GAK və DAK-ın
Xocalı soyqırımının 15 illiyi ildönümü münasibəti ilə müştərək müraciəti

GÜNEY AZƏRBAYCAN KONQRESİNİN VƏ DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN
XOCALI SOYQIRIMININ 15 İLLİYİ MÜNASİBƏTİ İLƏ

 

Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Ban Ki-Mun,
Beynəlxalq Məhkəmənin (Haaqa Tribunalının) prezidenti xanım Rozalin Higins,
Avropa Birliyinin Ali komissarı cənab Xavyer Solana,
Avropa Şurasının Parlament Assambleyasının sözçüsü cənab Hans-Gert Pötteringə

 

MÜŞTƏRƏK MÜRACİƏTİ

 

Hörmətli xanım Higins və Ki-Mun, Solana və Pöttering cənabları,

 

Biz, bugün Stockholm şəhərində, Xocalı qətliamının ildönümü münasibəti ilə və həmin qətliamın şəhidlərinin xatirəsini yad etmək üçün toplanan mitinq iştirakçıları, bir daha nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinin, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 25-26 fevral 1992-ci ildə qətliamı barədə bir neçə dəfə Sizlərə məlumat vermişik və indi də bir daha bu qətliamın səbəbkarlarını məhkum etməyiniz xahişi ilə Sizlərə müraciət edirik.

 

Misli görülməmiş və insanlığa ləkə gətirən Ermənistan Respublikasının ekstremist qüvvələrinin vəhşicə Azərbaycan Respublikasının Xocalı şəhərində əhaliyə divan tutması, qoca, qadın və uşaqları dəhşətli surətdə qətlə yetirmələri haqqa və ədalətə ziddir, demokratiya, sivilizasiya, təkamül və tam insaniyyətə tərəf daha artıq addımlayan bəşəriyyət karvanının inkişafını inkar edir. Bu qara ləkəni aradan qaldırmaq üçün Xocalı şəhərinin əhalisinin qətliamının səbəbkarları öz cəzalarını almalıdırlar.

 

Bu günədək təcavüzkar Ermənistanın cəzasız qalması, həm ədalətdən uzaqdır və həm də Sizlərin təmsil etdiyiniz təşkilatların nizamnamə və məramnamələrinə, Cenevrə konvensiyasına, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə və  Ümumdünya İnsan Haqqları Bəyannaməsinin möhtəvalarına ziddir. Xocalı qətliamına həddindən artıq faktlar mövcuddur (faciənin faktları bu məktubun qoşmasında nəzərinizə çatdırılır) və dünyanın ən mötəbər qəzet-jurnalları, kütləvi informasiya vasitələri, vaxtında faciəli hadisədən rapportlar vermişlər - yetər ki, həqiqət naminə Sizlərin lazımı orqanlarınız həmin faktlarla məşqul olsunlar və öz ədalətli qərarınızı verəsiniz. Bunu, tərəqqipərvər bəşəriyyət, eləcə də 35 milyondan artıq güney azərbaycanlı, 9 milyondan artıq Azərbaycan Respublikasının əhalisi, 10 milyondan artıq digər ölkələrin vətəndaşları olan azərbaycanlılar, Sizlərdən gözləyirlər.

 

Bugün Stockholm şəhərində Xocalı qətliamının ildönümü münasibəti ilə və həmin qətliamın şəhidlərinin xatirəsini yad etmək üçün toplanan mitinq iştirakçıları, öncədən, Xocalı qətliamının səbəbkarlarını cəzalandırmaq üçün atacağınız addımlara görə təşəkkür edirlər.

 

Dünya Azərbaycanlıları Konqresinin Sədri
Dr Cavad DERƏXTİ

 

Güney Azərbaycan Konqresi Mərkəzi Komitəsinin Birinci Məsulu
mühəndis Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

 

24.02.2007,

Stockholm/İSVEÇ

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa