Azərbaycan’da 6 Noyabrda parlament seçkiləri keçirildi, ancaq o gün yandırılan odun tütsüsü burula burula çıxmağa hələ də davam edir.
Türkiyə’dən də səksəndən artıq nümayəndə gedib seçkilərdə müşahidəçi sifətilə iştirak etdilər və onların əksəriyyəti Azərbaycan haqda kifayət qədər məlumatı olmayan kəslərdilər. Televiziya ekranında hardasa hamısının bəyanatına qulaq asdıq. Əlbətdə Avropalılar da seçkidə müşahidəçi sifətilə iştirak etmişdilər. Türkiyə’dən gedənlər seçkilərin şəffaf keçirildiğini, bir iki yerdə yaranmış problemi saymazsaq ümumiyyətlə onun uğurla nəticələndiyini söylədilər. Bəzi şəxslər, məsələn bir vəqfin nümayəndəsi isə nəyin hesabınasa dedi ki; “seçkilər, qərb standardlarına uyğun aparıldı”. Müxalifət isə seçki meydançasında uduzmasının yaratdığı əsəbaniliklə “Türkiyə bizi 2003-cü ildəki seçkilərdə olan kimi satdı” deyə bəyanatlar yaydı.
Əzizlərim, gəlin papağımızı qabağımıza qoyub fikirləşək və məsələlərə obyektiv qiymət verək. Türkiyə’dən gələn nümayəndələr hamılıqca götürəndə Azərbaycan seçkiləri haqda, həm hakimiyyətin, həm də müxalifətin ürəyi istəyən şəkildə qiymət verməyibdir, verəbilməzdilər də. Onların əksəriyyəti Türkiyə hakimiyyətinin nümayəndələridir və öhdədar olduqları nümayəndəlik sifətilə Azərbaycana gəliblər, özlərinə tapşırılan şəkildə sadəcə olaraq gördüklərini danışıblar. Qaş düzəldim deyərkən gözü çıxartmamaq, ən əhəmiyyətlisi isə Azərbaycan haqda kifayət qədər məlumata malik olmadıqlarından ehtiyatla hərəkət etmək isəyiblər. Onların yaydıqları bəyanat nə Türkiyə dövlətinin fikridir nə də ki, Türkiyədə yaşayan Türk xalqının bütövünün, bunu da bəri başdan bildirmək istərdim. Seçkilər barədə Türkiyə’nin fikirlərini ən gözəl şəkildə xariciişlər nazirliyinin nümayəndəsi Namiq Tan cənabları izhar etmişdir. O, yaydığı bəyanatında demişdir ki; ”Bəzi bölgələrdə qanun pozuntuları yaranıb. Seçki nəticələrinə etiraz müddəti çərçivəsində bu pozuntuların yaratdığı nəticənin aradan götürülməsi şəksiz ki, Azərbaycan’ın xeyrinə olacaqdır”. Sonra hörmətli Əli Həsənov Bəy də ANS televiziyası ekranında özüylə götürülən müsahibədə həmin nöqtəyə işarə etmiş və qanun pozuntusuna yol verilən yerlərdəki problemin vaxt itirilmədən həllə qovuşdurulacağını söyləmişdir. Hörmətli Prezident İlham Əliyev Bəy də həmin yerlərin icra hakimlərini işindən kənarlaşdıraraq həqiqi dövlət adamlığının normasını nümayiş etdirmişdir.
O biri tərəfdən isə ATƏT, Avropa Şurası, Avropa Parlamenti və Nato nümayəndələri 19-cu əsrin əvvəllərindən üzübəri yağlı quyruq gözüylə baxdıqları Azərbaycan’a doluşub hamı bir ağızdan deyiblər ki; “Azərbaycan’dakı seçkilər bəzi beynəlxalq ülgülərlə üst üstə düşmür”.
Əlbətdə beynəlxalq ülgü deyəndə onların cibişdanı nəzərdə tutulur..!
Ağalar, Amerika’da Al Qor ile Buş arasında gedən seçki yarışında yaranmış rüsvayçılıqda niyə ora doluşub hərhansı fikir bəyan etmədiniz, niyə!? O vaxt hələ demokrat olmamışdınız!?
Dünyada tarix boyu işğalçı siyasət güdmüş, öz milli mənafeləri uğrunda Afrikalı və Asiyalı neçə neçə xalqı milli, mənəvi, iqtisadi və siyasi cəhətdən məhv etmiş Avropalılar ikidə birdə demokratiyadan züy tuturlar. Almaniya’da həyata keçirilən demokratiya ilə Fransa vəya Amerika’daki birdir mi?! Əlbətdə yox. Avropalılar, hansı şey öz mənafelərinədirsə onu demokratiyanın əsası kimi qızdırıb qabağımıza qoyurlar. Məsələn Almanlar niyə Polşa sərhəddinə yaxın yerlərdəki Polyax köklülərə öz milli hüquqlarını tanımır. Fransa’da yetmişiki millət yaşayır, niyə onlara öz milli azadlıqlarını vermirlər. Bir müddət qabaq Paris, Lyon, Lillə və digər bir neçə şəhərdə yaranmış hadisələr hələ də davam edir və bunlar, onların nə cür demokrat olduğunu yaxşıca büruzə vermir mi!? Sonra onların Əl Cəzayir’də 1950-ci illərdə törətdikləri soyqırımın izləri canlı şəkildə bugün də qarşıda dayanmır mı? İngiltərə, Şimali İrlandiya’ya niyə öz hüququndan istifadəyə icazə vermir? Vəya İspaniya niyə Basklara öz hüquqlarını təhvil vermir, ya da İtalyanlar?! Suallar çoxaldılabilər. Bunlar əgər doğrudan da sözün əsl mənasında demokratdırsa gedib öz daxillərindəki özlərindən qeyri millətlərin bəşəri hüquqlarını özlərinə təhvil versinlər, sonra gəlib bizə demokratiya dərsi keçsinlər. Yadlarından çıxarmasınlar ki, bəşər tarixinə demokratiyanı hədiyyə edən Türklərdir.
Onların fikrincə əsl demokrat, qanını sümürdükləri xalqlar və dövlətlərdir. Onların milli mənafeinə qarşı öz milli mənafeini güdənlər isə onların gözündə ya terroristdir, despotdur vəya bir sözlə bəşərin düşmənidir (!!!???).
Bu Avropalı ağzı göyçəklərə niyə sual verilmir ki, İraq’da aparılan seçki və əsas qanunla bağlı referendumda niyə müşahidəçi kimi gedib iştirak etmədiniz? İraq’da törədilən qanun pozuntularına, Mosul’da, Təlafar’da, Kərkük’də törədilən terror aktlarına və Türkmənləri dədə baba yurdlarından didərgin salan Barzaniçi və Talabaniçi terrorisd quldurlara kimin arxa durduğunu bütün dünyaya niyə carlamadınız, carlamırsınız, hələ də dilinizi pişik yeyib niyə, niyə?
Sonra nə bilim …os, vəya bir neçə Avropalı vəqfin Azərbaycan’da iğtişaş törətmək, bundan da özləri üçün sui istifadə etmək naminə yaratdığı rüsvayçılığı niyə dilinizə dolamırsınız? Bu suallar, o riyakarlara niyə verilmir, bilmirəm!? Sonra da durub Türkiyə günahlandırılır, Türk xalqının Azərbaycan’a qarşı guya biganəliyi qələmə verilir. Atalar demişkən “it itin ayağını basmır” həəə!
Digər tərəfdən isə, Türkiyə’də buraxılan Milli Qəzetdə 10. 11. 2005-ci il tarixində çap olunan bir müsahibədə speys televiziyasının əməkdaşı Həmid Herisçi Bəy xülasə olaraq deyir: “Bakı’da Türk mətbuatının nümayəndələrilə dəfələrlə görüşdüm. Təəssüflər olsun ki, onların heç birinin Azərbaycan’ın ədəbiyatı, sənəti, siyasəti, iqtidarının və müxalifətinin gücü haqda analitik məqalələr yazdıqlarının şahidi olmadım. Türkiyə, Azərbaycan’da keçmiş Sovet İmperiyasının siyasətini yeridir. Türkiyə’nin Azərbaycan’la bağlı siyasəti şəffaf deyil. Ruslar Azərbaycan’a daha çox maraqla yanaşırlar. Bura gələnlərin əksəriyyəti qardaşlıq ədəbiyatından dəm tutan romantik xarakterli şəxslərdilər. Niyə Türkiyə’nin tanınmış sənətkarları, entellektualları, alimləri gəlmədilər, bunu başa düşə bilmirəm. Qardaşlıqdan dəm tuturlar ancaq ara yerdə heç nə yoxdur… və sair vəilaxir…
Bəli əzizlərim, Tanrı’nın dünyaya qardaş kimi yaradıb Anadolu və Azərbaycan coğrafiyasına saldığı, 15-ci əsrə kimi bir dili danışan, bu əsrdən tutmuş dilləri haçalanan, 20-ci əsrdə təkrar vahid dil və mədəniyyət yaratmaq mənzilinə sarı üz tutan iki qardaş dövlətin və xalqın müəyyən şəxslərinin nəyin hesabınasa Azərbaycan və Türkiyə barədəki nəzərləri xülasə olaraq yuxarıda deyilənlərdən ibarətdir.
Hamı bilməlidir ki, mərhum dövlət xadimimiz Heydər Əliyev cənabları demişkən “Biz bir millət iki dövlətik”. Türkiyə, böyük rəhbər Atatürk’ün “Yurtda sülh, cahanda sülh” prinsipinə həmişə sadiq qalmışdır və qalacaqdır. Yəni, özgə bir dövlətin daxili işlərinə barmaq uzatmaz və uzatmayacaqdır. Sonra bəşər tarixinə Nizamilər, Füzulilər, Nəsrəddin Tusilər, Rəsulzadələr, Əlçibəylər, Heydər Əliyevlər, Şeyx Məhəmməd Xiyabanilər, Pişəvərilər, Şəriətmədarilər ərməğan etmiş Azərbaycan Türkləri özlərini idarə etməkdən acizdirmi, Türkiyə onun daxili işinə müdaxilə etsin!? Bu məntiq, Azərbaycan xalqını küllü halda təhqir etmir mi?! Yaxşı bilinməlidir ki; Azərbaycan’la qanbir, dilbir, dinbir qardaş olsaq da o ayrı bir dövlətdir və onun daxili işlərinə “Mərmərə vəqfinin nümayəndəsi” səviyyəsində qarışmağa nə hüququmuz çatır, nə də ixtiyarımız vardır. Azərbaycan’ın hakimiyyəti də özümüzünküdür, müxalifəti də. Azərbaycan’ın daxili siyasəti, hakimiyyəti ilə müxalifəti arasında həll olunacaq bir məsələdir, hakimiyət uğrunda mübarizənin bizə dəxli yoxdur. Ancaq, Azərbaycan’a hərhansı bir yer vəya dövlət kəm gözlə baxsa Türkiyə dövlətlərarası normalar çərçivəsində qarşı gələr. Türk xalqı da, hakimiyyətdəkilər icazə versin vəya verməsin kütləvi şəkildə ayağa durar. 20 Yanvar və Xocalı soyqırımı tördədildiyi vaxtlarda Anadolu xalqı hövl ilə ayağa durub öz sözünü demədi mi?! Sonra işğal altındakı torpaqlar məsələsində Türkiyə’nin tutduğu mövqeyi və bu mövqeyini bütün dünyanın təzyiqinə baxmayaraq əvəz etməməsi hamıya məlum deyil mi?! Ayrı bir fakt: Azərbaycan gəmilərinə mail təcavüzdə Türkiyə’nin hərbî təyyarələrinin Xəzər dənizinin üstündə cövlan etməsi hadisəsini də heç kəs unutmayıb. Azadlıq əldə ediləndən üzübəri Türkiyə’də təhsil alan on minlərlə Azərbaycanlı tələbəyə Türkiyə vətəndaşı tələbələrdən daha artıq göstərilən qayğı kimi faktlar da göz qabağındadır.
Burada bir haşiyə çıxıb hörmətli Həmid Herisçi bəyə və onun kimi fikirləşənlərə bir neçə söz demək istərdim. Mən, Türkiyə vətəndaşıyam və sənin məktəblərdə öyrəndiyin, anandan atandan miras qalmış, mənim də anamdan və atamdan miras qalmış dillə bu məqaləni yazıram, özüm de Ankara’da yaşayıram. Mən, Azərbaycan məktəblərində təhsil almadım, Anadolu’da böyüyüb boya başa çatdım və indiyə kimi Türkiyə’də Azərbaycan’la bağlı çap olunmuş on beş kitabın müəllifiyəm. Azərbaycan dövlətinin hansı yazıçısının Azərbaycan xaricindəki bir ölkədə bu qədər əsəri çapdan buraxılıb və Azərbaycan’ı bu boyda təbliğ edibdir? O on beş əsəri yazmaq üçün mənə hərhansı Azərbaycanlı vəya Türkiyəli bir xadim göstəriş verməyib vəya hərhansı şəxs xahiş etməyibdir. Ancaq Azərbaycan’a bu boyda can yandırmağımda Türkiyə Cümhuriyyəti’nin Azərbaycan’a duyduğu qardaşlıq səmimiyyətini özümə həmişə arxa bilmişəm. Özgə bir fakt: Türkiyə barədə Azərbaycan’da mərhum qocaman alimimiz Prof. Abbas Zamanov’un, Türkiyə’də Prof. Əli Yavuz Akpınar’ın xüsusilə Qardaş Ədəbiyatlar dərgisi ilə gördüyü işləri siz mi gördünüz, yoxsa onları siz mi maliyyələşdirdiniz? Müsahibənizdə dediyiniz sözlər, guya qabartdığınız dırnaqarası faktlar Türkiyə’də Azərbaycan uğrunda mübarizə yeritmiş və yeridən mənim kimi şəxsləri hədsiz narahat etmişdir Bəy, sözlərinizi biraz ehtiyatla desəydiniz daha yaxşı olardı.
Əzizim Həmid Bəy, Azərbaycan’a 250 il qağalıq edən Rusların əlindən Azərbaycan təngə gəldi, indi də Türkiyə’nin gəlib qağalıq etməsini istəyirsiniz..! Təəssüflər olsun ki Türkiyə Azərbaycan’a dünyasında qağalıq etmək həvəsində də, fikrində də deyildir. Onlar müsavi, bərabər hüquqlu iki canbir, qanbir qardaşdır, əbədiyətə kimi də elə qalacaqlar… Bəlkə bilmirdiniz!?
Əzizlərim, son söz kimi demək istərdim ki; Türkiyə ilə Azərbaycan xalqları Tanrı’nın qardaş yaratdığı insanlardır. Onların qardaşlığını və dostluğunu ancaq Tanrı birbirindən ayırabilər. Seçki, siyasi igidlər meydançasıdır, ağıllı, bilikli və tədbirli olanlar, xalqın və əsrin nəbzini tutabilənlər ordan qalib və üzü ağ çıxırlar. Bu seçkidə uduzanlar da məğlubiyyətlərinin səbəbini heç yerdə axtarmasınlar, evlərinə gedib papaqlarını qabaqlarına qoyub yaxşıca fikirləşsinlər və harda, hansı səhvə yol verdiklərini dərk etsinlər. Sonra öz əllərindəki hakimiyyəti qızıl məcməiyə qoyub aparıb indiki hakimiyyətin sələfinə təhvil verənlər Türkiyə’dəki Türklərdi, yoxsa Türkiyə Cümhuriyyəti idi?!
Əziz xalqım, vətən və gələcək hamıdan, hamımızdan birlik tələb edir. Ulu tariximiz və ulu babalarımızın müqəddəs ruhu, dövlətin hakimiyyətinə yiyələnmiş şəxsiyyətlərdən xalqa layığınca qayğı göstərməyi, xalqdan da öz dövlətinə layığınca gözəl vətəndaş olmağı tələb edir. Allah eləməmiş, birliyimiz əldən getsə, dirliyimiz olabilməz. Yaddan çıxartmayaq ki; dörəbərimizdə bizim büdrəməmizi, bir birimizə düşməmizi gözləyən kaftarlar dişlərini qıcayıb bizi güdürlər, bu real faktı heç vaxt unutmayaq…
Allah sənə min min rəhmət eləsin Məmməd Araz əmim, nə gözəl demisən:
“Nişançı özümüz, hədəf özümüz”…
Beləsə…
Çürümüş dirəyik belə
Bir süfrə başında iki sözümüz
Bir ola bilmirsə, ta nəyik belə?
Biz niyə bu günə düşdük, ay dədə?!
Hamıya hörmətlə.
|