Azərbaycanlıların daha sıx birləşməsi üçün
strategiya

Abdulla ƏMİR HAŞİMİ (Cavanşir)

Bakıda Dünya Azərbaycanlılarının 2-ci Qurultayında çıxış mətni, 16 mart 2006
Mirzə Xəzərin Səsi web-səhifəsi, 21 mart 2006

 

Cənab prezident!
Hörmətli nümayəndələr və qonaqlar!

 

Əziz həmvətənlər, icazə verin Sizləri salamlayım və burada qurultayın təşkilatçılarına, xüsusilə Prezidentin İcra Apparatı, Dövlət Komitəsi, Nazirlər Kabineti, başda hörmətli prezidentimiz sayın İlham Əliyev cənablarına öz təşəkkürümü bildirirəm. Ona görə ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını müzakirə etmək üçün bir daha şərait yaradıldı.

 

Hamımızın bildiyi kimi, 1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanması, Azərbaycanı ikiyə parçaladı və Şimal və Cənub Azərbaycan anlayışları yarandı. Deməli, istər güneyli istərsə quzeyli, uzun illərdən bəri vətəndən uzaqlarda məskunlaşmağa məcbur olan mühacir azərbaycanlılar, bir qrup tələbə kimi Azərbaycandan çıxıb təhsili bitdikdən sonra geri qayıtmaqdan imtina ediblər. Digər qrup isə siyasi baxışlarına görə təqibdən yaxa qurtarmaq üçün ölkədən çıxanlar olublar. Nəhayət üçüncü qrup, müharibələrdə iştirak etmək və ya iqtisadi çətinliklərlə əlaqədar və yaxud ailə qurmaq niyyəti ilə ölkəmizi tərk edənlərdən ibarət olublar. Baş verən hadisələr fonunda azərbaycanlıların mühacirəti milli-ictimai hadisə səviyyəsinə çevrilərək, müxtəlif səpkli dərnəklər, cəmiyyətlər, birliklər yarandı, mətbuat təsis olundu. Vətənimizin hər iki tərəfində gedən prosesləri izləməklə müəyyən mənada bu proseslərə təsir göstərməyə çalışıldı. Eyni zamanda bir çox ölkələrdə məskən salmış azərbaycanlılar öz yerlərini tutaraq elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə, kommersiya strukturlarında çalışdılar. Vətənimizin şimalında mərhum Elçibəyin başçılığı ilə xalq hərəkatının inkişafı və Azərbaycan Respublikasının yenidən müstəqilliyini əldə etməsi prosesində, diaspora fəaliyyətində ciddi canlanma hiss olundu. Mərhum Heydər Əliyev cənablarının vasitəsi ilə hər il dekabrın otuz biri Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi keçirilməsi, son 15 ildə xaricdəki azərbaycanlıların daha artıq formalaşmasında, daha güclü təşkilatlanmasında və lobbiçiliyə tərəf addımlanmasında müsbət təsir buraxmışdır. Bugün, Azərbaycana aid 200-dən artıq dərnək və cəmiyyətlər, yüzlərlə web-səhifələri, onlarca elektronik qruplar, bir neçə radyo, televiziya və jurnallar mövcuddur ki, soydaşlarımızı biri-biri ilə əlaqələndirir. Təbii ki bu əlaqələr dilimizin, adət-ənənələrimizin qorunub saxlanılmasına kömək göstərir. Lakin göründüyü kimi hələ də çatışmamazlıqlar çoxdur.

 

Hər bir xalqın öz vətəni var. Bizim Vətənimiz parçalansa da, Azərbaycandır! Güneyi də Bizimdir, Quzeyi də! Bizcə, diasporamızın əsas məqsədi, bütün dünyada azərbaycanəsilli vətəndaşlarımızın hüquqlarını müdafiə etməkdir. Eləcə də Azərbaycanın hüdudlarından kənarda Vətənimizin mənafelərini qorumaqdır. Bugün Qarabağımızı işqal altında saxlamaqda təcavüzkar Ermənistan israrlıdır. Görünür ki, indiyədək gördüyümüz işlər, bədnam qonşunu geriyə oturda bilməyib. Deməli, daha artıq güc səfərbər etməliyik, iş görməliyik və yeni metodlar tətbiq etməklə düşməni Qarabağdan təmizləməliyik. Burada Güney Azərbaycandakı xalqımızın gücündən lazımınca istifadə edə bilməmişik. Güney Azərbaycanda xalqımız, əridilmə siyasətinə məruz qalıbdır. Bugün, 35 milyon güneyli xalqımızın ana dilində bir məktəbi yoxdur. Diasporamızın borcudur ki, Güneydəki xalqımızın milli hüquqlarının tapdalanmasına etirazını daha artıq bildirsin. Əlbəttə ki, diasporamızı, həmin vəzifələri daşımaq üçün daha gücləndirməliyik. Təbii ki, diaspora quruculuğu konkret bir dövrlə məhdudlaşmır. Strateji əhəmiyyətə malik olan diaspora, daimi fəallıq və uzunmüddətli zəhmət tələb edir. Elə buna görə də bu sahədə qazanılmış nailiyyətləri və qarşıda duran vəzifələri vaxtaşırı müzakirə etməyə ehtiyac yaranır. Azərbaycanlıların daha sıx birləşməsi üçün strategiya, konsepsiya və ya ideologiyanı müəyyənləşdirməliyik. Xocalı soyqırımını məhkum etmək, Qarabağı azad etmək yolunda, Azərbaycan dövlətini müdafiə ətrafında, Güney Azərbaycanda milli və insani haqqların bərpası yolunda, konsepsiyamızı qura bilərik. Bir sözlə desək azərbaycançılıq və türkçülük ideyası ilə diaspora fəaliyyətlərimizi istiqamətləndirib, gücləndirə bilərik.

 

Cənab Prezident, göründüyü kimi diaspora təşkilatların bu günkü fəaliyyətləri çox qiymətli olsa da qənaətbəxş deyil. Azərbaycanlıların əsasən hansı ölkələrdə yaşamaları, onların təşkilatları, medya orqanları və fəallıqları barədə təhlillər aparmalıyıq və bununla dünya azərbaycanlılarının güclü informasiya şəbəkəsini yaratmalıyıq. Şübhəsiz ki, hər bir diaspor üçün ən vacib məsələ ana dilinin qorunmasıdır və bu işdə metodiki tövsiyələr və dərsliklərin çatışmamazlığı səbəbindən ciddi problemlər meydana çıxır. Ümid edirik ki, belə bir mühüm məsələ qurultayda həll olunacaq. Ümid edirik ki, qurultayımızda Azərbaycan diasporu, Azərbaycan Respublikası ilə əlaqələr, dünya azərbaycanlıları və onların həmrəyliyi, həmvətənlərimizin qüvvəsi və diqqətinin Azərbaycana yönəldilməsi barədə həm nəzəri və həm əməli tərəflərinin həlli yolunda təkliflər veriləcək. Göstərdiyiniz diqqətə görə təşəkkür edirəm.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa