28 May - Respublika günü

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

"Güney Azərbaycan" jurnalının nr 2 material arxivi

Bakı, 1994

 

1918-ci il 28 may. Azərbaycanın tarixində bu gün qızıl hərflərlə yazılıb. Şərqdə ilk respublika, Azərbaycan Demokratik Respublikasının yaranması, bu tarixi günə təsadüf edir.

 

1917-ci ildə Rusiyada inqilab baş verdi, tsarizm devrildi. Rusiyanın mərkəzi hakimiyyəti məhv edildiyinə görə, onun müstəmləkələrində olan dövlətlər, o cümlədən Azərbaycanda müstəqillik əldə etmək imkanı yarandı. Əvvəlcə Cənubi Qafqazda üç xalqı birləşdirən Zaqafqaziya Federativ Respublikası yarandı. Paytaxtı Tiflis şəhəri idi. 1918-ci il may ayının 27-də Gürcüstan Respublikası özünün müstəqilliyini e’lan etdi.

 

Sonra isə, başda Musavat partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə olmaqla, may ayının 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması e’lan edildi.

 

Iyun ayının 14-də Azərbaycan höküməti tam heyyətlə birlikdə Gəncəyə köçdülər. Hökümətin tərkibində M. Ə. Rəsulzadə ilə birlikdə Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Məmmədhəsən Hacinski, Fətəli xan Xoyski və başqaları var idi. Onlar hamısı Azərbaycanı müsteqil yaşatmaq arzusunda olan insanlar idi.

 

O zaman Bakıda, Stepan Şaumyan başda olmaqla bolşeviklər hakimiyyətdə idilər. Türkiyə ilə bağlanmış müqaviləyə görə türk ordusu Gəncəyə gəldi. Yaradılmaqda olan Azərbaycan ordusu ilə birlikdə türk ordusu Bakını azad etmək üçün Gəncədən yola düşdülər. Göyçayda, Kürdəmirdə, Hacıqabulda və Şamaxıda Azərbaycan ordusu, Bakıda hökmdarlıq edən bolşevik DAŞNAK ordusu ilə gərgin döyüşdən sonra sentyabrın 15-də 1918-ci ildə Bakıya daxil oldular. Bakı, ermənilərdən təmizləndi. Ertəsi gün Azərbaycan höküməti –başda M. Ə. Rəsulzadə olmaqla Bakıya köçdülər.

 

Lakin Azərbaycan Demokratik Respublikası çox yaşaya bilmədi. Cəmisi 23 ay davam edən Musavat hakimiyyəti zamanı, Azərbaycan dövləti üçün çox mühüm qərarlar qəbul edildi. Azərbaycanın ordusu, himni, bayrağı, qerbi yaradıldı.

 

Erməni DAŞNAKları yerli və rus bolşevikləri ilə birlikdə hərbi müdaxilə müqaviləsi hazırladılar. I dünya müharibəsində məğlub olan Türkiyə, öz qoşunlarını Azərbaycandan çıxartdı. Azərbaycan Respublikası güclü düşmənlə tək qaldı. 1920-ci ilin mart ayında ermənilər Azərbaycana qərbi hissədən yürüş etdilər və güclü müqavimətlə rastlaşdılar. Əsgəran rayonunda gərgin döyüşlər oldu. Mənfur ermənilər məğlub edildi. Rusiya Respublikası, şimal sərhədlərinin boş qalmasından istifadə edərək Leninin əmri ilə XI ordunu aprel ayının 26-27-nə keçən gecə, Azərbaycana yeritdi. Məcburiyyət qarşısında qalan Azərbaycan höküməti tam hey’ətlə iste’fa verdilər.

 

Yalnız 1991-ci ildə oktyabrın 18-də Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi.

 

M. Ə. Rəsulzadənin sözü, bir daha təsdiq olundu. ”Bir kərə yüksələn bayraq, bir daha enmez !”


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa