiv üzvləri təsdiqləyə və üzvlükdən xaric edə bilər.

f. GAKın üzvlərinin aşağıdakı hüquqları var:

  • GAKın bütün orqanlarına seçmək və seçilmək;
  • GAKın fəaliyyəti ilə bağlı təkliflər vermək və layihələr hazırlamaq;
  • Müzakirədə çıxış etmək və öz tənqidi fikirlərini açıq şəkildə bildirmək;
  • GAK orqanlarından informasiya almaq.

g.   GAK üzvlərinin vəzifələri aşağıdakılardır:

- Bu Nizamnaməyə əməl etmək, təşkilatın qərarlarını yerinə yetirmək;

- Təşkilata ziyan vuran, onun adına ləkə gətirən və Nizamnamə ilə bir araya sığmayan hərəkətlərə yol verməmək;

- Təşkilat üzvlərinin hüququnu pozan hərəkətlərə yol verməmək və hər kəsin haqqında sayğı ilə yanaşmaq;

- Təşkilatın fəaliyyətinə hər vasitə ilə yardım etmək;

- Qurultayın müəyyənləşdirdiyi miqdarda üzvlük haqqı vermək

 

4.  GAKın hüquqi statusu, əmlakı və maliyyə vəsaiti

a. GAK özünün möhürü, ştampı, banklarda hesab nömrələri, müstəqil balansı və s. olan hüquqi şəxsdir.
b. GAKın mülkiyyətini öz vəsaiti hesabına əldə etdiyi və ya ona bağışlanan əmlak-dəftərxana ləvazimatı, texniki avadanlıq, ofis, inventar, binalar, mənzillər, pul, qiymətli kağız və s. təşkil edir. GAK öz vəsaiti hesabına nəşriyyatlar, mətbuat və informasya orqanları, xeyriyyə təşkilatları, fondlar və s. təşkil edə bilər.
c. GAKın əmlakının və maliyyə vəsaitinin qaynaqları aşağıdakılardır:

- Üzvlük haqqı;

- Müxtəlif fiziki və hüquqi şəxslərin ianələri və hədiyyələri;

- Təşkilat strukturlarının  -məhsul, iş və xidmətlərinin – mühazirələr, sərgilər, tamaşalar, konsertlər, idman tədbirləri və s. gərçəkləşdirilməsindən və qanunla qadağan olunmamış digər əməliyyatlardan əldə edilən gəlir;

- Alınmış kreditlər;

- Əvəzsiz ödəmələr və s.

d. GAKın gəliri Əsasnamədə nəzərdə tutulmuş məqsəd və vəzifələrin həyata keçirilməsinə xərclənir.
e. GAKın maliyyə vəsaitinin xərclənməsi ilə bağlı yuxarı orqanlar qarşısında hesabat verilir.

 

5.  GAKın buraxılma qaydası

a. Qurultay nümayəndələrinin üçdə iki hissəsinin razılığı ilə GAK buraxıla bilər.
b. GAK buraxılarkən onun əmlakının taleyi qurultay, yaxud Mərkəzi Komitə tərəfindən müəyyən olunmuş qaydada həll edilir.

 

 

 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa