Kərküklülər - təklənmiş türklər

Eluca ATALI

Kuzəçi Ş.Kerkük soyqırımları (İraq Türklərinin Uğradığı Katliamlar. 1920-2003)- Ankara, Tenko ED yayımları, 2004.-487s
" Türküstan" elektron-qəzeti, 30-12-2006

 

Azərbaycan türklərinin böyük filosofu Asif Atanın belə bir fikri var: "Vətən üçün yaşamaq, Vətən üçün ölməkdən çətindir!"
Yaşamaq həm də yaratmaqdır. Biz "qurban olum!"- deyirik. Amma qurbanlıqda artmaq yoxdur. Qurbanlıq-fəda getməkdir.
Hansı türk fikirləşir ki, Qarabağ problemi Azərbaycan üçündür, o, köklü şəkildə səhv düşünür. Azərbaycanlılar Qarabağda tək erməni ilə döyüşmədilər. Bütün dünya bizə qarşı oldu.
Bu gün türkün Güney Azərbaycan problemlemi var - hansı ki, bölünməsi ilə Qarabağ işğalı başlanmışdır. Bütövləşməsi ilə də bu ləyaqətsiz əsarətdən qurtaracağıq.
Bu gün ruslaşmış Orta Asiya, kimliyindən ayrılmış, yaddaşını unutmağa vadar edilmiş Sibir , Altay türkləri var..." Var"-deməklə inamımıza söykənirik. Əslində "var olmaq!" özünə hakim olmaq deməkdir. Hər halda millətin öz dilində danışa bilməməsi, doğma dilin kəlmələrini anlamaması varlıqdan nişan vermir. Ha desək də, oyanış var, psixamızda olan manqurtlaşma fəlakətindən yaxa qurtara bilmirik. Bu yerdə qısa bir arayış vermək istəyirəm. 2004-cü il dekabrın 30-da professor Elçin İsgəndərzadə Bakıdakı "Anar" restoranında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir təşkil etmişdi. Burda təkcə Azərbaycanda yaşayan Azərbaycanlılar deyildi: eyni zamanda İngiltərədə yaşayan Kərküklü bəstəkar Seyfəddin Çaxmaqçı, Qırğızıstan Respublikasının Yazıçılar Birliyinin rəhbəri xalq şairi Nadir bəy Alimbəyov və digər ziyalı qonaqlar toplanmışdı. Qırğız qonağımıza mükafat təqdim edən yazıçı Anar Azərbaycan dilində məclisi salamlayandan sonra, hamının başa düşməsi üçün "mən Ana dilində danışacam" - dedi. Bu zarafatla deyilmiş cümlə idi. Əslində bütün zarafatlar, komediyalar hadisənin öz mahiyyətinə çata bilməməsindən yaranır. Anar müəllim rus dilində danışdı və məclisdəki türklər də bir-birini "başa düşdülər".
Müasir türklərin bir fəlakəti də iki türk aydınının bir-biri ilə ortaq dil olaraq rus dilində danışmasıdır.
Azərbaycanlıların oxuyub başa düşməsi üçün N. Alimbəyin şeir kitabı rus dilindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Mən onu oxudum və burda qədim qırğız dastanı "Manas"ın ümumtürk abidəsi ağsaqqallıq rəmzi olan "Kitabi-Dədə Qorqudun müasir dövrdə izini gördüm. Ruhum dilə gəldi, əlimə qələm alıb kitaba rəy yazdım, "Çiçəkləri incitməyin" adında. Azərbaycan dilində yazdım, amma Qırğızların da oxuyub başa düşməsi üçün rus dilinə gürcü rəfiqəm Anna Bartkulaşvili tərcümə etdi.
"Azərbaycan, Qırğız, Türkmən, Qazax hamısı bir boydandır"-məşhur mahnının sözlərində olduğu kimi. Həm də ürəyimizi riqqətə gətirən mahnının sözlərindən...
Bugünkü türklərin təəssüf ki , sayı görünür, boyu , birliyi yox. Fəlakətimizin çox səbəbləri var. Açıb saysaq, məqaləmizi ağlaşma notları üzərində qurmuş olarıq. Açmasaq da, yekə düyün olub içimizi ağrıdacaq. Elə deməməkdənsə, demək yaxşıdır. Bəlkə deməklə çıxış yolunu tapdıq. Bəlkədən uzaq , elə inanaq ki, tapaçağıq.
Türk fəlakətinin bir ucu da türkün fitrətindən doğur - o, biclik bilmir. Siyasi dünya biclərin meydanıdır. Orda birsifətliyə yer yoxdur. Türksə tarixən binövrədən birsifətli olub.
Tariximizi bilirik və bildiyimizi sabahımıza tətbiq etməliyik. Fəlakətli bu gün üzərində sabah qura bilmərik.
Türk sabahını qurmalıdır- ümumtürk birliyi əsasında. Onun yolunu Asif Ata belə göstərmişdir. Turançılıq ideyada yox, əməldə gerçəkləşməlidir. Nə də xx əsrin əvvəllərində bəzi türkçülərimizin arzusunda olduğu kimi, ərazi turançılığı reallaşa bilməz. Bu absurtdur. Düyaya cavab vermək üçün yalnız və yalnız türk birliyi gərəkdir: Bunu Asif Ata aşağıdakı dördlüyün əsasında görürdü:
1. hərbi
2. siyasi
3. iqtisadi
4. mədəni
Nə Qərbin yaratdığı Avropa birlikləri, nə də Şərqin birlik arzusu ilə yaratdığı İslam Ölkələri Birlikləri türkə gün ağlamadı.
Türkün yeri Şərqdir, amma müasir dünyanın Şərq guşəsində də təəssüf ki, türk təkdir. Hər-halda türkün qorxusundan tikilmiş Çin Səddini müasir Çinlilər nəinki unudub, əksinə gözdağı kimi qoruyub saxlayıblar və hələ də qoruyacaqlar.
Mən türkü Şərqə, nə də Şərqi türkə düşmən cildində təqdim etmək fikrində deyiləm. Sadəcə bütün dünyanın bir havaya -Amerikan havasına oynadığını dərk etmək lazımdır.
Türk hansı "birliklərə" girsə də, orda öz yalqızlığını görəcək. Buna birinci və əsas səbəb dünyanın türk qılıncının qüdrətini unuda bilməməsidir.
Biz türklər psixoloji baxımdan heç kəsin yaddaşına zor edib nə keçmişini silə bilərik, nə də onu unut əmri verə bilərik. Nə də keçmişimiz əks olunmuş tarix kitablarını səhifələyə-səhifələyə vərəqləyib şan-şöhrət axtara bilmərik. Düzdür, tarixini bilmək insana qürur verir. Amma unutmayaq ki, türk bu qələbələri qılıncla qazanmışdır. Əsl kişilik meydanı olan üzbəsurət döyüşdə. Türk o zaman məğlub olmağa başladı ki, odlu silah çıxdı. Çünki odlu silah üzbəsurət döyüş tələb etmirdi. Gücsüzün güclünü, zəlilin igidi öldürməyə qadir olduğu halda meydan gərək olmadı. Türksə fitrətən meydanı sevib.
Müasir Kərküklülər açıq döyüş meydanındadırlar.
Müasir Kərküklülər dünyada təklənmiş tüklərin, Şərqdə Şərqlilər əlində əzilməsinin bariz nümunələridir.
Türkün türkə sevgisi bütöv olanda Türk Birliyi yaranacaq.
Şəmsəddin Kuzəçinin "Kərkük soyqrımları" kitabı türkün təkcə cisminin, nə də maddi-mədəniyyət abidələrinin yox edilməsi deyil. Türk mənəviyyatının əsir olmasının sübutudur.
Düşmənə nifrətimiz bütöv olmalıdır.
Türk öz iradəsini ortaya qoymalıdır.

 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa