Seyfəddin ALTAYLI
Qarabağ-Qərbi Azərbaycan və erməni iddiaları |
Seyfəddin ALTAYLI |
|
Əzizim Qarabağ’ı Gəncə’nin Qarabağ’ı İtirdim tərlanımı Boynunda qara bağı
Mərhum atam özünü də unudacaq şəkildə duyğulandığı vaxt gözlərini bir nöqtəyə zilləyər və Qarabağ şikəstəsinin bu sözlərlə başlayan varyantını oxuyardı. Qarabağ, Şərq və Qərb Türklüyü arasında tarix boyu körpü rolunu götürmüş Azərbaycanımızın cənnət guşəsidir. Bura, həddən artıq strateji əhəmiyyətə və insanı valeh edən bir gözəlliyə malikdir. Bu səbəblə də tarix boyu şərqdən qərbə, qərbdən şərqə yönəlmiş işğalçıların qarşısına çıxan maneə olmuş, münasibətiylə də döyüş meydançasına çevrilmişdir. Qarabağ sözü, etimoloji cəhətdən iki hissədən təşkil tapır. Tarix metodologiyasının onomastik elmi əsasında tədqiq edildikdə qara və bağ sözlərinin birləşərək yaratdığı bir sifət addır. Qara, rəng kimi siyah mənasında olduğu kimi qədim Türkcədə şimalda qalan yer, mərkəzin qüzeyi kimi mənaları da daşıyır. Bu rəng, Türklərdə min illər boyu qüzeyin simvolu olubdur[1]. Türklərin əfsanəvi xaqanı Oğuz Xan E. Q. 200 ilində Çin xaqanı Kao’nu Pətəng qalası döyüşündə mühasirəyə saldığı vaxt şimal ordusundakı atların rəngi qara idi[2]. Ordunun atların rənginə görə, şərqdəkilər qır (göy, mavi), qərbdəkilər ağ, güneydəkilər qonur, qüzeydəkilər qara şəklində tənzim edilməsi Oğuz Xan zamanında başlamış və bu ənənə yüzillər boyu davam etmişdir. Miladî 983-985-ci illər arasında Uyğur dövlətinə gedən Çin elçisi Wanq Yən-t’ê ordunun bu nizam üzrə cərgələnişinin şahidi olmuş və bunu öz arayışında qeyd etmişdir[3]. Qara rəng, digər tərəfdən qüdrətli, zorlu, güclü mənalarını da daşıyır. Türklərin, şiddətli keçən qışa qara qış, güclü və qüdrətli hökmdarlara qara sifətini yaraşdırması (Qara Xaqan “Göytürk xaqanıdır”) da həmin fikrin məhsuludur. Qaranın bir özgə mənası da qışlaqdır və Qara Qoru, Qara Hoçu, Qara Balqasun kimi yer adlarının başındakı qara sifəti qışlaq mənasını daşıyır. Bugün Ermənistan’ın işğalı altındakı Göyçə gölünün adı da, mərkəzi Kür-Araz vadisi, başqa sözlə desək Aran bölgəsinin şərqində qaldığından ötrü şərqdəki göl anlamında qoyulmuşdur. Yoxsa suları mavi rəngdə görünür deyə bu ad qoyulmayıb, onsuz da hər suyun rəngi maviyə çalır. Bugün isə tarixin qəribə oyunu kimi, Erməni adıyla yad edilən Hay xalqı Göyçə gölünə Sevan adını qoymuşdur (sə=qara, van=Van şəhəri) Qara Van mənasındadır və bu da onların Türkiyə torpaqları üstündəki haqq iddiasından bəhrələnir. İstiqamətləndirmə, yön təyin etmə ilə bağlı rənglərin və həqiqətlərin işığında hərəkət edən Türklər yeradlarını təyin etmədə də ulu babalardan miras qalan gələnəklərə uyaraq Kür-Araz çayları arasında qurulan mərkəzî dövlətlərin qüzeyində qalmasına və təbiətinin çətin şəraitə malik olmasına görə bölgəyə Qarabağ adını qoymuşdur. Bölgədəki yer, dağ və su adları tədqiq edildikdə tamamına yaxınının Türk tayfa və boy adlarını daşıdığı aydın olacaqdır[4]. Xülasə olaraq desək bura, yəni indi Ermənistan adlanan Qərbi Azərbaycan ve Qarabağ torpaqları, tarix boyu Türk yurdu olmuşdur. Azərbaycan, müəyyən vaxtlarda işğalçıların hakimiyyətini qəbul etmək məcburiyyətində qalmış olsa da, bir müddət sonra işğalçıları eynilə 1991-ci ildə olan kimi qovub çıxarmış və öz müstəqilliğini əldə etmişdir. Tarixi yaradan Türklər, təəssüflər olsun ki, nail olduqları tarixi uğuru və xronoloji tarixi gedişatı sonrakı nəsillərə miras qoyacaq yolu izləmədikləri həqiqəti, indiyə kimi ələ keçirilən tapıntılara baxdıqda bütün dəhşətiylə qarşımızda dayanır. Qarabağ’ın adı ilk dəfə 14-cü yüzillikdə çap olunan Gürcü Tarixi adlı əsərdə çəkilir[5]. Həmin əsrdə yaşamış Qəzvinli Həmdullah Mustafi də əsərində Qarabağ’ın adını yad etmişdir[6]. Daha əvvəlki mənbələrdə adı çəkilmir deyə buranın adının Qarabağ olmadığı fikrinə düşmək həddən artıq səhvdir, çünkü buradakı yer adları nəsildən nəslə miras kimi buraxılaraq günümüzə kimi gəlib çıxmışdır. Kür çayının güneyində qalan torpaqlarda E. Ə. I-ci min illərə məxsus Yunan mənbələrində Skyth şəklində yazılan Saklar, Albanlar, Qarqarlar, Utilər və Sode’lər yaşayırdı[7]. Haylarla hərhansı irqi əlaqəsi olmayan Sodelərin Hind-Avropa nəsəbli olmasına baxmayaraq adı çəkilən digər tayfaların tamamı Türk’dü. Qarabağ’ın tamamında isə, başqa sözlə desək Alban torpaqlarında aran, tərtər, dondar, pəçənək, hun, qoros (horos), vərəndə, tuğ adlı Türk tayfaları ilə anariak və pars adlanan, bölgəyə Hindistan’dan gəlmiş insanlar yaşayırdı. Bu yüzilliklərdə buralarda, bugün Erməni kimi tanınan Hay irqinin nəfəsi də duyulmurdu. E. Q. 5-ci yüzilliklərdə Xəzər dənizindən başlamış Qarabağ’ı da əhatə edən və Qafqaz dağlarını ötüb Araz çayına kimi gedib çıxan yerlərdə Asurilərin Aşquzay, Hindistanlıların Sakya, İbranilərin Qomer, Aşkenaz[8], Yunanlıların Skyth, yəni Sak, Heredot’un Massaget[9] dediyi, bugünkü Azərbaycan Türklərinin ulu babaları yaşayırdı. Haylar, Şərqi Anadolu’da dövlət qurmuş Urartuları da özlərinin babası kimi qələmə verirlər; halbuki Urartular da eynilə Hunlar və Göytürklər kimi Türk nəsəblidir. Onlar da ulu qəbul etdikləri dağa qurban kəsib, Hun və Göytürk gələnəklərinin eynisini həyata keçirmişdir[10]. Urartuların, Hay xalqı ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Xurrilərlə Urartuların danışdığı dil morfoloji, fonoloji, cümlə qurğusu və səslənmə yönündən birbirinə çox yaxındır və bitişkən dildir. Hər iki xalqın tərkibindəki insanlar E. Q. 3-cü min illərdə Kür-Araz mədəniyyətini yaratmışdır[11]. Bugün Erməni kimi qələmə verilən Hay xalqının dili Hind-Avropa dillərinin Satem qrupundandır və Urartu dili ilə hərhansı rabitəsi yoxdur[12]. Ermənicə, Hind-Avropa dil qrupuna mənsub olduğundan Yunan, Balt, Slav və Alman dilləri ilə rabitəsi vardır və Pəhləvi dilinə də yaxınlığı həqiqətdir. E. Q. 4-cü yüzillikdən, E. Q. I-ci yüzilliyin əvvəllərinə kimi Qrek (Yunan) və Pəhləvi dilində yazdıqları da məlumdur[13]. Dünyanın tanınmış alimlərinin qəti xətlərlə qəbul etdiyi və birçox Erməni tarixçisi kimi Basdırmaçıyan’ın da təsdiqlədiyi kimi[14], Sakların bir tayfası olan Partlar Qafqazlar və Qarabağ’da E. Q. VI-cı yüzillikdə hakimiyyət qurur və onlardan sonra da Alban hakimiyyəti başlayır. Alban hakimiyyətini quran Arşak və mənsub olduğu tayfa Partların davamçısıdır. Arşak, Nuh peyğəmbərin oğlu Yâfəs nəslindən gəlmiş Sisak’ın sülbündən gələn köçəri və heyvandarlıqla məşğul olan Dahai xalqının Aparn nəslindən gələn Aran’ın tayfasındandır. Ancaq Ermənilər hər şeyi təhrif etdikləri kimi tarixi də saxtalaşdırırlar və onu tərsindən oxuyurlar, özlərini də buraların ən qədim sakini kimi qələmə verirlər. Yunanlı coğrafyaçı Satrabon, Albanlar üçün deyib: “düz ilqarlı, gözəl, yaraşıqlı, ata minmədə, ox atmada və qılınc oynatmada mahirdilər, özləri də yaxşı atlar yetişdirirlər, köçəri olmaqla əkin biçinlə də məşğul olurlar, günəşə və aya hörmətlə yanaşırlar”[15]. Türklərin, günəş, ay, ulu dağlar, ulu ağaclar ulu çaylarla bağlı fikirləri, onlara hörmətlə yanaşmaları hamının məlumudur. Bir digər mövzu isə Albanların, Strabon’un da öydüyü atları yetişdirməsidir[16]. Hunların yetişdirdiyi atların xüsusiyyətləri ilə bunlar müqayisə edildikdə aralarında hərhansı fərq olmadığı araya çıxacaqdır. Oğuz Xan’ın Yüəçi adlı Türk tayfasının əlində girov ikən qaçıb xilas olmağının yeganə amili kimi, tarixi qeydlərdə yazılan və küləkdən sürətli qaçan atı yetişdirənlər, Alban bölgəsində də həmin atları yetişdirirdilər və tarixdə bunlara Qarabağ atları da deyilir. Bu fakt da, digərləri kimi Albanların Türk kimliyi barədəki fikrimizi təsdiqləyir. E. Q. III-cü yüzillikdə başlayan Alban hakimiyyəti, I-ci əsrə kimi Kür-Araz çayları boyu və Dağlıq Qarabağ bölgəsinə hakim olmuşdu[17]. O dövrün mənbələrində də Hayların adı çəkilmir. Miladî VIII-ci yüzildə Ərəb işğalı ilə Alban hakimiyyəti ömrünü başa vurmuşdur. Bu dövrdə Dağlıq Qarabağ bölgəsindəki xıristiyan Albanlar tədricən öz kimliklərini itiriblər. Tanınmış Alban tarixçisi Musa Kalankatlı, Albanların xıristiyan dinini qəbul etməsindən 280 il sonra Hayların xıristiyan dinini qəbul etdiyini yazır[18]. Ancaq bölgədə yaşayan Albanların zaman ərzində Haylar kimi Qriqoryan məzhəbini qəbul edib dini cəhətdən asimilyasiya olduqları da həqiqətdir; lakin onlar Alban ruhunu özlərində saxlayıblar. Rusların 19-cu yüzillikdə bölgəni işğalına kimi Albanlar öz varlıqlarını davam etdiriblər. Ermənilərin Dağlıq Qarabağ’a və bugün Ermənistan adlanan Qərbi Azərbaycan’a gəlmələri ayrıca bir mövzudur. Ermənilərin əsl vətəni nə Şərqi Anadolu, nə Qərbi Azərbaycan (indiki Ermənistan), nə də Dağlıq Qarabağ’dır; onların vətəni Balkanlardan o tərəfdədir. Mərdümazar bir xalq olduqlarına görə tarix boyu hakim qüvvələrin kötəyini yeyiblər və kiçik tayfalar şəklində Anadolu, indiki İran coğrafiyası və Azərbaycan’ın qərb hissəsində buraların yerli sakinləri tərəfindən qonaq kimi qarşılanıblar. Sonra