London Universitetində Iran Tədqiqatçılar Cəmiyyətinin təşəbbüsü ilə ”Iran 2000-ci ilin astanasında” adlı simpozium keçirilmişdir. Dörd gün ərzində millətçilər, solçular, məşrutəçilər, dinçilər ardıcıl olaraq hərəsi bir gün Iranda gedən ictimai, siyasi və iqtisadi prosesləri müzakirə etmişlər. Simpoziumdan sonra Iran hökümətinə müxalifətdə olan qüvvələr müxtəlif bəyanatlarla çıxış etmişlər. Bu qüvvələrdən biri Mehdi Bazərqana mənsub olan ”Iranın Azadlıq Nehzəti” partiyasıdır. Bunlar 86 nəfərlik imza ilə buraxılan bəyanatda ölkənin bu günkü dəhşətli vəziyyətini təsvir etmişlər.
Xatırladırıq ki, Mehdi Bazərqanın ölümündən sonra Əbülfəz Bazərqan, Əbüləli Bazərqan, Əli Ərdəlan və başqaları Mehdi Bazərqanın yolunun davamçılarıdırlar. 1979-cu il Iran inqilabından sonra Mehdi Bazərqan öz yoldaşları ilə Iran Islam Respublikasının müvəqqəti hökümətini təşkil etmişlər. Mehdi Bazərqan baş nazir vəzifəsinə seçilmişdi. Mehdi Bazərbqanın inqilabdan doğulan hökümətin bir illik dövründə, Iranda yaşayan xalqlar və millətlər bir şey əldə etməmişlər. Keçmişdə olduğu kimi indi də öz hüquqlarından məhrumdurlar. Inqilabi hərəkatda iştirak etmiş türk, türkmən, kürd, lor və bəluçlar təzyiqlərə mə’ruz qalmışlar. Türkmən xalqının milli qəhrəmanı Tumac və onun yoldaşları həmin dövrdə qətlə yetiriliblər. Və Türkmənsəhra Milli hərəkatı təzyiqlərə mə’ruz qalıb. Kürdüstanın ”Qarna” şəhərciyində hamilə qadınlara da rəhm edilməyib… Bu gün Nehzət Azadi tərəfdarları bəyanat verərək Iranın siyasi və iqtisadi vəziyyətindən narahatlığını bildirib. Bəyanatçılar 86 nəfər müvəqqəti hökümət başçıları və onu idarə edənlərdir. Əhməd Aryanfer, Möhsün Əyadi, Məhəmmədrza İslami, Məhəmməd Təvəssüli, Haşimi Səbbağiyan və eləcə də doktor İbrahim Yəzdi Iranın bu günkü siyasi, iqtisadi durumuna e’tiraz ediblər. Bəyanatda deyilir: “ -Əziz həmvətənlər! Bu gün ölkə müsibətlərlə əlbəyaxadır. Onun gələcəyi çox qaranlıqdır. Bu günkü hökümət çətinlikləri həll etməkdə acizdir. Hökümət öz başını saxlamaq üçün neftdən alınan valyuta və qızılı satıb xərcləməklə Iranın iqtisadi həyatını ağırlaşdırmış, əhalini aydan-aya yox, bəlkə də saatbasaat yoxsullaşmağa və eyni zamanda dəhşətli savadsızlığa doğru aparır. Oğurluq, bacarıqsızlıq, haqsızlıq gündən-günə genişlənir. Beləliklə, ölkənin dağılması prosesi reallaşmaqdadır”. Bəyanata imza atanlardan Həbib Yekta, Hacı Məhəmməd Həsən Yekani, Məhəmmədhadi Hadizadə, Əli Əkbər Müinfər, Hüseyn Fəri Ələm, Nasir Kampleyan, Xosrov Mənsuriyan və başqaları qeyd edirlər ki, “bu günkü dəhşətli həyat hökümət başçılarının xalqa inamsızlığından doğulub. O qüvvələr ki, Iranın ərazi bütövlüyünü qorumaq istəyirlər onlara mətbuat azadlığı və tənqid azadlığı vermək lazımdır. Tezliklə qadağan olan qəzetləri azad etmək, senzura və deputatların səlahiyyətlərini ləğv etmək sistemi aradan götürülməlidir. Xalqa müraciətimiz ondan ibarətdir ki, başqa bir səlahiyyətli orqan tapa bilmədik. Ancaq və ancaq xalqa üz tutaraq onları ölkənin süqutundan xəbərdar etməyə məcburuq.”
Bəyanatdan görünür ki, imza edənlər bir neçə həqiqətləri nəzərə almayıblar. Hörmətli bəyanat verənlərin yadına salmaq lazımdır ki, Iranda mürəkkəb məsələlər təkcə bəyanat azadlığı və yaxud bir neçə partiya azadlığından ibarət deyil. Yaxşı olardı ki, məsələlər köklü və dərindən araşdırılsın. 30 milyona yaxın türk, 3 milyondan artıq kürd, 2 milyondan artıq ərəb, eləcə də gilək və talışlar heç bir qurum və ya təşkilata malik deyil. Iran Islam Respublikasının başçıları başqa millətlərə qarşı apardığı təzyiq siyasəti, təhqirli rəftar və eləcə də burada yaşayan xalqların öz müqəddəratını tə’yin etmək hüquqlarına göz yumur. Onlar yadlarından çıxarırlar ki, Iranda yaşayan millətlər, o cümlədən Azərbaycan türkləri inqilabdan sonra da heç bir hüquqa malik deyildir. O zaman ki, Iran yox idi, türklər var idi. O zaman ki, Iran var idi, türklər onun tərəqqisi yolunda var gücü ilə çalışmışlar və heç bir ayrı-seçkiliyə yol verməmişlər. Bunlara baxmayaraq Azərbaycan türkcəsinin kitabları yandırılır, şəhər və xiyabanlar xarabazarlığa çevrilir, uşaqlar öz ana dilini öyrənməkdən məhrum edilir və onun şanlı tarixinə, hərəkatına təhqir gözü ilə baxılır.
Türklər, bəluçlar 17 ildir ki, belə bir siyasətin qurbanıdırlar. Ona görə də hörmətli bəyanatçılara demək lazımdır ki, bizim milli dilimizi dirçəltmək üçün hansı təklifiniz vardır?
|