Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)
Elçibəy bu dünyada köçdü, amma ... |
Abdulla ƏMİR HAŞİMİ (Cavanşir) |
”Məqalələr toplusu" kitabı, Stockholm 2005 "Azərbaycan" dərgisi, 5-ci il №21, sentyabr 2002
|
Mərhum Elçibəyin dünyasını dəyişməsindən iki il keçir. Bu hadisə, Biz –dünya azərbaycanlılarını kədərləndirərək, bu münasibətlə vaxtaşırı onun xidmətlərindən söz açmağı özümüzə borc bilirik. Azərbaycanın görkəmli şəxsiyyəti olan Prof. Elçibəy, uzun illər elm xadimi olaraq, tədrislə məşqul olmuş, müxtəlif sahələrdə yüzlərcə alim yetişdirmişdir. Bununla bərabər, azərbaycanlıların siyasi həyatı və onların ağrılı-acılı məsələləri ilə dərindən tanış olmuş, 60-cı və 70-ci illərdən onların aradan qaldırılmasına mübarizə aparmış, keçmiş Sovet rejimində siyasi məhbus olması və şimali Azərbaycanı rus istilasından qurtarması yolunda mübarizəni, xalq və demokratiya uğrunda gedən hərəkatında öncül olduqda, xalq hərəkatında milyonlar azərbaycanlının inamını qazanmış və müstəqil Azərbaycan cumhuriyyətini yaratmasında mübarizə aparmış, eləcə də Azərbaycan Respublikasının prezidentliyinə seçilmiş, və onun möhkəmləndirilməsi yolunda, bir çox çətin dövrdə, dəyərli addımlar atmışdır.
Mərhum Elçibəy, Azərbaycan Respublikasını dünyada rəsmiyyətə tanıtmaqda sarsılmaz iradə göstərmişdir. Azərbaycan Respublikasının milli ordusunu yaratmaqda, rus əsgərlərini qan tökülmədən Azərbaycandan çıxartmaqda –hansı ki, keçmiş Sovet Birliyinə bağlı olan başqa respublikalar bugünədək bu işə nail ola bilməmişlər, milli pulu manata çevirib ölkədə yaymaqda, Azərbaycan türkcəsini rəsmiləşdirməkdə və onun inkişafı yolunda latin qrafikasını mərsum etməkdə, və bunlardan daha yüksək əhəmiyyət daşıyan, Elçibəyi, cənubi azərbaycanlıların acınacaqlı həyat tərzi, ana dilində yazıb-oxumaq və bu kimi təbii hüquqlarından məhrum olmaları həmişə düşündürmüş və şəraitin çətin və mürəkkəb olmağına baxmayaraq bu yolda qəti addımlar atıb, reaksiya göstərmişdir. Bütöv Azərbaycan ideyasını yaradıb, beynəlxalq məsələ səviyyəsinə qaldırmağa cəhd göstərən və bununla cənubi azərbaycanlıların qayğısına qalan böyük Elçibəyin unudulmaz xidmətləri olmuşdur.
Demokratik prinsiplərin siyasi ən’ənəyə çevrilməsini mümkün edən tarixi bir şəxsiyyət kimi Elçibəy –bir heqiqi demokrat olaraq, adı Azərbaycanın tarixində əbədi səbt edilmişdir. Elə bu əsaslara görə, demokratiya Azərbaycanımızın yeni dövründə həm taktik, həm də stratejimizi təşkil edir. Bu teoriyanın təkmilləşdirilməsində və həyata keçirilməsində xidməti olan Elçibəyin adı, milli məfkurəmizin elementlərindən birini təşkil edən demokratiya ilə yanaşıdır.
1985-ci ildən, keçmiş Sovet Birliyində çıxan qəzetlər, iqtisadi böhranın mövcud olduğunu e’tiraf edərək, ondan söz açmağa başladılar. Bu sahədə, bu böhranın həlli-yolunda müxtəlif planlar, 2000-ci ilədək irəli sürülürdü. Lakin, Sovet Birliyinin imperatorluğu, öz iqtisadi inkişafı proqramını həyata keçirtdiyi bir dövrdə, zəifləyib, dağıldı. Bu dağılmağın səbəbləri o cümlədən, ən ciddi məsələ kimi ortalığa gələn Sovet Birliyini təşkil edən mövcud respublikalarda, suverenlik əldə etmək uğrunda mübarizənin genişlənməsi və onların tam istiqlaliyyətə nail olmaları idi. Elçibəy, Azərbaycanda bu mübarizənin öncüllərindən olaraq, xalqımızı hərəkətə gətirməklə, ətrafında olan qüvvələri toplaşdırırdı. Sovet totaliter rejimin hakim dairələri, birliyin dağılmasının qarşısını almaq üçün, aşgar və gizli planları təşkil etmək və onları həyata keçirmək istiqamətində, müxtəlif respublikalarda münaqişə ocaqları yaratmağa çalışırdılar. 1987-ci ilin fevral ayında, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq-Qarabağda, ermənilər vasitəsi ilə azərbaycanlılara qarşı çizilən planlar, həyata keçirilməyə başlamışdı. 1905-ci ildən başlayan və 1915-ci, 1918-ci illərdə davam edən bu plan, azərbaycanlıların torpağının vaxtaşırı ermənilərə verilməsinin davamı olaraq, yenidən meydana çıxırdı. Bu dəfə, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı, Ermənistana birləşdirmək cəhdi aparılırdı.
1987-ci ildən Ermənistanda yaşayan azərbaycanlılar, ev-eşiklərindən didərgin salınır, heç bir lazımı eşyalarını götürmədən, yurd-yuvalarını tərk etməyə məcbur edilirlər. Mərhum Elçibəy, bu işə öz müxalifətini bildirərək, 60 minə yaxın azərbaycanlıların didərgin salınmalarına e’tiraz etməyə, xalqı də’vət edir. 1988-ci ilin fevral ayında, Sumqayıt hadisəsi Ermənistanın xəfiyyə mə’murları vasitəsi ilə həyata keçirilir ki, Dağlıq-Qarabağı Ermənistana birləşdirmək üçün şərait yaransın.
Elçibəy bir tərəfdən, Azərbaycan xalqını bu sui-qəsdə qarşı səfərbər edir, və bununla Quzey Azərbaycanın ərazi bütövlüyünü qoruyub-saxlamaq üçün, məsələni dinc yol ilə həll etməyə çalışır. O, Azərbaycan xalqı ilə bərabər öz e’tiraz səsini ucaldaraq, mərkəzi hökümətdən məsələnin həllini tələb edir. Lakin perestroykanın rəhbərlərindən gözlənilən cavablar alınmır. Əksinə olaraq, totaliter hökümət yubatmadan, ermənilərə, türk və müsəlman azərbaycanlıları Dağlıq-Qarabağdan sürgün etməyə şərait yaradır. Vəziyyət get-gedə təhlükəli və ciddi şəkil alır. Irəvanın Teatr meydanında Qarabağın Ermənistana verilməsi tələb edilir. Bakıda, Azadlıq meydanında isə, mərkəzi hökümət, ermənilərdən himayəçilik etməkdə qınanır. Nəhayət, iş o yerə gəlib çatır ki, Bakıda fövqəladə vəziyyət e’lan edilir və rus hərbiçiləri Bakıda toplantıları dağıtmağa başlayır. Elçibəy, belə bir vəziyyətdə xalqa arxalanaraq, müqaviməti genişləndirib, Azərbaycan xalqına müttəfiq axtarmağa çalışır. Burada ən təbii müttəfiq və himayətçi, güney azərbaycanlılardan ibarət idi.
1989-cu ilin dekabr ayından başlayaraq, Azərbaycan-Iran sərhədlərinin açılmasını Elçibəyin rəhbərliyi altında olan Xalq Cebhesinin üzvləri, təşkil etməyə başlayırlar. Burada, o taylı-bu taylı azərbaycanlıların kütləvi şəkildə şimala və cənuba axını, meydanlarda ”Iki Azərbaycan Bir olsun, Təbriz paytaxt olsun!” şüarının əks sədası, milyonlar insanın canlı əlaqələr yaratması, Vahid Azərbaycan ideyasını irəli sürmənin başlanğıcı olur. Bu da, Elçibəyin irəli sürdüyü, zərurətdən doğulan şüarı idi. Həmçinin onun təşəbbüsü ilə xalq diplomasiyasının əməldə həyata keçirilməsi idi.
Lakin, erməniləri müdafiə edən rus totaliter rejimi, Bakıda yerləşdirdiyi qoşundan istifadə edərək, 1990-cı ildə 20 yanvar faciəsini yaratdı. Bu hücum nəticəsində yüzlərcə günahsız azərbaycanlı həlak olmuş və yaralanmışlar. Azərbaycanlılar burada ruslar və ermənilərin mahiyyətini dərindən başa düşərək, sıralarını sıxlaşdırıb, Elçibəyin ətrafında birləşərək sarsılmadan mübarizələrinə davam etdilər. Elə bu addımlar, totaliter Sovet rejiimini məcbur etdi ki, sərhəd boyu 45 km məsafədə vizasız gediş-gəliş münasibətlərin yaxınlaşmasına, ticarətin genişlənməsinə, nəticə e’tibarı ilə Azərbaycanın o tayı ilə bu tayı arasında gəliş-gediş şəraiti yaransın. Elə buna görə də, Iran və Sovet rejimləri qeyd etmişlər ki, Sovet höküməti və Iran höküməti arasında qarşılıqlı anlaşma haqqında 1990-cı il 15 fevral tarixli Memoranduma əsasən -sərhədyanı rayonların əhalisi Astara, Culfa, Biləsuvar keçid məntəqələrində sadələşdirilmiş keçid formasından istifadə edir və hər iki tərəfə daha çox vətəndaş buraxılması üçün həmin məntəqələri abadlaşdırmağa çalışacaqlar.
Lakin Sovet Birliyində, yuxarıda əyləşənlər, artıq hakimiyyəti idarə etməyə qadir deyildilər. Aşağıdakılar da hakimiyyətdə olanların sözünü eşitmək istəmirdilər. Belə bir şəraitdə, təcavüzkar Ermənistan, Azərbaycan Respublikasının əleyhinə hücumlarını və iddialarını dayandırmırdı. Nəhayət, 19 avqust 1991-ci ildə, Sovet Birliyi dağıldı və Azərbaycan Respublikası 31 avqust 1991-ci ildə öz istiqlalını e’lan etdi. Azərbaycan xalqı, 70 il əvvəl –1918-ci ilin may ayında dalğalanan Azərbaycan Xalq Cumhuriyyətinin üç rəngli bayrağına sarıldı və 1991-ci ilin 18 oktyabrını da, Milli Qurtuluş və Müstəqillik Günü e’lan etdi.
Bununla Azərbaycanımızın quzeyi müstəqilliyə qovuşdu, lakin Ermənistanın Azərbaycan əleyhinə ərazi-iddiası, Azərbaycan ərazi-bütövlüyünə təcavüzü və Qarabağda erməni DAŞNAKlarının təhrikləri, xəyanətləri, bütövlükdə götürdükdə, Azərbaycanın istiqlalına qarşı atılan addımlar idi. Iran rejiminin isə, Azərbaycan Respublikasında, eləcə də keçmiş Sovet Birliyinin ərazisində baş verən hadisələrə münasibəti, ziddiyyətli və çox-cəhətli idi. Bir tərəfdən Iran hakimiyyətinin məs’ul şəxsləri Azərbaycanda gedən hadisələrdə islam dininin qeydinə qalmış və ”Azərbaycan Sovet müsəlman qardaşlarının” köməyinə gəlməyi irəli sürürdü. Başqa tərəfdən isə Azərbaycanda gedən istiqlaliyyət və demokratiya uğrunda mübarizəyə münasibəti, mənfi idi. Iran hakimiyyəti, hesab edirdi ki, azadlıq və istiqlal uğrunda Azərbaycan Respublikasında gedən mübarizə, Azərbaycanın güneyində tə’sirsiz qala bilməz və Güney Azərbaycanda da milli istiqlal və milli mədəniyyət uğrunda mübarizə get-gedə güclənə bilər. Elə buna görə, Iran tərəfi çalışırdı ki, azadlıq, demokratiya və istiqlal uğrunda gedən mübarizəni, islam yolunda aparılan mübarizəyə yönəltsin. Bundan başqa Iran Islam Respublikasında fars şovinisti siyasətinə qulluq edən dövlət adamları deyirdilər ki: ”Azərbaycan, Iranın ayrılmaz hissəsidir. Şimal və cənublu azərbaycanlılar, iranlı olublar. Və iranlı kimi də qalmalıdırlar … bir gün də olacaq, öz əsl vətənləri olan Irana qovuşacaqlar.”
Elə Iran hakimiyyətinin bu kimi şovonisti siyasətinə qarşı, mərhum Əbülfəz Elçibəy, prezidentlik dövründə, şəhamətlə öz e’tirazını açıq-aydın bildirərək, güney azərbaycanlıların Iran rejimi vasitəsi ilə milli hüquqlarının tapdalanmasını məhkum etdi. Düzdür ki, rəsmi dövlət adamının belə bir açıqca münasibət bildirməsi o qədər də diplomatiya normalarına uyğun deyildir. Onsuz da, Iran rejimi, rus və ermənilərlə birlikdə var gücü ilə Elçibəyin hakimiyyətinə son qoyulmasına və Azərbaycanın daxilində olan onun istiqlalına qarşı qüvvələri dəstəkləməyə çalışırdı. Digər tərəfdən isə Elçibəyin hakimiyyətində yeni müstəqillik qazanan Azərbaycanı qoruyub-saxlamaq üzrə tam zərurətlərdən irəli gələn hazırlıq siyasətinin həyata keçirilməsinə səfərbər edilən lazımı qüvvələr və yeni höküməti idarə etmək üçün seçilən kadrlarda yol verilən nöqsanlar əsasında, hakimiyyətdə peyda olan xəyanətkar qüvvələri təmsil edən Rəhim Qaziyev, Surət Hüseynov, Əlikram Hümmətov kimi şəxslərin meydana gəlməsi, əl-ələ verib, bir sıra torpaq itkiləri ilə bərabər, Elçibəyin hakimiyyətinə son qoyulmasına gətirib, çıxartmışdır. Elçibəyin uzaq-görənliyi sayəsində, bir sıra zəruri tədbirlərin qərarı alınması və minimum itkilərlə iqtidar və hakimiyyətdən geri çəkilib, özü müxalifət formasında yeni yaranan müstəqil Azərbaycanın keşiyində dayanma planını həyata keçirməsi, Elçibəyin digər şəhamətli addımlarından idi.
Bu xidmətlərə görə tarixi bir şəxsiyyət kimi Əbülfəz Elçibəy azərbaycanlıların ürəyində əbədi olaraq yaşayacaqdır! |
© Güney Azərbaycan Konqresi, 2006- .
Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.
#aaaaa