31 Dekabr: Azərbaycanlıların həmrəylik günü

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

"Durna" dərgisi, nr 15

Stockholm, payız 1998

 

31-dekabr, 47 milyondan artıq Güney, Quzey Azərbaycan və dünyanın başqa ölkələrində yaşayan azərbaycanlıların həmrəylik günüdür. Gülüstan müqaviləsinə əsasən azərbaycanlıların istək və iradəsindən asılı olmayaraq, Azərbaycan iki yerə parçalanmışdır. 1918-cı ildə, şimalda demokratik Azərbaycan Respublikası yaranmışdır. Iki ildən sonra müstəqil və demokratik Azərbaycan Respublikası devrilmiş və Sovet Azərbaycan Respublikası yaranmışdı. 1991-ci ildə, Sovet ittifaqı dağıldıqdan sonra, Quzey Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir. Bu gün Quzey Azərbaycan (Azərbaycan Respublikası) müstəqil ölkədir, əsas qanunu, milli dövləti, prezidenti, parlamenti, pulu və bir sözlə desək, müstəqil xarici və daxili siyasəti var. Azərbaycan Respublikasında, milli mədəniyyət yüksək səviyyədə inkişaf etmiş və Azərbaycan türkcəsi elmi, ədəbi dil kimi formalaşmış və Azərbaycan millətini, sözün həqiqi mə’nasında, mədəni millətlər səviyyəsinə qaldırmışdır və bu da bütün azərbaycalılarda iftixar hissi oyadır. Eyni zamanda Azərbaycan Respublikası, Ermənistan tərəfindən hərbi təcavüzə mə’ruz qalmış və 20%-dən artıq ərazisi işqal olunmuş və bir milyon iki yüz min nəfərdən artıq azərbaycanlını öz doğma yurdlarından qaçqın düşmüşdür və bu da bütün dünya azərbaycanlılarını narahat edir. Cənubi Azərbaycanda isə vəziyyət bam-başqadır. 20-ci əsrin əvvəllərində, cənubda başlanan azadlıq uğrunda mübarizə bu günədək davam edir. 1906-cı ildə başlanan Məşrutə hərəkatı, həmçinin Şeyx Məhəmməd Xiyabani hərəkatı, Güney Azərbaycan xalqının varlığı və azadlığı uğrunda aparılan mübarizə idi. Hər iki hərəkat, Azərbaycan xalqının kölə halında saxlamaq və onun zəngin sərvətlərinə sahib olmaq istəyənlərə qarşı mübarizə idi. Əcnəbi qüvvələr Səttərxan, Bağırxan və Şeyx Məhəmməd Xiyabanini aradan apardılar; lakin, xalqımız mübarizəni davam edərkən, 21-Azər hərəkatını meydana gətirdi. Düzdür ki, bir ildən sonra, 21-Azər hərəkatı qana boyandı, lakin onun amalı bu günə qədər yaşayır. Aydındır ki, bu gün totaliter və müstəmləkəçi Iran Islam Respublikasında insan hüquqları ilə bərabər bütün millətlərin hüququ və azadlıqları pozulur. Xüsusilə Azərbaycanın milli ərazisi parçalanır, tarixi yerlərinin adları dəyişdirilir, mədəni varlığı məhv edilir, əritmə siyasəti tam şiddətlə həyata keçirilir, 27 milyondan artıq Güney Azərbaycan türkləri, ana dilində yazıb-oxumaqdan məhrum edilir, əhalinin savadlanmasına, milli mədəniyyətinin inkişafına imkan verilmir, fars dilinin dövlət dili, elmi ədəbi və məktəb dili kimi qəbul edilməsi, Azərbaycan türklərinin asimilasiyaya mə’ruz qalmaları sür’ətləndirilir. Azərbaycanın milli sərvəti, sərmayə və işçi qüvvəsi, Iranın inkişaf etməkdə olan məntəqələrinə köçürülmüş və bununla da Güney Azərbaycanda sərmayə müəssisələrinin yaranmasına imkan verilməmişdir. Güney azərbaycanlılar, milli qurumlar yaratmaqdan, öz müqəddəratını tə'yin etmək hüququndan məhrumdurlar. Bunlar da bütün dünya azərbaycanlılarını narahat edir.


Uzun illərdən bəri vətəndən uzaqlarda məskünlaşmağa məcbur olan mühacir azərbaycanlılar –istər güneyli, istərsə də quzeyli, sayıda az deyillər. Onlar bir neçə qrupa bölünür. Birinci qrup tələbə kimi Azərbaycandan çıxıb, təhsil dövrü qurtardıqdan sonra geri qayıtmaqdan imtina edənlər. Ikinci qrup, siyasi baxışlarına görə təqibdən yaxa qurtarmaq üçün ölkədən çıxanlar. Nəhayət üçüncü qrup, müharibələrdə iştirak etməmək və ya iqtisadi çətinliklə əlaqədar, ölkəni tərk edələrdən ibarətdir ki, onlar da Avropa, Asya, Amerika qitələrində yaşamağa məcbur olmuşlar. Vətəndən uzaqlarda yaşayan mühacirlərin çoxu Azərbaycanın ta’leyi haqqında düşünürlər və xalqımızın acınacaqlı həyatı onları narahat edir. 31-dekabr Azərbaycanlıların həmrəylik günündə, Quzey Azərbaycan xalqı güneydəki qardaşları ilə həmrəylik e’lan edirlər. Milli hüquqlarından məhrum edilən, əqidələrinə və siyasi baxışlarına görə tə’qibə mə’ruz qalan azərbaycanlılarla həmrəy olduqlarını bildirirlər.


Güney azərbaycanlılar isə Ermənistanın –Azərbaycan Respublikasına hərbi təcavüzünü məhkum edirlər. Bunlarla bərabər, bütün dünya Azərbaycanlıları Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyatına çatdırmağı özlərinə borc bilirlər. Bu istiqamətdə dünya Azərbaycanlıları sıxlaşmağa başlamışlar.

 

31-dekabr, Azərbaycanlıların həmrəylik gününə eşq olsun !


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa