Gülüstan poeması

Bəxtiyar VAHABZADƏ

1994

 

Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.

Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada, Vətən.

Sinə altında gərək qəlb kimi hər an döyünə,
Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.

Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.

Ulular uymadı var-dövlətə, yalnız dedilər:
-Ən böyük bəxşişimiz bizdən hər övlada: Vətən!

Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini
Döyünər qəlbi kimi hər yeni misrada Vətən.

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.

#aaaaa