Yadıma gəlir, 60-cı illərin birinci yarısında mən universitetdə oxuyarkən Şəhriyarın adı və “Heydərbabaya salam” poeması birdən-birə - elə bil ki, tər-təmiz göy üzündə şimşək çaxdı!-şüurumuzu silkələdi, bütün varlığımızdakı Cənub həsrətini təzədən özümüzə yaşatdı, o tərtəmiz, saf Azərbaycan dili, o poetik ab-hava bizim-gənclik eşqi, həvəsi, ehtirası ilə milli hisslər, düşüncələr, qayğılar aləminin içində yaşayan cavanların, ədəbiyyat, sənət həvəskarlarının arasında əməlli-başlı bir təlatüm yaratdı. Mən dünya ədəbiyyatında elə bir nümunə xatırlaya bilmirəm ki, heç bir siyasi motivi olmadan, süjeti olmadan, çağırışı-şüarı, hansısa ictimai iddiası olmadan “Heydərbabaya salam”ın 60-70-ci illərdə Sovet Azərbaycanında ictimai şüura göstərdiyi qədər vətəndaşlıq təsirinə malik olsun.
Heydərbaba, ildırımlar çaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şöfkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Qazdan ayıq olan sovet (partiya!) senzurası (qlavlit!) bu sadə, şəffaf misralarda hansı siyasi fıkir, hansı siyasi eyham, millətçi çağırış tapa bilərdi? Əlbəttə, heç nə tapa bilməzdi.
Çünki bu poemada belə bir fıkir, eyham, çağırış, həqiqətən, yoxdur. Sadəcə olaraq ona görə ki, “Heydərbabaya salam”ın siyasi-ictimai qəhrəmanı onun dilidir, onun xəlqiliyidir.
Söhbət iki yerə parçalanmış və hər parası da müxtəlif ictimai formasiyalarda, əlçatmaz, ünyetməz qorxunc sərhədlər arxasmda yaşayan bir xalqın ana dilindən və ən səmimi, incə, kövrək tellərlə həmin xalqa bağlılıqdan gedir. Söhbət Azərbaycan xalqının taleyi kontekstində poetık ictimai-siyasi bir hadisədən gedir. Buna görə də bu poema yalnız Azərbaycan poeziyasında və ictimai fıkrində yox, ümumiyyətlə, sənətin və ictimai fıkrin qarşılıqlı təmasında unikal bir hadisədir.
“Heydərbabaya salam”a qədər Məhəmmədhüseyn Şəhriyar farsdilli böyük İran şairi di. Bu poema onun Azərbaycan dilində yazdığı ilk əsərdir və bu poemadan sonra Məhəmmədhüseyn Şəhriyar, eyni zamanda, böyük Azərbaycan şairi oldu. Və “Heydərbabaya salam”dan sonra İranda yazıb-yaradan bir çox istedadlı şairlər bu poemaya ana dilində nəzirələr yazdılar, Azərbaycan şairi oldular.
İrandakı müasir günlərimizin Azərbaycan poeziyası belə yarandı.Şəhriyarın özü də “Heydərbaba”dan sonra fars dili ilə bərabər, Azərbaycan dilində də gözəl şerlər yazdı və ömrünün sonunacan da beləcə davam etdi.
Mən o uzaq gənclik illərində, təbii ki, Heydərbabanı görməmişdim, amma heç zaman görmədiyim və Şəhriyarın poemasına qədər adını belə eşitmədiyim o dağ, o dağın ətəklərindəki el-oba, o duz, məzə, o kədər, həsrət elə bil ki, tamam canlı bir varlıq kimi, qəribə bir məhrəmliklə, mehribanlıqla mənim üçün tamam doğmaya çevrilmişdi.
Mir Mustafa dayı, ucaboy baba,
Heykelli, saqqallı, Tolstoy baba,
Eylərdi yas məclisini toy baba,
Xoşginabın abrusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi...
Elə bil ki, adını birinci dəfə eşitdiyim o Mir Mustafa babanı, o ucaboy Tolstoy babanı mən elə gözümü açandan eləcə görmüşdüm, o məscidləri də tanıyırdım, o məclislər də mənim üçün çox doğma bir yer idi.
Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacada mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi...
Elə bil ki, o naxırçıları da mən lap yaxşı tanıyırdım, o qoyun-quzu mələş-məsini də aydınca eşidirdim, təndirdən qovzanan o tüstü mənim gözlərimə girib özü ilə qəribə bir sevinc (acı sevinc!) gətirirdi və o çörəklərin də iyini, istisini eləcə hiss edirdim. Rübabə Muradova o yanıqlı, təkrarsız səsiylə, nəfəsiylə oxuyanda ki:
Heydərbaba, kəkliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa yad eylə,
Açılmayan ürəkləri şad eylə...
-elə bil mən də yaxşı tanıdığım və sevdiyim Mədinə Gülgün və Balaş Azəroğlu kimi, Əli Azəri və Qulamhüseyn Beqdeli, Söhrab Tahir və Həmid Məmmədzadə, Mirzə Pürabbas və Qasım Cahani kimi qələm sahibləritək canımı, qanımı Cənubda qoyub bir də heç zaman geriyə dönə bilməmək məh-kumluğu, əlacsızlığı ilə Şimalda yaşayırdım... Amma təkcə Cənubda yox, Şimalda da “Heydərbabaya salam”a nəzirələr, Şəhriyara məktublar yazıldı (Şəhriyardan da cavablar alındı və əvvəllər görünməmiş bir hadisə baş verdi: o qorxunc sərhədlərin fövqündə ana dilli poetik bir yazışma başladı!), “Heydərbaba”nın şer forması populyarlaşdı.
Qəribədir, 60-cı illərdə Azərbaycan poeziyasında şerin forması barədə (sərbəst şer- ənənəvi şer) qızğın mübahisələr, hətta ədəbi münaqişələr getdiyi bir vaxtda və biz də bir cavanlıq şövqü ilə yeri gəldi, gəlmədi, sərbəst şerin təəssübünü çəkdiyimiz bir zamanda sadə, tamam ənənəvi “Heydərbabaya salam” hamının ürəyinə yol tapdı və bir daha sübut etdi ki, əsas istedaddır və o istedad sənə nə yazdırırsa, onu da yazmalısan.
... Sonralar bizə məlum oldu ki, Heydərbaba nemətli, məhsullu, möhtəşəm bir dağdır və Şəhriyar da o dağın ətəklərində dünyaya gəlib, uşaqlığı o ətəklərdəki Qayışqurşaq, Xoşginab, Şəngülava kəndlərində keçib və heç şübhəsiz ki, bu poemanın bu dərəcə təbii çıxmasında o el-obanın havasıyla, suyuyla mayalanmış genlərin rolu olub və elə o genlər də ana dilini Şəhriyarın ürəyinin dərinliklərindən çıxarıb qələminin ucuna gətirmişdir.
Xatirindədir, 60-cı illərin ikinci yarısında mən Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı, sonra kiçik elmi işçisi olduğum vaxtlar unudulmaz professor Qulamhüseyn Beqdeli xüsusi bir ehtirasla danışırdı ki, Tehranda yaşayan Şəhriyar xəstələnir, anası kənddən onu yoluxmağa gəlir və bu görüşdən sonra “Heydərbabaya salam” yaranır. Və mən indi fikirləşirəm ki, əlbəttə, o vaxt Ana özü ilə birlikdə Tehrana Heydərbabanın ab-havasını aparmışdı və kənddən şəhərə oğlunu yoluxmağa gedən o adi Ana səfəri Azərbaycan poeziyasında Şəhriyar hadisəsi yaratdı.
|