da özlərini qonaq qəbul edən insanları daldan xəncərləyiblər. Özlərinin də iddia etdiyi kimi yuxarı Fərat bölgəsində yaşayan Armeniyalılarla, bugün Erməni adıyla bilinən xalqın babaları olan Haylar arasında irqî cəhətdən də hərhansı yaxınlıq yoxdur. Yuxarı Fərat bölgəsinə Süryani dilində dağlıq ölkə, yuxarı ölkə mənasında Armeniya deyilirdi[19]. Digər tərəfdən alimlər İlkin Xurri Mədəniyyəti adı qoyulmuş mədəniyətin qalıqlarının E. Q. 5500-6000 illərində yaranmış eneolit dövrə kimi gedib çıxdığını, bu mədəniyətin Şərqi Anadolu’nun yüksək yaylaqlarına, Zaqafqazya’ya, mərkəzi Urmiyə olmaqla Güney Azərbaycan’a, Cənubişərqi Anadolu’nun Urfa-Xəlfəti bölgəsinə kimi yayıldığını[20], Xurrilərin yarı köçəri olduğunu, Türkcənin də daxil olduğu Ural-Altay dil qrupuna məxsus bir dildə, yəni Türk dilində danışdığını, 4-13 metr diyametrində, ortasında mərkəzî bir dirəyi olan bir mərtəbəli və qurudulmuş kərpicdən hörülmüş incə divarlı evlər tikdiyini, bu tikiliyə oxşar çadırlardan istifadə etdiklərini, həmin tipli evlərin bugün də Urfa bölgsində istifadə olunduğunu sübut və qəbul ediblər[21]. E. Q. II-ci min illərdə Xurri Türk dövlətinin mərkəzi Van gölü bölgəsi olmaq şərtilə sərhədləri Qızılirmaq və Yaşılirmağın Qaradəniz’ə töküldüyü yerlərə, şimalda Qafqazlara, güneydə Suriyə, Yuxarı Mesopotamiya, qərbdə Toros dağları, şərqdə Zağros dağlarını ötüb Urmiyə Gölü’nə kimi gedib çıxırdı[22]. O vaxtdan qalma gərək Xurri, gərək Mitanni sənədlərində Hayların adına bircə yerdə belə rast gəlinmir. Ancaq Haylara sorsanız, onların E. Q. yüzilliklərdə tarix səhnəsinə çıxdıqları və “üç dəniz arasında” (Xəzər-Qaradəniz-Ağdəniz “Aralıq Dənizi”) qurduqları böyük bir dövlətləri vardır. Tarix, sənədlərlə, arxeoloji tapıntılarla və yazılı bəlgələrlə sübut edilir. Onlar bunu eliyəbilmədiklərindən tarixi və tarixî sənədləri saxtalaşdıraraq öz kefləri necə çəkirsə o cür də tarix yaratmaq dalınca gedirlər. Erməni tarixçiləri ilə ziyalıları tez-tez “Böyük Ermənistan!” dövlətindən söhbət açırlar. Anacaq bu dövləti yaradan Haylar deyil, Türk nəsəbli Partlardır. Onu təşkil edən hakim tayfalar da Saklar, Quşanlar, Ağ Hunlardır “Əftalitlər”və bu dövlət E. Q. 256-cı ildən Miladî 214 ilinə kimi davam etmişdir[23]. Sonra Güney Azərbaycan’ın Urmiyə gölündən başlamış Yuxarı Fərat və Kür-Araz məntəqəsini də əhatə edən bölgədə yaşayan tayfalar arasında Türk soylu Lullubilər, Saspirlər (Akkad sənədlərində Subaru şəklində yazılıb. S.A), Mehranilər, Nigimihlər, Urartular və Turuqqulardan özgə xalqlar da yaşayırdılar[24] ki, onların arasında da Hayların adı çəkilmir. Erməni tarixçilərinin içində, dediyi sözləri pozulmaz bir qanun, hətta müqəddəslik səviyəsinə çıxartdıqları və IV-cü yüzilliğin ikinci hissəsində Muş vilayəti daxilindəki Horn, Horunk kəndində dünyaya gəldiyi, dil öyrənmək məqsədilə Suriyə, Misir və Yunanıstan’a getdiyi, qayıtdıqda bir müddət yoxsulluq çəkdiyi, Erməni tarixini yazdığı iddia edilən Movses Horenatsi, yə’ni Horenli Movses’dir[25]. Müasir Hayların (Ermənilər) hardasa peyğəmbərləşdirdiyi bu şəxs özləri demişkən saxtakârın biridir. Dr. P. Vəttər adlı alim Movsəs Horenatsi’nin yazdığı iddia edilən tarixlə bağlı bunları demişdir: “Onun ‘tarix!’ adını qoyduğu əsər, əfsanəvî şəxslərdən həqiqi hökmdarlarmış kimi qələmə verildiyi, xalqdan yığdığı məlumatları kefi istəyən kimi əvəz etdiyi, bu məlumatları da Koghten (Akulis) deyilən mahaldakı dastançılardan və nağıllardan götürüb yazdığı bir həqiqətdir”[26]. Kevork Aslan adlı Erməni yazıçısı da 1909-cu ildə Paris’də çap olunan “Ermənistan Əhalisi Haqda Tarixi Araşdırma” adlı əsərinin müqəddəməsində öz fikirlərini bu cür şərh edir: “Movses Horenatsi’nin, bu nağıllarını Süryani nağıllarından vəya Armeniya’da dolanan bəzi xurafatlardan götürülüb ustalıqla yazılmış bir əsər kimi qəbul etməliyik. Onun tarixi yalnızca başlanış, əsl mənbə haqda qiymətsiz olmaqla kifayətlənmir, tarixdə Arsasitlər deyilən dövr mövzusunda da həddən artıq səhvlərlə doludur”[27]. Papazyan adlı özgə bir Erməni yazıçısının dedikləri: “İlkin Erməni nəsli, tarixî şəxsiyyətlərdən yox o yerlərdə danışılan nağıllardan götürülübdür. Özü beşinci əsr tarixçisi deyildir. Yedinci əsrdə yaşamış saxtakâr bir tarixçidir. Əsərin də tarixi qiyməti yoxdur. Əgər bu adam nainsaf bir saxtakar deyilsə, Horenli adı, bəklə də digər biriylə dəyişik salınmış olabilər”[28]. Movses Horenatsi’nin saxtakar olduğunu sübut edən bir yığın Erməni alim və yazıçısı vardır, onlar bu barədəki öz fikirlərini bildiriblər, ancaq daha artıq yer tutar deyə bunlarla kifayətlənirəm. Araz çayı sahilində olan Naxçıvan’ın Ordubad vilayətinin Nüsnüs kəndində böyük bir küçənin adının Sak olması və tarixî Sak nəslinin bölgədəki varlığını davam etdirməsi də toponomi və etnonim elmi cəhətdən həddən artıq böyük əhəmiyyətə malikdir. Naxçıvan bölgəsində tapılan və Orta Tunc Əsri adı verilən mədəniyət[29] də yarı köçəri və oturaq həyat sürən Türk tayfaları tərəfindən yaradılıb. Bu mədəniyyətin qalıqları, Qafqazya’nın cənubunda, Urmiyə ətrafı və Şimalşərqi Anadolu’dakı məskunlaşmış yerlərdə tapılıb[30]. Naxçıvan bölgəsində tapılan boyaqlı çanaq çömləklə[31], Çavuştəpə’də tapılan Urartu çömləklərinin[32] bir əldən çıxmış kimi bir-birinə oxşadığı və hər iki yerdə tapılan əsərləri eyni soya mənsub insanların yaratdığı gün kimi aydındır. Tarixi İpək Yolu üstündə həddən artıq strateji əhəmiyyətə malik Gəncə şəhərinin də tanınmış coğrafiyaçı Strabon tərəfindən “Qanzaq” şəklində qeydə alınması, şəhərin Böyük İskəndər’in bölgəni işğalıyla başlayan Atropatena dövlətinin paytaxtı olması, Alban tarixçisi Musa Kalankatlı’nın da həmin adı çəkməsi, “Gəncə” toponiminin Güney Azərbaycan’da, Naxçıvan’da, Qafqazya’da, Qazağstan’da çay, göl, dağ vəya aula ad qoyulması[33], Sak, Hun, Göytürk İmperiyaları daxilində bu ada mənsub bir tayfanın olduğu və onun da harda məskunlaşıbsa öz adını orda əbədiləştirdiğini sübut edir. Bütün bunlardan da bu nəticə yaranır: Bugün özlərinə Erməni deyilən, əslində Arməniya xalqı ilə hərhansı qohumluq əlaqəsi olmayan Haylar nə Qarabağ, nə Naxçıvan, nə Güney Azərbaycan, nə də Türk Alban tayfasının ulu şəxsiyyəti olan Aran’ın öz adını qoyduğu Kür-Araz çayları arasındaki bölgədə tarixin ən qədim dövrlərindən üzübəri görülməyiblər. Hayların, Balkanların o tərəfində, Yunanıstan’ın Teselya bölgəsinin şimalında və İlluriya’da yaşadıqları, Frig-Trak tayfalarına qohum olduqları, İlluriyalıların da mərdimazar bir tayfa olduqlarından asılı onları qovduqları, ancaq Anadolu’ya haçan gəldikləri qəti şəkildə bilinmir. E. Q. VI-cı yüzilliyə kimi də Anadolu torpaqlarında heçbir izlərinə rast gəlinmədiyi də tarixi mənbələrdə qeyd edilmişdir[34]. Ancaq bu tarixdən, yəni E. Q. VI-cı yüzillikdən sonra qovularaq gəldikləri Anadolu torpaqlarında dağınıq yaşamağa başlayıblar və vaxt-vaxt ətrfata olan bəzi tayfalar üstündə siyasî boşluqlardan istifadə edib ağalıq ediblər və öz mədəniyətlərini onlara qəbul etdirərək eynilə Dağlıq Qarabağ’da yaşayan Albanlar kimi Haylaşdırıblar. 1979-cu ildə Sovetlər Birliyi’nin təşkil etdiyi axırıncı odontoloji tədqiqatında Dağlıq Qarabağ’da olan diş və çənə qurğusu barədə bu sözlər deyilmişdir: “Dağlıq Qarabağ bölgəsində aparılan tədqiqatlarda diş və çənə qurğusu cəhətdən yaradılan müqayisəli cədvəldə bir-birinə yaxın olan onlu qrupda Azərbaycan Türklərinin üç qrupu, Ləzgilərin iki qrupu, Kumuklar və Qaradəniz sahilində yaşayan üç tayfa, Adigeylər və bir Erməni qrupu vardır”[35]. Bu da sübut edir ki, bu Erməni qrupu asimilyasiya olmuş Türk vəya özgə bir xalqa mənsubdur və digərlərinə yaxındır, ancaq Hay deyildir. Bugün Dağlıq Qarabağ’da yaşayan və Hay dilində (Ermənicə) danışanlar, 1813 Gülüstan, xüsusilə 1828-ci ildə qol çəkilən Türkmənçay Sazişindən sonra buralara köçürülmüş Ermənilər xaricdə tutulmaq şərtilə tamamı asimilyasiya olmuş Alban Türkləridir. Yenə bölgədə yaşayan və Müsəlman olan Azərbaycan Türkləri isə tarixî Alban Türklərinin nəvə nəticələridir. Qərbi Azərbaycan torpaqları tarix boyu Türk yurdu olub. Xüsusilə 9-11-ci əsrlərdə yaranan Oğuz köçləri[36] ilə buralarda yaşayan Türklər qaynayıb qarışıblar və bugünkü Azərbaycan Türklüyünün formalaşmasında əsas amilə çevriliblər. 1655-ci ildə İrəvan’a gələn Jəan Bəatist Tauvərniə şəhərin qalasında təkcə müsəlmanların yaşadığına[37] işarə etmişdir. 1683-cü ildə bura gələn Fransız səyyahı Jəan Chardin də yazdığı əsərində İrəvan qalasında 800 ailənin yaşadığını və onların tamamının Fars olduğunu qələmə vermişdir[38] ki, səyyah, Anadolu Türklüyü ilə şivə fərqiylə danışan Azərbaycan Türklərini “Fars” zənn etmişdir. Qərbli səyyahların missionerlik vəzifəsini də yerinə yetirdiyini fikirləşsək onun qəsdən həqiqəti yayındırdığını da fikirləşəbilərik; çünkü bölgədə Farslar yaşamayıbdır. Tarix boyu kiçik və vassal bəyliklər, vaxt-vaxt da müstəqil olan, əksəriyyətlə boyunduruq altında yaşayan Haylar müstəqil bir dövlət yaratmaq arzusunu heç vaxt yadlarından çıxarmayıblar. Qəribədir ki, öz dövlətlərini yaratmaq yolunda Bizans və Avropa’dan lazımi dayağı götürəbilmiyən Ermənilər yeganə çıxar yol və ümid qapısı kimi Rusları görüblər, onlara yanaşıblar. Çar I-ci Piyotr da bölgədəki demoqrafik qurğunu əvəz etməyin və burada maneəyə çevriləcək bir Erməni dövləti yaratmağın Rusiya’nın mənafeyinə olacağını fikirləşərək 1724-cü ildə Erməni heyətini qəbul etmiş və Türklərin yaşadığı torpaqlarda Erməniləri məskunlaşdırma işini genral Makyuşkin ilə Levaşov’a göstərişlə tapşırıq vermişdir[39]. 1783-cü ildə Hovsep Arqutyan Rusiya’nın cənubundakı geniş ərazilərdə böyük bir dövlət yaratmaq və paytaxtını da Ani’də salmağı nəzərdə tutan layihəni Rus çarına təqdim etmişdir[40]. Bunu da qeyd etməliyik ki, Ermənilər hələ 12-ci əsrdə bu torpaqlarda müstəqil bir Ermənistan dövləti qurmaq qərarına gəlmişdilər. Rusiya isə Çar I-ci Piyotr’un vəsiyyəti istiqamətində hərəkət edirdi. Çar Piyotr vəsiyyətnaməsində deyirdi: “Ruslar, şimalda Baltiq dənizi, güneydə Qaradəniz sahillərinə addım-addım irəliləməlidir. İstanbul və Hindistan’a olan qədər yaxınlaşılmalıdır. İstanbul’a hakim olanın dünyanın həqiqi hakimi olacağı həqiqəti yaddan çıxarılmamalıdır. Bu səbəblə Osmanlı Dövlətinə daimi hücum çəkilməli və Kəngər (Bəsrə) körfəzinə enəbilmək üçün də qısa müddətdə İran’ın aradan götürülməsinə cəhd edilməlidir. Avstriya İmperiyası liderlərini Türkləri Balkanlardan qovub çıxarmaları üçün təşviq edərək İstanbul’u işğalına çalışmalı, sonra da Avropalıları Avstriya’nın əleyhində qışqırdıb İstanbul’u onların əlindən çıxarmağa çalışılmalıdır”[41]. İran coğrafiyasında Səfəvi hakimiyətini axıra çatdıraraq Əfşar Türk xanədanını başladan Nadir Şah’ın ölümündən sonra Azərbaycan’da müstəqil xanlıqlar yarandı. Onlar müstəqil olmaqla yanaşı Azərbaycan’ın bütöv olan gücünü də zəiflətdi və Rus Çarlığının çörəyinə yağ sürtdü. Ruslar 1804-cü ildə İrəvan Xanlığını işğal edərək Qafqazya’nı ələ keçirməyə başladılar. 1805-ci ildə Qarabağ Xanı İbrahim Xan’la Ruslar arasında qol çəkilən Kürəkçay Sazişi, Ruslar’ın Qarabağ bölgəsini işğala başladığını bildirən ilk hüquqî sənəddir[42]. Ruslar bir tərəfdən işğalı davam etdirərkən digər tərəfdən də Erməniləri İrəvan xanlığı torpaqlarında və Qarabağ’da məskunlaşdırırdılar. Güney Qafqaz’ın Ruslar tərəfindən işğalı başa çatdıqda İrəvan’da 85 000 Türk, 22,500 Erməni yaşayırdı. 17-ci yüzillikdə bir dənə belə Erməni olmayan İrəvan şəhərində Rusların əlilə daha 22,500 Erməni məskunlaşmışdı. Gedən İran-Rus müharibələrində İran məğlub olmuş və 1813-cü ildə Gülüstan müqaviləsi, dalıca yaranan ikinci hərbdə də uduzmuş və 1828-ci ildə Türkmənçay müqaviləsi bağlanmışdır. Bu sazişlə Araz çayı və Talış dağlarının şimalı Ruslara, güneyi isə İran’a buraxılmışdır. Yəni iki yad qüvvə atalarının malı kimi Azərbaycan torpaqlarını bölüşmüşdür. Ermənilərin, Qərbi Azərbaycan və Qarabağ bölgəsinə kütləvi şəkildə Osmanlı torpaqlarından, İran’dan və Livan’dan köçürülüb məskunlaşdırılmaları Gülüstan və Türkmənçay sazişlərindən sonradır. Bu köçürülmənin və məskunlaşdırmanın təşviqçisi İngiltərə, həyata keçirəni isə Rusiya’dır. Rusiya, bölgədə yaradılacaq zəif, ancaq həmişə Rusiya’nın maşası olacaq Erməni dövlətini isti dənizlərə çıxmaq yolunda sadiq bir partnyor, İngiltərə isə bu zəif dövləti Osmanlı İmperiyasının təpəsində onu daimi narahat edən demokl qılıncı və Şərq Türklüyü ilə Qərb Türklüyü arasını kəsəcək təbiî bir maneə kimi təsəvvür edib həyata keçiriblər. 19-cu yüzillikdə işə Amerika və Fransa da daxil olmuş, Ermənilərin hamisi kəsilmişdir; əlbətdə imperialist əməllər səbəbilə. 1820-ci ildə Osmanlı Erməniləri arasında işləmək üçün gələn Amerikalı provaslav missioner Ləvi Parsons İzmir’ə ayağını qoyar qoymaz deyib ki; “Bu günah imperiyasını tamamilə yıxmaq mənə əhd şərt olsun”[43]. 1826-1828-ci illər arasında İrəvan Xanlığı torpaqlarında Azərbaycan Türklərinin yaşadığı 420 kənd yerlə yeksan edildi, 1828-1872-ci illər arasında 146 Türk kəndi daha boşaldıldı. Ruslar, Türkmənçay sazişinin 15-ci maddəsinə arxalanıb 40 000 Ermənini bir hissəsini könüllü, bir hissəsini də cəbrî şəkildə gətirib İrəvan Xanlığı torpaqlarında məskunlaşdırdı[44]. Onlar, 1830-cu illərdə Osmanlı torpaqlarından çəkilərkən də həmin işi gördülər və Erməniləri kütləvî şəkildə köçürüb özlərilə birlikdə aparıb İrəvan Xanlığı torpaqlarında habelə Axıska-Axılkələk bölgəsində məskunlaşdırdılar[45]. 1827-1829-cu illər arasında gedən Osmanlı-Rus müharibələri nəticəsində Ruslar Anadolu’dan çəkilib gedərkən 90 000 Ermənini də özlərilə apardılar İrəvan və digər bölgələrdən çıxardıqları Türklərin evlərinə yerləşdirib, torpaqlarını onlara bağışladılar. 1900-cü illərdə 1 400 000 qədər Türk və müsəlman Qafqazya’dan Rusların əlilə çıxarıldılar[46]. Ermənilər, 28 May 1918-ci ildə Azərbaycan kimi öz müstəqilliğini e’lan etdilər. Onlar Azərbaycan liderlərinə yalvar-yaxar elədilər ki; “bizi darda qoymayın, sizlər geniş ürəkli, mərhəmətli və alicənab insanlarsınız, bizim cavan cümhuriyyətimizə kömək olun”[47]. Azərbaycan Milli Şurası da müstəqilliği e’lan etdikdən bir gün sonra Nazirlər Şurasının Sədri Fətəli Xan Xoylu’nun rəhbərliğində yığıncaq quraraq; “Gümrü’nü Türklər tutubdur; Ermənistan Federasiyasının paytaxtı üçün ən uyğun yer İrəvan’dır, gəlin bunu onlara bağışlayaq”[48]. Mir Hidayət Seyidli, Bağır Rızaoğlu və Nəriman Nərimanov’un müxalifət etməsinə baxmayaraq İrəvan onlara bağışlandı. 1918-1920-ci illər arasında Daşnaq Partiyası 30 ay müddətlə Ermənistan Cümhuriyyətinin cilovunu əlində tutdu. Bu müddət ərzində 157 kənd tamamilə, 67’si qismən Azərbaycan Türklərindən təmizləndi və 1920 ilinə kimi cəmi 738 kənd Türksüz qaldı. Əzəli Türk oylağını Türksüz qoyma fikrində olan Ermənilər, Rusların da dayağı ilə Qərbi Azərbaycan Türklüyünü buralardan təmizləmə işini davam etdirdilər. 19-cu yüzillikdən başlayan etnik təmizlik davam etmiş və 1988-ci ilə kimi tamamilə məqsədinə nail olmuş, Qərbi Azərbaycan’dan 500 mindən artıq Türk dədə-baba ocağından sürülmüşdür. Bunların üçdə bir hissəsi ya öldürülüb vəya aclıq səbəbilə dünyasını dəyişmişdir. 125-150 000 arasında Erməni Anadolu’dan köçürülərək Rusların əlilə İrəvan’da və Güney Qafqaz’da məskunlaşdırılıb[49]. 1828-ci ildən 1920-ci ilə kimi sadəcə olaraq İran və Osmanlı torpaqlarından buralara köçürülərək məskunlaşdırılan Ermənilərin sayı 300 min qədərdir. 1905-1907 və 1918-1920ci illər arasında həyata keçirilən iki soyqırımda Rusların dəstəyi ilə Ermənilər 2 milyona yaxın Azərbaycan Türkünü qətlə yetirmiş və doğma yurdundan didərgin salmışdır. 29 Nisan 1918-ci il tarixində torpaqlarından etnik təmizliklə çıxarılan və Gümrü yaxınlığında tələyə salınaraq əksəriyəti qadın, uşaq və qocalardan ibarət 3000 nəfərlik Azərbaycan Türkü bir dənəsi də salamat buraxılmamaq şərtilə qətlə yetirilmişdir[50]. 23 Dekabr 1947-ci ildə Sovetlər Birliği Nazirlər Şurası, Ermənistan Cümhuriyyəti torpaqlarında yaşayan, xüsusilə də qolxozlarda işliyənlərlə digər Azərbaycan Türklərinin çıxarılması və Azərbaycan Cümhuriyyəti torpaqlarına yollanması qərarına yetişmiş[51], qərar həyata keçirilmiş və 1948-1953-cü illər arasında da həmin etnik təmizlik davam etmişdir. 1949-cu ildə Dağlıq Qarabağ bölgəsində də həmin etnik təmizlik həyata keçirilmiş 132 Türk ailəsi Azərbaycan’ın Xanlar bölgəsinə köçürülmüşdür. 1988-ci ildə, 1813-cü ildən tutmuş Rusların əlilə həyata keçirilən etnik təmizliyin axırıncı mərhələsi həyata keçirilmiş və Sovetlər Birliği liderliyi, Ermənistan Höküməti, Qarabağ və Xrunk Erməni komitələri 185 məskun mahalı daha Türklərdən təmizləmiş, 250 mindən artıq Türkü ata-baba yurdundan çıxarmışdır. Həmin təmizliyə Müsəlman Kürdlər də məruz qalmış, 18 000 Kürd də buralardan qovulmuş[52], sadəcə olaraq yezidi Kürdləri Qərbi Azərbaycan’da, yeni Ermənistan’da saxlanmışdır. Dağlıq Qarabağ’a ilk dəfə 1828-ci ildə gələn Ermənilər Ağdərə (Mardakərt) şəhərində 1978-ci ildə bir abidə qoymuş və gəlişlərinin 150-ci ilini qeyd etmişdilər. Daha sonra bu abidənin üstündəki 150-ci gəliş ili yazısını pozublar. Bugün nəinki Qərbi Azərbaycan, Dağlıq Qarabağ’la birgə Qarabağ’ın xaricindəki Azərbaycan torpaqları belə işğal edilmişdir. Haylar bununla da kifayətlənmirlər. Qaradəniz, Ağdəniz və Xəzər dənizi arasını, Sivas vilayətinə kimi olan torpaqlarımızı da tələb edirlər. Bunu da Erməni Levon Dabağyan’ın; “Ermənilər indiki dövrdə milli varlıqlarını Səlcuqlu və Osmanlı Türklərinə borcludur. Bizanslılara vəya digər Avropalılara qalsaydı Erməni adı bugün sadəcə olaraq tarix kitablarında çəkiləcəkdi”[53] dediyi insanlar istəyirlər. Osmanlı sədr’əzəmi Tələt Paşa’nın öldürülməsi üçün Soğomon Təhləryan adlı terrorçuya göstəriş verən Şaxan Natan təxəllüslü Hakop Tər Hakopyan 1912-ci ildə Amerika’da Hayrenik adlı jurnalda çap olunan “Türklər və Biz” adlı məqaləsində bu sözləri yazıbdır: “Erməninin Türkdən qeyri düşməni yoxdur. İntiqamçı olmağı, Türkdən qisas almağı Tanrının özü Erməniyə bir vəzifə kimi buyurmuşdur”[54]. Bir də Ermənilərin çap etdirdiyi Araks jurnalının yazdıqlarına nəzər salaq: “Osmanlı imperiyasının şovinist varisi olan Türkiyə’nin darmadağın ediləcəyinə inam bəsləmək, Qərbi Ermənistan torpaqları uğrunda yeridilən mübarizəni axıra kimi davam etdirmək, xaricdə yaşayan hər bir Erməninin müqəddəs vəzifəsi və həyatının yeganə mənası olmalıdır”[55]. Qarşımızda hər vasitəni bizi məhv etmək üçün işlədən və işlədəcək xarakterdə, bizi düşmən qəbul edən Erməni adlanmış bir millət vardır. 13 İyul 1878-ci il tarixində Berlin konqresi başlamışdır və Erməni məsələsi də burada müzakirə ediləcəkdir. Erməni keşişi Mkrtıç Xrımyan bir heyətlə yola çıxdıqda məsələni həll edəcəyindən və konqres iştirakçılarının hamısına Erməni məsələsini ən gözəl şəkildə başa salacağından əmin və arxayındır. Hətda bu barədə qəti söz də verir. Özündən soruşurlar ki; Avropalı siyasətçilərin və konqres iştirakçılarının heç birinin dilini bilmirsiniz, onlara hansı dillə müraciət edəcəksiniz? Keşiş Xrımyan bu cavabı verir: Bu barədə bir balaca şəkkə belə düşməyin. Mən orda hamının başa düşəcəyi bir dillə danışacağam, ağlayacağam![56] Bizlər Türk milləti olaraq heçbir irqi vəya xalqı tarix boyu özümüzə düşmən qəbul etmədik, intiqam atəşiylə yanıb qovrulmadıq, heçbir milləti qısqanmadıq, heçbir millətin qarşısında ondan gücsüz də olsaq əyilmədik, az olsaq da, gücü qat qat artıq olsa da zalımlara da dərsini verdik, verməyə də davam edəcəyik. Ancaq yaddan çıxarmayaq ki, dünən də, bugün də bizə qənim kəsilənlər, bizi məhv etmək istəyənlər vardır. Onların əsl niyətlərini bilmək, onları yaxşı tanımaq, buna görə də addım götürmək və gələcək nəsillərimizi bu istiqamətdə hazırlamaq boynumuzun borcudur. Nəticə olarak bunu yaxşı bilməliyik: Osmanlı Dövləti içində missioner məktəblərini açaraq buralarda Erməni gənclərini yetişdirən Amerika, İngiltərə və Fransa’dır. Osmanlı Dövlətinin yıxılmasında bu dövlətlərlə birgə Çarlıq Rusiya’sının da xüsusi fəaliyyətləri olmuşdur. Bu əməllərin Türkiyə Cümhuriyyəti üçün davam etdirilib etdirilmədiyini hərənin öz yozumuna buraxıram. Gürcüstan’a buraxılmış Axısqa-Axılkələk bölgəsinə Osmanlı torpaqlarından aparılaraq məskunlaşdırılmış Ermənilər yerindədir, ancaq 1945-ci ildə kütləvi şəkildə Stalin tərəfindən Sibir’ə və Orta Asiya’ya sürgünə yollanmış Axıska-Axılkələk Türklərinin geri qayıtmasına icazə verilmir. Buralarda yaşayan Ermənilərin Virk, Zanq və Cavax Xalq Hərəkatı adlı təşkilatlarının 10 mindən artıq silahlı adamı vardır və Rusiya tərəfindən dəstəklənirlər. Bölgəyə bitişik olan Acarya, daimi olaraq Ermənistan’ın Qaradəniz’ə birbaşa çıxmağı xəyal etdiyi koridorun üstündə yerləşibdir. Putin’in son vaxtlarda Acarya ilə Cavaxetiya adı qoyulmuş Axısqa-Axılkələk bölgəsi Ermənilərinin birləşdirilib onlara avtonomi verilməsini Gürcüstan’dan tələb etməsi, üstündə həssasiyyətlə dayanılacaq stratəji bir mövzudur. Stalin tərəfindən 1921-ci ildə Azərbaycan’dan hədə qorxuyla qopardılıb Ermənistan’a hədiyə edilən 25 kilometrlik Zəngəzur bölgəsi, Göyçə və Dilican mahalları, 1991-ci ildən başlayan işğallarla Azərbaycan’ın əleyhinə daha da böyüdülmüş, torpaqlarının 20 faizi qəsb edilmiş, Azərbaycan’la Naxçıvan arasındakı koridor daha da genişləndirilmişdir. İran’da 1964-cü ildə Şah Rza tərəfindən həyata keçirilən Ağ İnqilab[57] nağılı çərçivəsində Türkiyə sərhəddinə yaxın olan bölgələrdəki xəzinə ərazilərinə xüsusilə Kürdçü fikirləri mənimsəmiş, Kürdüstan Demokratik Partiyasına simpatiya bəsləyən, daha düzü Kürdçülüyü mənimsəmiş əşirətlər tədrici şəkildə məskunlaşdırılmış, xüsusilə uyuşdurucu və silah qaçaqçılığı ticarətilə məşğul olmalarına göz yumulmuş, hətta dövlət tərəfindən təşviq edilmiş və bu sayədə böyük pullar qazanaraq bölgədəki Türklərin torpaqları, evləri və mülklərini satın almaları tə’min edilmiş və buradakı Türk torpaqlarının 40 faizi Kürdçülərin əlinə keçmişdir. Bundan qərəz Təbriz’in şimalındakı bölgələrə hakim olan Kürdçü koridorun Zəngəzur koridoruna birləşdirilməsi cəhdidir. Bu koridor İraq’ın şimalındakı Bərzani-Talabani rəhbərliyindəki bölgəylə də birləşir. Axır günlərdə Kərkük və Türkmən bölgəsi üstündə oynanmış oyunlar, müttəfiqimiz olan Amerika ilə İngiltərə’nin aşkar rəftarları, İsrail’in bölgədə aydın görülən cəhdləri, gözümüzün içinə baxa-baxa bizlərə müəyyən mesajları verdiyini yaddan çıxarmamalı, Türklüyün qüdrətli qalası olan dövlətimizi yıxmasa da böyük bəlalarla üzləşdirəcəği həqiqətini əsla gözdən yayındırmamalıyıq. Tarixin, üstünü toz bürümüş qaranlıq qəbristanlığı, milli mənliyindən uzaq düşmüş, qəflət içində, başını dəvəquşu kimi quma soxaraq ətrafında yaranan hadisələri görməyən, eşitməyən, təbiî olaraq da tədbir almayan millətlərlə və dövlətlərlə doludur. [1] Genç, prof. dr. Reşat, Türk İnanışları ile Milli Geleneklerinde Renkler, Atatürk Kültür Merkezi Yayınları, Ankara 1997, s. 41 [2] Ögel, prof. dr. Bahaeddin, Büyük Hun İmparatorluğu Tarihi, I. c, Kültür Bakanlığı Yayınları, Ankara 1981, s. 406 [3] Ögel, prof. dr. Bahaeddin, açə (adı çəkilən əsər), s. 411 [4] Qeybullayev, Qiyasəddin, Qarabağ, Elm nəşriyyatı, Bakı 1990, s. 35 [5] Taşkıran, dr. Cemalettin, Geçmişten Günümüze Karabağ Meselesi, Genel Kurmay Başkanlığı Yayınları, Ankara 1995, s. 18 [6] Taşkıran, dr. Cemalettin, açə, s. 18 [7] Qeybullayev, Qiyasəddin, açə, s. 58 [8] Kırzıoğlu, prof. dr. Fahrettin, Armenya/Yukarı Eller Tarihinin İçyüzü, Türk Tarih Kurumu Yayınları, Ankara 1987, s. 919 [9] Heredotos, Heredot Tarihi (çev: Müntekim Ökmen) Remzi Kitabevi, İstanbul 1983, s. 90 [10] Çevik, Nevzat, Urartu Kaya Mezarları ve Ölü Gömme Gelenekleri, Türk Tarih Kurumu Yayınları, Ankara 2000, s. 48 [11] Erzen, prof. dr. Afif, Doğu Anadolu ve Urartular, Türk Tarih Kurumu Yayınları, Ankara 1986, s. 25 [12] Erzen, prof. dr. Afif, açə, s. 26 [13] Uras, Esat, Tarihte Ermeniler ve Ermeni Meselesi, Belge Yayınları, İstanbul 1987, s. 108 [14] Taşkıran, dr. Cemalettin, açə, s. 37 [15] Bala, Mirza, Azerbaycan Tarihinde Türk Albanya, Ankara 1951, s. 3-4 [16] Taşkıran, dr. Cemalettin, açə, s. 43 [17] Əliyev, İqrar, Dağlıq Qarabağ, Elm nəşriyyatı, Bakı 1989, s. 21 [18] Qeybullayev, Qiyasəddin, açə, s. 23 [19] Taşkıran, dr. Cemalettin, açə, s. 41 [20] Erzen, prof. dr. Afif, açə, s. 16 [21] Erzen, prof. dr. Afif, açə, s. 17 [22] Erzen, prof. dr. Afif, açə, s. 20 [23] Taşkıran, dr. Cemalettin, açə, s. 41 [24] İsmayıl, Mahmud, Azerbaycan Xalqının Yaranması, Azərnəşr, Bakı 1995, s. 6 [25] Uras, Esat, açə, s. 11 [26] Uras, Esat, açə, s. 11 [27] Aslan, Kevork, Ermenistan Ahalisi Hakkında Tarihi Etüd, Paris 1909, mukaddime xv (Uras, Esat, açə, s.12) [28] Papazyan, Ermeni Edebiyatı, İstanbul 1913 “Ermenice” (Uras, Esat, açə, s. 12) [29] Oktay Belli-Veli Bahşeliyev, Kanaat Basımevi, İstanbul 2001, s. 60 [30] Oktay Belli-Veli Bahşeliyev, Kanaat Basımevi, İstanbul 2001, s. 61 [31] Oktay Belli-Veli Bahşeliyev, açə, şekil 39 [32] Erzen, prof. dr. Afif, açə, fig. 8 [33] İsmayıl, Mahmud, açə, s. 21 [34] Erzen, prof. dr. Afif, açə, s. 44 [35] Əliyev, İqrar, açə, s. 77 [36] Oder, Kerim, Azerbaycan, Boğaziçi yayınları, İstanbul 1982, s. 96-97 [37] Məmmədov, İsrafil, Tariximiz, Toprağımız, Taleimiz, Adiloğlu Nəşriyyatı, Bakı 2003, s. 30 [38] Məmmədov, İsrafil, açə, s. 30 [39] Məmmədov, İsrafil, açə, s. 120 [40] Məmmədov, İsrafil, açə, s. 53 [41] Arazoğlu, Müxtəsər Azərbaycan Tarixi, Bütöv Azərbaycan Birliyi, Bakı, s. 96 [42] Traktat Mejdu Karabaxskim Xanom İ Rossiskoy İmperiiey o Perexode Xanstva Pod Vlastı Rossii ot 14 Maya 1805 Qoda, Azərbaycan Respublikası Metbuat Komitəsi, Şərq-qərb nəşriyyatı, Bakı 1992 [43] Şimşir, Dr. Bilâl. N. Amerika’da Ermeni Propagandası ve Büyükelçi Ahmet Rüstem Bey, Ermeni Araştırmaları Dergisi, Ankara Haziran-Temmuz-Ağustos 2001, sayı 2, s. 30 [44] Kılıç, yrd. Doç. Davut, Rusya’nın Doğu Anadolu Siyasetinde Eçmiyazin Kilisesin Rolü, Ermeni Araştırmaları Dergisi, Ankara Haziran-Temmuz-Ağustos 2001, sayı 2, s. 49 [45] Kılıç, yrd. Doç. Davut, açə, s. 53 [46] Mc Carthy, Prof. dr. Justin, Bırakın Tarihçiler Karar Versin, Ermeni Araştırmaları Dergisi, Ankara Haziran-Temmuz-Ağustos 2001, sayı 2, s. 114 [47] Məmmədov, İsrafil, açə, s. 57 [48] Məmmədov, İsrafil, açə, s. 57 [49] Mc Carthy, Prof. Dr. Justin, açə, s. 116-117 [50] Azərbaycan Cümhuriyyəti, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Bağlı Dövlet Komissiyası Arayışı [52] Azərbaycan Cümhuriyyəti, adı çəkilən arayış. [53] Məmmədov, İsrafil, açə, s. 260 [54] Məmmədov, İsrafil, açə, s. 74 [55] Məmmədov, İsrafil, açə, s. 81 [56] Məmmədov, İsrafil, açə, s. 280 [57] Esengin, gn. Kenan, İran Akdevriminin Getirdikleri, İstanbul 1973 |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa