2001-ci ilin avqust ayının 3 qeyri-adi bir gün olmalı idi. Bu səhər Bakı şəhərinin mərkəzində yerləşən “İSR Plaza” otelinin “Gallery” adlı konfrans zalında Azərbaycan tarixində ilk dəfə olaraq xaricdə təhsil alan azərbaycanlı tələbələr öz toplantısını – forumunu keçirirdilər. Forumun gündəliyində duran əsas müzakirə məsələləri Qarabağ məsələsi və diaspor ilə əməkdaşlıq olmuşdur. 2001-ci ildə xaricdə təhsil alan azərbaycanlılar arasında təşkilatlanma zəif idi, hər şey azerisi@yahoogroups.com internet şəbəkəsindən başladı, bu şəbəkədə müzakirələr getdi, gündəlik müəyyənləşdi (istəyənlər hazırda da şəbəkənin arxivinə müraciət edə bilər). 1-ci forumun təşkilində o dövrlərdə Almaniyada fəaliyyət göstərən “AsAV” tələbə təşkilatı və Fransada “ASEAF” tələbə təşkilatları, habelə Ümumrusiya Azərbaycanlılar Konqresinin yaradılmaqda olan Gənclər Bölməsi qoşulmuşdu. İlk forumda xaricdə təhsil alan 58 azərbaycanlı tələbə qatılmışdı. İlk forumdan başlayaraq formalaşmış ənənələr tədbirlərdə yalnız ictimai fəal və xaricdəki tələbə təşkilatlarında yaxından iştirak edən və ya iştirak etmək istəyən gənclərin iştirakı, forumların Vətənimizin ən ağrılı məsələsi – torpaqlarımızın işğalınaə həsr olunması, tədbirlərdə şimaldan olan tələbələrin cənublu qardaşları ilə əlaqələrinin genişlənməsinin müzakirəsi olmuşdur. Xüsusilə qeyd edilməlidir ki, ilk forumdan başlayaraq bu günə qədər bu vacib tədbirin təşkilinə sədaqətlə öz dəstəyini AR Gənclər və İdman nazirliyi əsirgəməmişdir. Forumların da məhz avqust ayının 1-ci və ya 2-ci şənbə-bazar günlərində keçirilməsi ənənəsi də o zaman yaranmışdır. Zaman seçimi böyük əksəriyyət tələbəmizin bu vaxt tətil məqsədilə Vətənə dönməsindən irəli gəlmişdir. 1-ci forum zamanı tələbələr cənublu soydaşlarla körpülərin yaradılması barədə nəzəri baxımdan danışırdılar, artıq 6-cı forumdan sonar cənublu gənclərin forumlarda iştirakı təbii hala çevrilmişdi. Hazırda forumların kökündə durmuş internet şəbəkəsində şimaldan və cənubdan olan azərbaycanlılar fikir mübadiləsi apara bilirlər. Təşkilatlanma məsələsində gəldikdə də bu günkü reallıq da fərqlidir. 2001-ci ilin noyabr ayında “Dünya azərbaycanlılarının 1-ci qurulayı” keçirilmiş, 2002-ci ildə “Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsi” yaradılmış, xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı artmış, onların təşkilatlanması surətlə getmiş, nəhayət 2006-cı ildə Avropada təhsil alan tələbələrin yeni təşkilatı “FASE” yaradılmışdır. Bu il AR Prezidenti İ.Əliyev tərəfindən xaricdə təhsil ilə bağlı dövlət proqramı imzalanmışdır. Azərbaycan dövləti öz gənclərini təhsil almaq üçün aparıcı universitetlərində təhsil haqlarını ödəməyi öz üzərinə götürmüşdür.
Bu gün artıq xaricdə təhsil alan azərbaycanlı tələbələr qarşısında duran problem artıq təşkilat yaratmaq deyil, xaricdə Vətənimiz barədə düzgün rəy formalaşdırmaq, mədəniyyətimizi təbliğ etmək, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq, erməni diasporun hiylələrinə zamanında əks cavab verməkdir. Biz xaricdə şimal və cənub fərqlərimizi kənara qoyub bütün azərbaycanlı gənclərlə əl-ələ verib işləməliyik. Bu baxımdan xaricdə təhsil alan azərbaycanlı tələbələrin illik forumları və 7 il fəaliyyət göstərən azerisi@yahoogroups.com şəbəkəsi platforması hamımız üçün fürsətdir.
7-ci FORUM HAQQINDA
Ənənəvi olaraq növbəti dəfə, 11-12 avqust 2007 tarixində Bakıda “Qafqaz” universitetinin akt zalında Xaricdə Təhsil alan və Məzun olmuş gənclərin Forumu keçirildi. Forumun təşkilat komitəsinə Rüfət Əzizov, Nabat Qaraxanova və Orxan Əkbərov daxil olmuşlar. Forumda əsasən xaricdə təhsil alan və məzun olmuş və bu ölkələrin ictimai həyatında aktiv rol oynayan gənclər iştirak etdi. Bu il də xaricdə yaşayan və əslən cənubi Azərbaycandan olan tələbə qonaqlarımız da oldu. Forumunda Azərbaycanı 20 ölkədə təmsil edən 150-dən artıq tələbə gənc iştirak etdi. Forumun keçirilməsinə “Çağ” öyrətim şirkəti, “Qafqaz” universiteti, AR Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi dəstək vermişlər.
Forumun təşkil olunmasında əsas məqsəd, xaricdə təhsil alan və ölkəmizi təmsil edən aktiv gənclərimizin arasında əməkdaşlıq üçün zəmin yaradılması, habelə lobbiçilik-diaspora fəaliyyətlərinin yeni metodlarını müzakirə etmək və ümummilli məsələlərdə həmrəy münasibət nümayiş etdirməyə nail olmaq idi.
Forumda gənclərimizin təhsil aldıqları ölkələrdə ictimai fəaliyyəti zamanı ortaya çıxan əsas problemlər, əlaqəli lobbiçilik fəaliyyətini həyata keçirilməsi imkanları və metodları, ümummilli mövzulara dair effektli təbliğatın aparılması, yeni təşkilatı metodların üzərində işlənilməsi və sair bu kimi məsələlərin müzakirə edildi. Qeyd etmək lazımdır ki, ənənəvi olaraq bu il də Forumda Qarabağ problemi və bu problemə gənclərimizin baxışı, həmçinin Qarabağ haqqında həqiqətlərin yayılması və düzgün təbliğat aparılması sahəsində son bir ildə nə kimi işlər görüldüyü barədə və gələcək planlar haqqında müzakirələr oldu.
Həmçinin forum çərçivəsində işçi qruplara bölünmək şərtilə iştirakçılar tərəfindən nisbətən aktual hesab edilən mövzuların daha geniş müzakirəsi və ümumi nəticələrə gəlinməsin nəzərdə tuturdu.
Tələbələr ölkəmizin maraqlarını dəstəkləmək üçün lobbiçilik işinin iki istiqamətdə qurula biləcəyini qeyd etdilər: qeyri-formal əlaqələr vasitəsi ilə və xarici KİV vasitəsi ilə.
Bundan başqa universitet daxilində tələbədən-tələbəyə lobbiçilik işinin qurulmasının da vacibliyi qeyd edildi. Tələbələrimizin təhsil aldıqları bəzi universitetlərdə gələcəkdə öz ölkələrində müxtəlif yüksək səviyyəli peşəkar rəhbərlər yetişdirilir. Bu gün onlarla bir sırada əyləşən tələbələr arasında elə insanlar ola bilər ki, yaxın illərdə həmin şəxslər öz ölkələrində ən yüksək postlara sahib ola bilərlər. Tələbələrimiz belə tələbələrə Azərbaycanımız barədə həqiqətlərin çatdırılmasını vacib hesab etdilər.
Daha sonra lobbiçilik üçün mövzular müzakirə edildi. Müzakirə üçün bir neçə mövzu ortaya qoyulmuşdu. Bunlar Azərbaycan torpaqlarının işğal olunması faktı, Xocalı soyqırımı, Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının pozulması, Azərbaycana iqtisadi investisiyaların cəlb edilməsi və Ermənistana qarşı əks lobbiçilik (erməni diasporun Vətənimizə qarşı düşmən niyyətlərinin vaxtında üzə çıxarılması və əks tədbirlərin görülməsi).
Tələbələrimiz Cənubi Azərbaycandan olan tələbələrimiz ilə əlaqələrin vacibliyindən danışdılar, hiss olunurdu ki, qardaşlarımızla qarşılıqlı ünsiyyətə olan tələbat böyükdür. Biz bir birimizə çox lazımıq. Əsas vəzifə dünyagörüşlərimizdə olan fərqləri vahid Vətənimizin rifahı, mədəniyyətimizin tanınması və inkişafı naminə düzgün istifadə etməkdir. Qarşılıqlı olaraq problemlərimizi düzgün anlamalıyıq.
Təbliğat üçün seçilən metodların çox diqqətlə seçilməsinin vacibliyi qeyd olundu. Bəzi tələbələrimiz keçmişdə birbaşa Xocalı Soyqırımının kadrlarını nümayiş etdirdiklərini, lakin bunun əcnəbi tələbələrdə əks təsir yaratdığını qeyd etdilər. Forumda qərara alındı ki, qeyri-rəsmi tədbirlər zamanı qurulan səmimi əlaqələr lobbiçilik işində çox faydalı ola bilər. Bununla bərabər ali məktəblərdə Azərbaycanla bağlı mədəni proqramların təşkil olunması, səfirliklərimiz vasitəsi ilə bu tədbirə yüksək vəzifəli insanların və ya onların övladlarının dəvət olunması, tədbir zamanı onlarla səmimi əlaqələrin qurulması, sonradan əlaqələrin davam etdirilməsi ilə bağlı müzakirələr getdi.
Həmçinin qeyd olundu ki, xaricdə təhsil almağa gedən tələbələrimiz Azərbaycanın üzüdür, bu gənclər fəal və ünsiyyətli olmalı, tarixi yaxşı bilməli, öz fikrini çatdırmağa bacarmalıdırlar. Təəssüf ki, onların bir çoxunda ünsiyyət, tədbirlər zamanı təqdimat, insanlar qarşısında çıxış bacarığı yoxdur. Xüsusi ilə yeni təsdiq olunmuş Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı xətti ilə tələbələrin kütləvi olaraq xaricə göndəriləcəyini qeyd edən tələbələr, dövlət xətti ilə xaricdə təhsil alacaq tələbələrin xaricdə birbaşa dövlətimizi təmsil edəcəyini, buna görə də bəzi məsələlərə indidən hazırlanmalı olduqlarını dedilər.
Daha sonra xarici KİVdə Azərbaycanla bağlı məlumatın yayılması məsələsi müzakirə edildi. Bəzi tələbələrimiz təhsil aldıqları ölkələrin mətbuatına çıxışın çətin olduğunu, bunun üçün maliyyə tələb olunduğunu qeyd etdilər. Qeyd olundu ki, tələbələrimizin təhsil aldıqları ölkələrin bir çoxunda kifayət qədər nüfuzlu iş adamlarımız var və onlar müxtəlif əyləncələrə kifayət qədər yüksək məbləğlər xərcləyirlər. Həmin iş adamları ilə əlaqə qurularaq onlara Azərbaycan üçün çalışmağın zövqü yaşatdırılsa, verilən kiçik maddi dəstək qarşısında uğurlu işlər görülsə maliyyə tapmaq o qədər də çətin olmayacaq. Bundan başqa tələbələrimiz həmin KİVdə çalışan gənc kadrlarla qeyri-formal ünsiyyət yaratmağa çalışacaq və məhz onların daxildəki əlaqələri vasitəsi ilə Azərbaycan haqqında məqalələr çap etdirib, Televiziyalarda verilişlər hazırlatdıracaqlar.
Tələbələr «Qarabağa doğru» və ya «Qarabağdan sizə» adlı kampaniyaları çərçivəsində Qarabağın spesifik mədəniyyətini, ənənələrini, mətbəxini, flora və faunasını əks etdirən sərgi və tədbirlərin təşkil olunması təklif etdilər.
Forumda tələbələrimizin məhz lobbiçilik fəaliyyətini müzakirə etmək, müxtəlif ölkələrdə qurulmuş qeyri-formal əlaqələrin mübadiləsi və davam etdirilməsi üçün yeni bir internet platformanın qurulması müzakirə edildi. Qeyd olundu ki, hazırda xaricdə təhsil alan tələbələrimizi birləşdirən müxtəlif forumlar, internet qruplar mövcuddur, lakin konkret olaraq lobbiçiliklə bağlı müzakirələrin aparıldığı, yeni planların, layihələrin qurulduğu, müzakirə edildiyi və reallaşdırıldığı internet məkanı yoxdur. Yeni yaradılacaq məkanın konkret forması haqqında ortaq qərar verilmədi, lakin yaxın zamanlarda internet vasitəsi ilə əlaqə saxlayaraq belə məkanın qurulması, bu məkanda il ərzində görüləcək işlər haqqında konkret hədəflər qoyulacağı qərara alındı.
Forumda hazırda mövcud olan problemlər də geniş müzakirə olundu. İştirakçılar diaspora işinin aparılması üzrə ənənənin hələlik aşağı səviyyədə olmasını, lakin günü-gündən inkişaf etdiyini vurğuladılar. Növbəti problem kimi, diaspora fəaliyyəti ilə məşğul olan yerli təşkilatların adətən konkret, xüsusi proqramının və strategiyasının olmaması vurğulandı. Həmçinin konkret olaraq diaspora ilə iş üzrə ixtisaslaşmış kadrların çatışmaması və ya ümumiyyətlə olmaması vacib problemlər sırasına daxil edildi. Bir irad da diaspora fəaliyyətini həyata keçirən yerli təşkilatların keçirdiyi tədbirlərin adətən dar çərçivəni, yəni sırf azərbaycanlıları əhatə edən mədəni tədbirlər toplusu olduğu diqqətə çatdırıldı. Bildirildi ki, diaspora fəaliyyətinin effektli olması üçün bu tip tədbirlərin spektri və hədəf qrupları genişlənməlidir. Konkret olaraq tədbirlərin müxtəlif millətlərdən ibarət olan yerli əhalini maraqlandıracaq və cəlb edəcək formatda təşkil olunmalıdır. Diaspora fəaliyyətini həyata keçirilməsi zamanı effektivliyi təmin etmək üçün, diaspora fəaliyyəti ilə məşğul olan tələbə-gənclərin müəyyən proqramlara cəlb olunması zamanı əməyin müəyyən dərəcədə ödənilməsinin vacib şərt olduğu bildirildi. Diaspora fəaliyyətinin effektiv etmək məqsədilə yeni metodların işlənib hazırlanması və daha çox sivil təbliğata üstünlüyün verilməli olduğu bildirildi.
Bütün bu sadalanan müzakirə mövzular və ümumilikdə forum özü nəticə olaraq, Azərbaycan diasporunun fəaliyyətində son illər müşahidə olunan və getdikcə güclənən canlanma prosesinə qatılmaq, həmçinin, xaricdə təhsil alan və məzun olmuş istedadlı və aktiv gənclərimizin dünyada Azərbaycanı tanıtdırmaq işinə öz töhfələrini verməsinə yardımçı olmaq məqsədi daşıyırdı.
İLLİK FORUMLARIN ƏHƏMİYYƏTİ
7 il ardıcıl keçirilən forumların xaricdə fəaliyyət göstərən gənclərin lobbiçilik-diaspora fəaliyyətinin inkişafında rolu şübhəsizdir. Məhz bu forumların məntiqi nəticəsi olaraq xaricdə təhsil alan gənclərimizin ilk şəbəkələri yaranmışdır və ölkələrdə təşkilatlanma başlanmışdır. Artıq bu forumda ozundə xaricdə fəaliyyət göstərən müxtəlif gənclər təşkilatlarımızı, gənc alimlərimizi, gənc mədəniyyət işçilərimizi birləşdirir.
İllik avqust forumlarına hər il daha çox tələbə müraciət edir, hər il forumda yeni aktiv gənclər təşkilatları ortaya çıxır. Bu forumların indiyə qədər əldə etdiyi uğurlar aşağıdakılardır.
- Xaricdə şəbəkələşməmiz
- Gənclər arası informasiya mühitinin inkişafı
- Təşkilatların yaranması
- Hər il təcrübə mübadiləsi
- Yeni tanışlıqlar
- Diaspora-lobbiçilik işinin məzunlardan yeni tələbələrə ötürülməsi
- Yeni lobbiçilik ideyalarının ortaya çıxması
- Xaricdə və Azərbaycanda olan gənclər arasında əlaqə yaratmaq.
|