İran türkmənlərinin istiqlaliyyət mücadələsi:
Birləşmək, çalışmaq və üstünlük qazanmaq

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

“Türk Dünyası Tarih dergisi”, № 111, (Cavanşir Çaroymaqlı)

İstanbul, mart 1996

 

Iranda yaşayan Türkmən xalqı, ən qədim dövrdən günümüzədək, xüsusilə son əsrlərdə inkişaf etmiş bir şəkildə, heyvandarlıq, balıqçılıq və əkinçilik, eləcə də toxuma sənayesi ilə məşqul olmuşdur. Hava şərtləri uyğun olduğu vaxtda, Ətrək, Gürgan və Ərzən çaylarının ətrafında məskunlaşıb, Mənqışlaq, Balxan və Türkmənşəhr ərazilərində əkinçiliklə məşqul olub, Xəzər Dənizi kənarında balıq ovçuluğu etmişlər. Onlar dəvə (ardona, ayrı, burqa dəvələri), at (axaltəkə və jomut atları) və iri buynuzlu öküz və inəkləri yetişdirib, ”Sarıca” qoyunları bəsləmişdilər. Qoyunları ildə iki dəfə qırxaraq, yünündən xalça, çuval, xurcun, dolaq toxumuşlar və ya keçə hazırlamışlar. Xarəzm, Xıyvə, Hərat, Sərəxz türkmənləri qonşuları ilə ticarət etmiş və ya gəmilərlə türkmən atlarını, qoyun və böyükbaş heyvanlarını Həştərxana daşıyıblar. Türkmən atları gözəl, səbirli və sür’ətli atlardır. Hər zaman, Hindistan, Əfqanistan, Iran və Avropa bazarları türkmən atlarını və xalçalarını rəğbətlə qarşılamışlar.


Əkinçilik, heyvandarlıqla birlikdə, buğday, pambıq mə’mulları türkmən yurdlarında olduqca çox istehsal olunmuş və dünya bazarlarına ixrac edilmişdir. 18-19-cu əsrlərdə və 20-ci əsrin əvvəllərində, xüsusilə 19-cu yüzilin başlarında, türk imperatoru olan Nadir Şahın imperatorluğu dağılıb, Əfqanistan, Hindistan, Suriyyə və Azərbaycan ölkələri ortaya çıxdıqdan sonra türkmənlər özlərini qorumaq üçün birləşmə fikrinə daha çox meyil etmişər. Bu birləşmə hadisəsində türkmən ədəbiyyatının böyük rolu olmuşdur. O dövrdə türkmən ədəbiyyatı müstəmləkəçiliyə qarşı bir hal almış və imperializmə şiddətlə qarşı çıxmışdır. Yenə eyni dövrdə Azərbaycan, türkmən və özbək ədəbiyyatları arasında ilişgilər qüvvətlənmiş və bu əlaqələr türkmən ədəbiyyatının inkişaf etməsinə yardım göstərmişdir. Dövlət Məhəmməd Azadi, Qanbi, Əndəlib və digər türkmən şairləri bu ədəbi rüsumların tə’qibçiləri olublar. Mənfi, Meydani əsərlərində, ərəb və başqa xalqların əfsanələrindən istifadə edərək şahəsərlər yaratmışlar. Məxtumqulu və Əndəlibin əsərləri geniş olaraq özbək və Azərbaycan xalqı arasında rəğbət oyatmış və tanınmışdır. Dövlət Məhəmməd Azadinin siyasi, ictimai və fəlsəfi baxışı, türkmən tayfalarının birləşməsində böyük rol oynamışdır. Məxtumqulu, Dövlət Məhəmməd Azadinin oğlu türkmən xalq ədəbiyyatının böyük təmsilçiləridir. Məxtumqulunun bütün əsərləri, türkmən xalqının birləşməsi, istiqlaliyyət savaşı, istiqlaliyyət yolunda mücadələ və gələcək üçün yaşamaq haqqındadır. Mahmud Qaibi, Əbdülşakir Şəkuri, Əbdülsəttar Qazi, ƏndƏlib və Şeydayi –hamısının öz davasında türkmən xalqının yetişdirilməsində böyük rolları olmuşdur. Hürməhəmməd Əndəlib bir çox kitab yazdı. Bunların arasında ”Oğuznamə”, ”Nəsimi”, ”Sə’di Vəxxas”, ”Leyli və Məcnun”, ”Yusif və Züleyxa” və ”Baba Rövşən” ilə türkmən xalqının ədəbiyyat və istiqlaliyyət mücadələsini irəli səviyyəyə çatdırdı. Xüsusilə ”Oğuznamə” türkmən xalqının tarixini çox gözəl bir şəkildə şe’rləşdirmişdir. Onun ”Leyli və Məcnun” əsəri, azərbaycanlılar və özbəklər arasında xeyli yayılıb, şairini bu xalqlara tanıtmışdır. Abdulla Şabənd, ”Şahbəhram” haqqında, milli hökümət haqqında bədii təfəkkür irəli sürmüş və Məxtumqulunun ideallarını reallaşdırmaqda böyük addımlar atmışdır. Şair və müəllif Türbanəli Mənufi öz həyatını, türkmən xalqını əcnəbilərdən xilas etməyə həsr etmişdir. Bütün əsərlərində vətənsevərlik ruhunu sərgilər və xalqını azadlığa də’vət edərdi.


19-cu əsrin axırı və 20-ci əsrin əvvəllərində yeni sosial və siyasi dəyişiklik türkmən xalqı arasında tərəfdar tapdıqda, milli qürur inkişaf edərək ictimai mübarizə üst səviyyədə davam edir. Əbdülsəttar Qazinin ”Cəngnamə”sində, türkmən xalqının azadlıq və istiqlaliyyət uğrundakı mücadələsi, Əbdürrəhman Zinhari, Bayullu Mahir, Allahverdi Mahir, Miskin Qılınc və başqaları, şe’rlərində bu mücadələni gözlər qabağına sərərlər. Cəngnamədə Əbdülsəttar Qazi obyektiv olaraq, Iran əsgərlərinin işqal üçün hücumlarını və buna qarşı qoyan türkmən xalqının qazandıqları zəfəri təsvir etmişdir. Quzeydə müstəqil Türkmənistan Cumhuriyyətinin ortaya çıxması, güneydəki milli dirəniş üzərində böyük tə’sir buraxmışdır. Nəhayət 20-ci əsrin birinci bölümündə Azərbaycanın görkəmli oğlu, Məhəmməd Tağıxan Pesyanın öndərliyi ilə Şirvan, Qoçan və bütün Xorasanda başlayan milli azadlıq hərəkatında, türkmən xalqının böyük bir çoxunluğu iştirak edib, öz milli azadlıqları üçün mücadilə və mübarizə etmişlər. Bu üsyanı, Rza şah Pəhləvi, Azərbaycanın görkəmli oğlunun qanını tökərək, basdıra bilmişdi.


1978-ci ildə Pəhləvi rejiminin zəifləməsi üzərinə, türkmən xalqının milli hərəkati olduqca gücləndi. Xalq yenidən, birlikdə hərəkətə keçmiş, milli istiqlaliyyət uğrunda yeni addımlar atdı. Məhəmməd Rza şah Pəhləvi qaçmadan əvvəl iki milyon yarım türkmən ayaqlanaraq seçim edib, şəhərlərdə və kəndlərdə şuralar qurdular. Bunlar türkmən xalqının müstəqillik yolunda əzm və iradələrini göstərməsi baxışından maraqlıdır. Daha sonra bu şuralar türkmən xalqını, hökümət halına gətirdi. Bu sürətlə, türkmən xalqı, Iran Islam Cumhuriyyətini saymadan gələcəyini tə’yin etmə haqqını əlinə aldı. Bu məqsədə çatmaq üçün, kəndli, şəhərli, tələbə və aydınlar, 15 mart 1978 günü Türkmənsəhrada öz hökümətlərini qurub, ictimai-mədəni haqlarını öz iradələri altına aldılar. Şuralar kənd və şəhərlərdə xalqı səfərbər edərək, istehsalın artması yolunda kənd təsərrüfatı idarələrini düzəltmək və yenidən qurmaq üçün böyük işlər bacara bilmişdilər. Su təminindəki çətinliklərə qalib gəlməyi, yol, hamam, kitabxana düzəltməsinə, dava-dərman (sağlıq işləri) təmininə, imkanlarla bağlı işlərin bitirilməsinə tərəf bir çox addım atmışlar. Türkmən türkcəsi ilə dərslər keçirmək, əmniyyəti bərpa etmək, icra hakimiyyəti orqanlarını SAVAK’dan təmizləmək, ictimai sahədə təşkilat qurub, onların qurultaylarını keçirmək, istehsalın artması üçün lazımı vəsaiti tə’min etmək, bu dövrdə edilən işlərin sadəcə bir bölümündən ibarətdir. Bir sözlə desək, türkmən xalqı öz müqəddəratını tə’yin etmə haqqını almaqla birlikdə, bütün sahələrdə fəaliyyətə keçmişdi. Bir il ərzində bir çox ictimai-mədəni işlər başa çatdırılmışdı. Türkmən mədəni cəmiyyəti quruldu. Ədalətsizliyə son qoyuldu. Insan şəxsiyyəti və Türkmənsəhraya yaşayış şərtləri yenidən bərpa edilərək, insan kimi yaşamağa şərait yarandı. Türkmənlər bu tarixi imkandan istifadə edərək, öz mədəniyyət və iqtisadiyyatının inkişaf etməsi üçün çalışmaya başladılar. Bu çalışmalar, fars şovinizmindən qurtulmağa, geriliyə və etnik ayrı-seçkiliyinə son qoymuşdu. Günbəd və başqa şəhərlərdə böyük yeniləşmə hərəkətləri yaşanaraq, xalqın rahat və hüzuru tə’min edilmişdi. Türkmənsəhrada milli hərəkatın hazırlanmasında və onun qalibiyyətində, geniş xalq kütlələri əməldə vəzifə daşıdıqları üçün bu hərəkat bir milli hərəkatdır. Bu hərəkatın qalibiyyəti nəticəsində ortaya çıxan idari orqanlar, milli hökümətin orqanlarıdırlar. Bu milli orqanları ortaya qoyan Tumaç və onun dostları idi. Türkmənsəhrada yeni hökümət və xalq təşkilatlarına qarşı Tehran, təzyiq siyasətini uyğun görərək, üsyan bölgəsinə əsgər göndərmişdi. Bu əsgərlərə qarşı iki il boyunca qəhrəmanca dirənən türkmənlər, 1980-ci ildə özlərindən çox güclü olan Iran ordusuna qarşı qoya bilməmiş, nəhayət Tumaç və onun dostları tutulub, e’dam edilərək, türkmən milli hərəkatına sadiq qalıb,  hürriyyət və istiqlaliyyət mücadilələrinə davam etmişlər.


1988-ci ilin iyul ayında ”Türkmən Siyasi və Mədəniyyət Ocağı” tərəfindən yayınlanan bəyanatda bele deyildi:
”Birləşmək, çalışmaq və üstün zəfərlər qazanmaq: xalqların istəkləri və arzularına baxmayaraq mərkəzdən dirilmə siyasət və müxalifətə hər zaman qarşı olmaq, millətləri öz hüquqlarından, insan haqq və azadlıqlarından məhrum etmək siyasəti, gündən günə İran İslam Cumhuriyyəti tərəfindən gücləndirilməkdədir. E’tirazlara baxmayaraq hər gün yeni insanlar dar-ağacına göndərilməkdədirlər. Biz bu siyasəti qınayır və lə’nətləyirik. Hərşeyin yaxşı olması üçün Iranda yaşayan bütün millətləri müstəqillik yolunda mücadələyə də’vət edirik. Və bu mücadələnin, birləşmək və çalışmaqla üstün zəfərlər gətirəcəyinə inanırıq.”


Bugün də türkmən xalqı mücadilədən vazkeçməmişdir. Fəqət digər millətlərin də bu mücadələyə qatılmaları bir şərtdir. ”Parçala və hökm et” siyasətinə ən gözəl cavab, ”biləşmək, çalışmaq və qazanmaq”dır. Elə buna görə Güney Azərbaycan Xalq Cəbhəsi ilə Türkmən Siyasi və Mədəniyyət Ocağının birləşəcəkləri günü səbirsizliklə gözləyirik!


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa