Azərbaycan Demokrat Firqəsi: dünən və bugün
gözləntilər və reallıqlar

Cavidan ELBARS

"Güney Azərbaycan" dərgisi, №1, sentyabr 2005

 

20-ci əsrin əvvəllərindən başlayaraq Güney Azərbaycanda fasilələrlə inqilablar və nisbi olaraq milli azadlıq hərəkatları baş vermişdir. Düzdür bu hərəkatların heç biri sırf milli ideyalar zəminində və milli haqların əldə edilməsi uğrunda olmamışdır. Bu hərəkatların əksəriyyətində başqa çalarlar bəzi hallarda daha çox üstünlük təşkil edibdir.
1945-46-ci illərdə Güney Azərbaycanda 21 Azər hərəkatının adı çəkilən inqilabların arasında bir çox cəhətlərinə görə əhəmiyyətlilik dərəcəsi daha çoxdur. Həmin hərəkatda Güney Azərbaycan türklərinin sosyal problemlərinin həlli, ədalət və bərabərliyin yaranması uğrunda mübarizə bu hərəkatın aparıcı və düşünən təbəqəsinin milli azadlıq və milli haqların əldə edilməsi istiqamətində mübarizələrin kölgədə qoya bilməyib.
   S.Cəfər Pişəvərinin başçılığı altında Azərbaycan Milli Hökuməti bir illik hakimiyyəti dönəmində o günkü ağır və dözülməz şərtlərə rəğmən apardığı hər tərəfli islahatlarla xalqın çoxunluğunun ürəyində özünə sözün həqiqi mənasında yer açmış, uzun illər boyu Pəhləvilər sülaləsinin görə bilmədikləri və görmək istəmədikləri işləri həyata keçirə bilmişdir.
Bir sıra “tarixçı” və “araşdırmacı”ların bir tərəfli və həqiqətə uyğun olmayan təhrifatlarının əksinə olaraq 21 Azər hərəkatı hansısa xarici qüvvələrin təsii və təzyiqi ilə deyil, bəlkə millətin uzun illər yığılıb qalmış və həllini tapmamış problemlərinin partalışından irəli gəlmişdir. Dünyanın və bölgənin o günkü şərtlərin nəzərə alaraq yenicə yaranmış və mərkəzi Tehran hakimiyyəti, habelə onun müttəfiqlərinin təziyiqləri qarşısında dirənmək üçün Milli Hökumətin qonşuluqda olan güc sahibi Sovetlər Birliyi ilə yaxın münasibətlər qurması, qarşılıqlı əməkdaşlıqda bulunması olduqca təbii və məntiqi bir əməl idi. Sovetlər Birliyinin tərkibində dili, tarixi, mədəniyyət və adət-ənənəsi Güneydəkilərlə tam eyni olan Azərbaycan Sovet Sosyalist Respublikasının olması həmin müttəfiqlik və yaxın dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün kifayət qədər tutarlı səbəb sayıla bilərdi.
Yuxarıda vurğuladığımız kimi bu hərəkatın başlanması və Milli Hökumətin qurulmasın xarici amillərlə bağlayanlar bilərəkdən həqiqətləri təhrif edən saxtakarlardırlar. Bilindiyi kimi bütün xalqların mübarizə tarixində uğur qazanmaq üçün nəzəri, siyasi, hərbi və s... cəhətlərdən uyğun ölkələrlə əməkdaşlıq etmə hallari az olmamışdır. necə ki o zaman “müstəqil” dövlət sayılan İran mərkəzi hakimiyyəti Güney Azərbaycan xalqına qarşı hücumda başda Amerika olmaqla bir sıra qərb ölkələrinin yardımlarından istifadə etmişdir. Habelə 1979-cu il fevral inqilabında bu gün hakimiyyətdə olan və Azərbaycan türklərinə qarşı Pəhləvilərdən fərqli siyasət yürütməyən fars molla rejimidə qələbəsin təmin etmək üçün bir çox ölkənin maddi, mənəvi və siyasi dəstəyinə arxalanmışdır. Həmin məsələ bu yazımızın mövzusu olmadığından bunun təhlilinə keçmək istəmirik. 
   Yuxarıda da deyildiyi kimi “Azərbaycan Demokrat Firqəsi” və onun fəaliyyəti və mübarizəsi nəticəsində Azərbaycan Milli Hökumətinin qurulması Azərbaycan xalqının özünün haqlı istəkləri və mübarizəsi nəticəsində qurulmuşdur. Bir illik hakimiyyəti dönəmində həmin hökumətin gördüyü işlər, xalqdan aldığı dəstək o dərəcədə geniş və əhəmiyyətli olmuşdur ki, bəzi qərb diplomatları və müşahidəçiləridə bunu etiraf etməyə məcbur olmuşdurlar.
Azərbaycan və mərkəzi hakimiyyət arasında danışıqlar nəticəsində əldə edilmiş razılıqlardan hiləgərcəsinə su-istifadə edib, diplomatik prinsipləri ayaqlayaraq Amerikanın bir başa və hər tərəfli dəstəyi ilə Tehran rejiminin Azərbaycana hücum etdi. Yaxın tərəfdaş sayılan sayılan Sovetlər Birliyinın müttəfiqlik və tərəfdaşlıq prinsiplərin riayət etməməsi, başqa tərəfdən isə Amerikanın Tehran rejiminə bir başa maddi, siyasi və hərbi yardım göstərməsi nəticəsində yenicə formalaşmaqda olan Azərbaycan Milli Hökuməti devrildi. Sonuc olaraq minlərlə azərbaycanlı şəhid oldu, dar ağaclarından asıldı, on minlərlə insan isə öz doğma yurd-yuvasından didərgin düşdü.
Bu dövrdən sonra təbii ki, Azərbaycan Demokrat Firqəsinin(ADF) daxildə fəaliyyət imkanları yox səviyyəsinə endi. Qısa bir sürə dağınıq şəkildə və müxtəlif yerlərdə göstərilən müqavimətləri istisna etməklə demək olar ki, yaradılmış sərt totaliter şəraitdə gözə çarpacaq ciddi bir tərpəniş olmadı.
Tehran rejimi, fars şovinizminin bu “qələbə”sindən sonra başda S.Cəfər Pişəvəri olmaqla  Sovet Sosyalist Azərbaycanına sığınmış Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi və fəalları yenidən, Arazın başqa tayında ADF-nin fəaliyyətin bərpa edərək səbirsizliklə gözlədikləri “DÖNÜŞ” gününə hazırlaşmaq istədilər. Bu məsələdə Güneydə olduğu kimi yenədə S.C.Pişəvəri öz təşkilatçılıq qabiliyyəti və zəngin siyasi təcrübəsindən istifadə etməli oldu. Onun səyləri nəticəsində ADF yenidən təşkilatlanmağa başladı. Hətta Qızılbaş Xalq Qoşunları fədailərinin  Sovet Sosyalist Azərbaycanının şimal rayonlarında təlim məşqlərinə başlamalaına nail olundu. Təbii ki buda S.C.Pişəvərinin inad və fədakarlığı nəticəsində baş tutmuşdu.
   ADF rəhbərliyi və fəalları arasında yenidən bir canlanma, ruh yüksəkliyinin yarandığı, mübarizəni davam etdirmək üçün Güneyə daha hazırlıqlı dönəcəklərinə inam və umudun artdığı bir məqamda S.C.Pişəvərinin müəmmalı ölümü hər şeyi yarımçıq qoydu.
   Yenidən bir süstlük və məyusluq hakim kəsildi. Bir sıra fəallar Sibirə, başqa yerlərə sürgün edildi. Güneydə fars şovinizmini təmsil edən Pəhləvi hakimiyyətinin milli azadlıq mübarizlərinə qarşı apardığı represiya və amansız siyasət ikinci dəfə “müttəfiq” və “dost” ölkənin hakim siyasi quruluşu tərəfindən həyata keçirilməyə başlanıldı. ADF-nin “İran Xalq Partiyası” ilə birləşdirilməsi ideyası, bir ölkədə iki “kommunist” partiyası ola bilməz devizi altında gündəmə gətirildi. ADF-də milli mövqelərilə seçilən şəxslər təzyiqlərlə üzləşib rəhbər vəzifələrdən uzaqlaşdırıldılar. ADF-ni “İran Xalq Partiyası”nın əyalət komitəsinə çevirərək bir daha fars şovinizmi “kommunist”, “sosyalist” donunda Azərbaycan türklərinin müstəqil olaraq öz milli haqları uğrunda mübarizə aparmalarına əngəl olmağa başladı. Müstəqil milli düşüncəyə malik olan bir çox ziyalılar bu qurumda fəaliyyət imkanlarının əllərindən alındığına görə təşkilatdan uzaqlaşmalı oldilar. Yuxarıda vurğuladığımız kimi əks təqdirdə, yəni müqavimət göstərdikləri halda talelərnin öncədən “cəzalandırılmış”lardan fərqli olmayacağın düşünüb susanlarda az olmadı. Öz mənafelərin qorumaq xatirinə tərs fikirdə olmalarına rəğmən qurumda qalıb “mübarizə”lərin davam etdirən “ağıllı”larda oldu. Dediklərimizə misal olaraq o dövrdən qalan bir çox sənədləri fakt kimi göstərə bilərik. Ancaq bu mövzuda bir sıra ziyalılarımızın geniş araşdırmalar aparıb yazdıqlarına görə bu qısa yazıda həmin mətləblərə geniş toxunmağı uyğun bilmirik.(Əlbəttə bu arada ADF-də fəaliyyət göstərən bəzi şəxslərin kölgə altına salmaq niyyətində deyilik. Həmin dövrdə də təşkilatda milli mübarizəyə və qurumun müstəqil təşkilat olaraq fəaliyyət göstərməsinə meylli olan insanlar yox deyildi. Həmin məsələlərdə ADF-nin sədri olan Qulam Yəhya Danişiyanın şəxsinin bəlkədə bir az fərqli mövqe nümayiş etdirməsidə təqdirə layiqdir. Ancaq hakim durum və qeyd etdiyimiz insanların azlıqda olması məsələnin istənilən məcrada dəyişilməsinə imkan vermirdi.)
   Firqənin “fəaliyyət”inə hakim kəsilmiş bu şəraiti, qıraq düşüncə və təsirlərin  şaxtasından buz bağlamış durumu 1979-cu il fevral inqilabıda Güney Azərbaycan milli məsələsinin xeyrinə əridə bilmədi. Həmin İnqilaba ADF uzun illik “İran xalqlarının mənafei” prizmasından yanaşaraq hər tərəfli dəstək verdi. ADF-nin hesabından bu məsələ üçün əhəmiyyətli məbləqdə maddi vəsait ayrıldı. Bu, sözdə “anti ampriyalizm” inqilabının mahiyyətin ilk günlərdən dərk edib əks mövqe tutan təşkilat və şəxslər “zidd inqilabi” qüvvələr adlandırılaraq tənqid atəşinə tutuldu. Onların Amerika və digər kapitalist ölkələrin əlaltıları olduqları nəzarətlərində olan bütün mətbu orqanlar vasitəsilə vurğulandı. İnqilabdan qısa sürə sonra dini hakimiyyətin mütləqliyin təmin edən, Vilayəti fəqih, “ali dini rəhbəri” tanrının yer üzündəki təmsilçisi sayan gerici və anti-demokratik “Ana yasa” refrenduma çıxarılarkən bir bir sıra sol cərəyanlar kimi “İran Xalq Partiyası” və onun “Əyalət Komitəsi” olan ADF-də bu “Ana yasa”nı dəstəklədi. Həmin “Ana yasa”da başqa mürtəce maddələrlə yanaşı, “İranda” yaşayan xalqlarında milli-mədəni hüquqlarına lazimi səviyyədə yer verilmədi. Buna müsbət səs vermək isə ADF-nin qəbul etdiyi prinsip və məramları ilə ziddiyyət təşkil edirdi. Milli və demokrat təşkilat olmaq iddiasında olan bir qurumun ən gerici formada dinin hakimliyin təsbit edən bir konstitusiyanı dəstəkləməsi fiqənin imicinə ciddi zərbə olmaqla yanaşı, kobud bir yanlışlıq idi. Bu Xomeyni rejiminin hakimiyyətinin möhkəmlənməsindən qısa sürə sonra özün göstərdi.
   Həmin konstitusiyada bəzi müddəaların əleyhinə çıxan bir çox qüvvələr hakimiyyətlə yanaşı özün “demokrat” adlandıran cərəyanlar tərəfindən lənətlənərək təzyiqlərə məruz qaldı. Konstitusiyanın 110-cu əslində “vilayəti fəqih”in  mütləqiyyətin təsbit edən hissənin dəyişdirilməsi və qeyri fars millətlərin milli-mədəni haqlarına “Ana yasa”da geniş yer ayırlması tələbi ilə məşhur din xadimi Ayətullah Şəriətmədarinin  çıxışından sonra Güney Azərbaycan türkləri bir daha ayaqlandı. “Xalq Müsəlman” partiyasının ətrafında birləşən milyonlarla güneyli Ayətullah Mir Kazim Şəriətmədarinin haqlı tələbin dəstəkləmək, Güney Azərbaycan türklərinin milli-mədəni haqlarının tanınması istəyi ilə geniş və davamlı etiraz aksiyaları keçriməyə başladılar. Milli Hökumətin devrildiyi zamandan həmin hadisələrədək milli tələblərlə bağlı o səviyyədə heç bir aksiya keçirilməmişdi. Bu məslədə də ADF Tehran mərkəzi hakimiyyətinin mövqein dəstəkləyərək baçlanmş olan hərəkatı xarici qüvvələrə bağlı gerici və qaraguruh dəstələrin inqilaba qarşı təxribati  adlandırdı. Öz bəyanatlarında hakimiyyətdən bu “ziddi inqilabi” qüvvələrin susdurulmasın tələb etdi. (Maraqlıdır ki bir neçə il sonra Tehran rejimi həmin metodan “İran Xalq Partiyası” və ADF-yə qarşı istifadə edib onların daxildə fəaliyyət göstərən qüvvələrin xaricdən gəlmiş casuslar adlandırdı.)
Maraqlı cəhətlərdən biridə odur ki, hadisələrin belə inkişaf etdiyi bir dönəmdə “Kürdüstan Demokrat Partiyası” başda olmaqla əksər kürd təşkilatları Kürdüstanın müxtariyyəti tələbin daha ciddi şəkildə qaldırıb və bu yöndə hər tərəfli fəaliyyətə başlamışdı. Bu məsələdə də ADF “İran Xalq Partiyası”nın təsiri altında kürdlərin həmin tələbini ciddi-cəhdlə dəstəkləyir və Kürdüstanın müxtariyyətin kürdlərin təbii haqqı sayaraq bu məsələnin dinc həlli üçün mərkəzi hakimiyyətlə danışıqlar aparılmasın təklif edirdi. Kürdüstanın müxtariyyətin onların təbii haqqı sayan qurumun Azərbaycan türklərinin müxtariyyət belə deyil, sadəcə milli-mədəni haqlarının tanınması uğrunda sivil mübarizələrinə nə üçün qarşı çıxdığı sual doğurur. Yenədə maraqlıdır ki həmin məsələlərlə bağlı həm ADF-nin , həmdə “İran Xalq Partiyası”nın orqanı olan “Nameye Mərdom” qəzetində eyni səhifədə iki bəyanata yer verilirdi. Birinci bəyanat kürdlərin müxtariyyətinin dəstəklənməsi. İkinci bəyanat isə Güney Azərbaycanda milli tələblərlə keçirilən aksiyaları pisləyərək mərkəzi hakimiyyət və “mütərəqqi” qüvvələrdən həmin aksiyaların iştirakçılarına qarşı ciddi tədbirlər görməyə çağırış.
Əlbəttə bu arada ADF-nin xətti ilə yaranmış yeni şəraitdən istifadə edərək Güneyə gedib fəaliyyət göstərən insanların və ADF-nin bu yöndəki əməyin inkar etmək olmaz. Fəaliyyət üçün daxilə gedənlər arasında Anuşirəvan İbrahimi kimi dəyərləri insanlar var idi. Hansı ki bir müddət sonra “İnqilabi” hakimiyyət kimi dəstəklənən rejimin dustağına düşüb və güllələndi.  Bəlkədə ADF-nin “Xalq Müsəlman Partiyası”nın ətrafında birləşən kütlənin tələblərinə qarşı çıxması, bu hərəkatı dəstəkləməməsinin bir səbəbidə ADF-nin milli məsələnin ideolojik fərqdə bulunduğu bir cərəyanın vasitəsilə önə çəkilib həll olunmaması siyasətindən irəli gəlirdi. Amma nəticə Azərbaycan türklərinin ziyanına qurtardı.
   Vurğuladığımız kimi yeni “İnqilabi” hakimiyyət öz payaların bərkitmək üçün “İran Xalq Partiyası”, “Azərbaycan Demokrat Firqəsi” və bir sıra başqa cərəyanlardan istifadə etdikdən sonra “çomağın” başın həmin təşkilatlara tərəf döndərdi. Qısa bir zaman ərzində həmin qurumları “xarici dövlətlərin casusu” adlandıraraq ləğv edib bir çox fəalların həbs etdi. Minlərlə kadırının və demək olarki əsas rəhbərliyinin “ələ keçmə”sindən sonra bu təşkilatlar yenidən yeni hakimiyyətin “inqilabi”liyini daha yaxşı dərk etsələrdə bu heç bir məsələni dəyişməyə yetmədi.
   Bu hadisələrdən sonra ADF yenidən 1946-cı ilə oxşar bir tale yaşamağa məcbur oldu. Həbs və güllələnmədən canını qutara bilənlər mühacirət etməyə məcbur oldular. “İran”da qurulan sərt diktatur və militar hakimiyyət bir daha minlər insanın qanın tökdü, on minlərlə insanı yurd-yuvasından didərgin saldı. Amma görünür buda ADF-nin qəti nəticə çıxararaq bəlli mövqe tutmasına yetərli olmadı.
   Sovet Sosyalist Respublikasının dağılması ərəfəsində Quzey Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatı dönəmində(1988-90) ADF-nin sərgilədiyi mövqelə yəqin ki milli düşüncəli insanlar heç vaxt barışa bilməzdilər. necə ki, barışada bilmədilər. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının gücləndiyi, bu iddiaların gerçəkləşməsi üçün artıq erməni silahlı birləşmələrinin Qarabağda terror aksiyaları həyata keçirdiyi bir vaxtda bir çox “sol” təşkilatları kimi ADF-də “erməni-azərbaycanlı qardaşlığlarından” dəm vuraraq yaranmış problemi(hansı ki bu problem yox, ermənilərin Azərbaycan torpaqlarına silahlı təcavüzü idi) “millətçi”, “qaraguruh” dəstələrin yaratdığın söyləyərək, “qardaş” xalqların birliyinin əbədiliyindən danışırdılar.(Əlbəttə 1990-cı il 20 yanvar faciəsi ilə bağlı ADF-nin tutduğu mövqe. Bildirdiyi münasibət təqdirə layiqdir. Obiktivlik naminə sonrakı dövrlər, Azərbaycanın müstəqillindən sonra Qarabğın işğalı ilə əlaqədarda ADF bir mənalı olaraq mövqeyin bildirdi və həmin məsələdə bu gündə eyni mövqedə qalır.)
 Həmin ərəfədə bir çox milli düşüncəli güneylilərin xalq hərəkatında iştirakına görə ADF-rəhbərliyinin qəzəbəinə tuş gəlməsi çox yaxın tarıxımızın acı gerçəkliklərindəndir. Bəlkədə bütün bu hərəkətlərin nəticəsi idi ki, 1992-ci ildə Azərbaycan xalq Cəbhəsinin hakimiyyəti dönəmində ADF-ni yerləşdiyi binadan köçürmək məsələsi qaldırılmışdı. Bu gün həmin hərəkəti AXC-nin ayağına yazmaq istəyənlər olsada, əslində bu 1946-cı ildən Quzey Azərbaycana mühacirət etmiç bir sıra güneyli ziyalı və ADF-də “qəzəbə” tuş gəlmiş firqəçilərin Azərbaycanın vaxtki hökumətinin qarşısında qaldırdıqları məsələ idi. Həmin hadisədən xəbərdar şəxs kimi hətta bu məsələdə eks prezident Elçibəyin mövqeyinin fərqli olmasına baxmayaraq bir çox güneylinin təkidi və israrı nəticəsində bu hərəkətə(ADF-ni yerləşdiyi qərargahdan çıxarmaq) cəhd olunmasın diyə bilərəm.
   Azərbaycan Respublikasınınmüstəqilliyindən sonra demək olarki ADF-nin fəaliyyəti fəaliyyəti hiss olunmadı. Uzun illər daxildə və xaricdə Güney Azərbaycanla bağlı bir sıra ciddi hadisələr baş versədə ADF gözləmə mövqeində dayanaraq heç bir rəsmi reaksiya göstərmədi. Bu müddət ərzində bəzi güneyli və fikir baxımından firqəyə daya yaxın olan fəallarında ADF-ni “canlandırma” cəhdləri nəticə vermədi. Bu isə özlüyündə bir çox təcrübəli və qabiliyyətli insanların firqədən uzaqlaşmalarına və başqa təşkilatların adı altında fəaliyyət göstəmələrinə səbəb oldu.
   “Azərbaycan Demokrat Firqəsi”nin tərpənməyə son cəhdi 2003-2004-cü illərə təsadüf edir. Bu zaman ADF-nin fəaliyyətinin gücləndirilməsi üçün düşüncə və baxış etibarilə firqəyə yaxınlığı olan  bəzi şəxslərin təşəbbüsü nəticəsində ADF-nin fəaliyyətində yeni bir mərhələ başlanmış oldu. Qurum yenidən Güney Azərbaycanla bağlı məsələlərdə “qane edici” olmasada bəzi təşəbbüslərdə bulundu. “İran”da baş verən hadisələrə, cərəyan edən siyasi proseslərə münasibət bildirdi. Özünün saytın açdı.“Azərbaycan” adında orqanı yenidən nəşr etdirildi və milli hökumətin tarixi və ADF-nin fəaliyyəti ilə bağlı kitablar buraxdı. “Azərbaycan Milli Hökuməti”nin və ümumiyyətlə ADF-nin fəaliyyəti ilə bağlı buraxılan albom-kitabı isə bu nəşrlərin arasında önəmli yer tutan çox dəyərli buraxılış saymaq olar. Bunlarla yanaşı ADF bir sıra tarixi gün və hadisələrlə bağlı müxtəlif tədbirlər, konfranslar da keçirməyə başladı. Bu özlüyündə milli-demokratik qüvvələrin sevincinə və onların yenidən firqəyə maraq göstərmələrinə səbəb oldu. Düzdür bu arada bir sıra qüvvələrdə ADF-nin bu yeni fəaliyyət cəhdinin arxasında başqa amillərin olduğun bildirərək o qədərdə isti yanaşmadılar.
   Təssüflə bu dəfədə sonuncuların fikirlərinin nisbi olaraq həqiqətə çevrilməsi Güneydən olan milli-demokratik qüvvələrin məyusluğuna və xəyal qırıqlığına səbəb oldu.  “Azərbaycan Demokrat Firqəsi”ninsədri Əmirəli Lahrudi başda olmaqla ADF-nin bəzi üzvlərinin “İran”ın Azərbaycan Respublikasındakı sıfirliyinin müxtəlif bəhanələrlə təşkil etdiyi tədbirlərdə görünmələri, Tehran rejiminə bağlılıqları şübhə doğurmayan şəxslərin ADF-nin qərargahına ayaq açmaları, “İran Mədəniyyət Mərkəzi”nin nümayəndələrinin bu təşkilatla əlaqəyə girmələri milli qüvvələrin haqlı etirazına səbəb oldu. Güneyli millilər bir daha ADF-nin bu tutduğu mövqelə Güney Azərbaycan Milli Azadlıq Hərəkatına heç bir müsbət təsir göstərə bilməyəcəyin qəbul etməyə məcbur oldular.  “İran”ın eks prezidenti Məhəmməd Xatəminin Azərbaycan Respublikasına səfəri zamanı “Azərbaycanda yaşayan iranlılarla görüş” adı altında İİR-nın səfirliyi tərəfindən təşkil edilən ziyafətdə ADF-nin sədri cənab Əmirəli Lahrudi və təşkilatın bir neçə üzvünün iştirakı, Xatəmi ilə “səmimi” görüş və sohbətləri siyasi çevrələr tərəfindən bir mənalı qarşılanmadı. Bu əməl demək olar ki ADF-nin imicinə çox ciddi zərbə vurdu. Yaşananları bir daha təcrübə etməkdə olan qurum rəhbərliyinin “İran”meyilli çıxış və davranışları bununla bitmədi. İİR-da son prezident “seçki”lərində təşkilatın tutduğu mövqe, göstərdiyi “fəaliyyət” haqqında formalaşdırdığı yerli-yersiz şübhələri bir daha artırdı. Təşkilata yaxınlaşmağa meyil göstərən yeni və gənc qüvvələrin məyusluğuna səbəb oldu.
   ADF-nin Milli Hökumətin 60 illiyi münasibətilə 2005—ci ilin dekabrında keçirdiyi mətbuat konfransında təşkilat rəhbəri Əmirəli Lahrudinin çıxışı mətbuat nümayəndələri və tədbir iştirakçıları arasında çaşqınlıq yaratdı. Həmin tədbirdə Əmirəli Lahrudinin İİR-nın “prezident”i Mahmud Əntərinəjad haqqında söylədiyi səmimi və mehriban fikirlər, M.Əntərinəjadın “xalqın səsi ilə seçilmiş və xalq tərəfindən dəstəklənən “məşru” prezident” kimi çıxışı toplantı iştirakçıları arasında da mübahiəyə və bir çoxlarının etirazına səbəb oldu. Milli Hökumətin 60 illiyi ilə bağlı yayınlanan bəyanatda da oxşar fikirlərin yer alması ADF-nin yeni tarixində silinməyəcək bir ləkə oldu.
   Bütün bunların yekunu olaraq təşkilatın əsas qüvvələrindən biri, Əmirəli Lahrudiyə ən yaxın olan şəxsin Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbsi, aparılmış istintaq zamanı həmin şəxsin İİR-nın xüsusi xidmət orqanlarının əməkdaşı olmasın etiraf etməsi bu quruma olub-qalan umududa qırmış oldu. Əlbəttə bu özlüyündə bəlkədə Tehran rejiminin qələbəsi sayıla bilər. Niyəki, bu vasitə ilə Tehran hakimiyyəti millətimizin ən qocaman və zəngin tarixi və mübarizə keçmişi olan qurumu haqda başqa rəy yaratmağa nail oldu. Və əlbəttə ki bu məsələlərə yol verən, şərait yaradan insanlar öz vicdanları qarşısında cavab verməlidirlər.
 

PS. Bəlkədə ADF-nin “Güney Azərbaycan Demokrat Firqəsi” adı ilə, yeni və gənc  milli-demokrat güneylilər tərəfindən bərpasının zamanı çatıbdır. Buna ADF-nin bu günkü rəhbərliyidə razılıq verməyə borcludur. Millətimizin mübarizə tarixində özünə məxsus yeri, minlərlə insanımızın qanı bahasına formalaşmış bir qurumun əks cəbhəyə xidmət etməsinə göz yummaq həmdə cinayətdir. 

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa