Sanksiyalar İranı çökdürür

 

Abdulla Əmir Haşimi: "Qarşıdurmalar genişlənir, azadlıq hərəkatları daha da kütləviləşir"

 

İrana qarşı beynəlxalq səviyyədə sanksiyaların tətbiqi rəsmi Tehranın narahatlığına səbəb olub. Tezliklə maliyyə sanksiyaları İranı çökdürəcəyini əvvəlcədən düşünənlər yanılmayıblar. İran isə bundan heç narahat olmadığını, əksinə, Qərblə yeni müharibə mərhələsinin başlandığını bildirib.

 

/Cavid. Xalq Cəbhəsi. 20.X.2010

 

Abdulla Amir Hashimi (Cavanshir)

Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst oktyabrın 19-da jurnalistlərə danışaraq bir sıra Avropa ölkələrində İran sərnişin təyyarələrinə yanacaq verilməməsini pisləyib. Son günlər Tehrandan Amsterdam, London, Stokholma uçan İran Hava Yollarına məxsus sərnişin təyyarələri yanacaqla təmin edilmir. Təyyarələr yanacaq doldurmaq üçün Almaniya və ya Avstriya hava limanlarında enməyə məcbur olurlar. Təyyarələrin yanacaqla təmin edilməsinə qoyulan məhdudiyyətlərin Qərbin bu ölkəyə qarşı sanksiyaları ilə əlaqələndirildiyi bildirilir: "Təəssüf ki, bəzi Qərb şirkətləri İranın sərnişin təyyarələrini yanacaqla təmin etmək məsələsində xoşagəlməz hərəkətlərə yol verirlər. Biz Qərb hökumətlərinə bildiririk ki, bu məhdudiyyətlər BMT Təhlükəsizlik Şurasının bizə qarşı qəbul etdiyi qanunsuz qətnaməsi çərçivəsinə sığımır. Bu, həm də beynəlxalq qanunlara ziddir. Biz onların bu hərəkətinə dözməyəcək, məsələ ilə bağlı ciddi tədbir görəcəyik".

 

Yeri gəlmişkən, Obama administrasiyası Tehranın yaxın qonşularıyla ticarət əlaqələrini bir az da məhdudlaşdırmaq istəyir. Elə buna görə də ötən gün ölkənin maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Elçi Stüart Levi Bakıya gəlib. Keçirdiyi brifinqdə Stüart Levi deyib ki, Azərbaycan rəsmiləri ilə görüşdə onlara nüvə və raket proqramlarını davam etdirməkdə olan İrana qarşı yönələn BMT sanksiyalarının son raunduyla bağlı məlumat verib: "Səfərimizin əsas diqqəti, məqsədi ABŞ-ın bütün dünyada tərəfdaşlarıyla İranın qeyri-qanuni fəaliyyəti və beynəlxalq maliyyə sistemindən sui-istifadəsinə dair məsələlərə cəlb edilməsi və bu sahədə aktiv dialoqların davamlı olmasına yönəlmişdi". Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elxan Poluxov isə deyib ki, Azərbaycan BMT-nin üzvüdür və sözsüz beynəlxalq aləmin məsul üzvü kimi biz BMT-də qəbul olunmuş qərarların hamısına hörmətlə yanaşırıq. Atom nüvə proqramıyla bağlı inadı ucbatından İrana qarşı sanksiyalar genişlənir. BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sonuncu, dördüncü qətnaməsinin tələbləri çərçivəsində dünyanın çeşidli dövlətləri də İranla iqtisadi əməkdaşlığın məhdudlaşdırılmasına dair qərarlar qəbul edirlər. Artıq Cənubi Koreya İran banklarıyla əməliyyatları iki aylığına dayandırıb. Cənubi Koreyanın "KİA" avtomobil şirkəti BMT Təhlükəsizlik Şurasının 4-cü, sonuncu sanksiyasına uyğun olaraq, İrana avtomobil hissələri və avtomobil ixracını dayandırır. Qərb mütəxəssislərinin fikrincə, bu, İrana çox arğır zərbədir. Ötən il İrana idxal olunan avtomobillərin 40 faizi "KİA"-nın payına düşür. Cənubi Koreya KİV-in məlumatına əsasən, rəsmi Seul sanksiya ilə bağlı qərara qəbul etdikdən sonra yerli xırda və iri şirkətlər İrana ixracatı ya tam dayandırıb, ya da əlaqələri dayandırıb.

 

Koreyanın ikinci ən iri avtomobil nəhəngi "Hyundai" hələlik İranla əməkdaşlıq edir. Müşahidələrə əsasən yaxın zamanlarda ölkə rəhbərliyinin sanksiyasının onun da fəaliyyətinə təsir göstərəcəyi ehtimal olunur. Onu da qeyd edək ki, bu ilin avqustunda Yaponiyanın "Toyota" avtoşirkəti də İranla əməkdaşlığı kəsdiyini bildirmişdi. Xalçaların istehsalı və ixracı birliyinin başçısı Əkbər Herisçian "İRNA"-ya müsahibəsində bildirib ki, cari il sentyabrın 29-dan etibarən ABŞ İranın bütün növ əl xalçalarına sanksiya tətbiq edib. Onun sözlərinə görə, ABŞ İranın bu məhsullarının əsas bazarıdır. Birlik deyib ki, onlar son aylarda Amerikaya iri həcmdə əl xalçası göndərməyi planlaşdırıbmış: "Bu yasaqdan sonra xalçaçılar rahatsızdılar. Oxşar qərarın Avropa ölkələrində də qəbul olnacağı istisna olunmur". Xatırladaq ki, rəsmi Vaşinqton İrandan ABŞ-a idxal olunan püstə və qara kürüyə də sanksiya tətbiq edib.


Bu qadağaları önləmək üçün rəsmi Tehran da çeşidli addımlar atır. İran hökuməti 20 adda strateji məhsulun, o cümlədən düyü və taxıl kimi ərzaq mallarının idxalını yasaqlayan qərar qəbul edib. Ölkə ticarət nazirinin müavini Babək Əfqani bildirib ki, ümumilikdə 1300 belə malın siyahısı tutulub. Hakimiyyət bu yolla daxili bazarda yerli məhsulların xaricilərə rəqabətdə davam gətirməsinə çalışır. Rəsmi Tehranın sanksiyalarla üzləşməsi İran hakimiyyəti daxilində də məsələyə münasibət heç də birmənalı deyil. Keçmiş prezident, dini ekspertlər şurasının sədri Rəfsəncani hakimiyyəti beynəlxalq yasaqlara ciddi yanaşmağa çağırıb: "İndiyə kimi İrana qarşı belə ciddi və çoxsaylı sanksiyalar qəbul olunmayıb. Mən hamının, eləcə də rəsmilərin bu qadağalara ciddi yanaşmasını istəyirəm".


Güney Azərbaycan Konqresinin (İsveç) sədri, Abdulla Əmir Haşimi bildirib ki, hələ ötən ilin dekabr ayında, ABŞ Nümayəndələr Palatası səs-çoxluğu ilə (412 lehinə, 12 əleyinə) İranın nüvə proqramının dayandırılması üçün qanun layihəsi qəbul etmişdi. Həmin layihəyə əsasən, İranın enerji sektoruna 20 milyon ABŞ dolları miqdarında sərmayə qoyan hər hansı şirkət cəzalandırılacaqdı. Cari il iyunun 9-da isə BMT Təhlükəsizlik Şurası, İrana qarşı, İranın əsasən hərbi-texniki sənayesinə aid olan maddələri daxil edən yeni sanksiyalar vermişdi: "İyulun 1-dən, ABŞ İranın nüvə proqramını maliyyələşdirməsini və inkişaf etdirməsini çətinləşdirmək üçün sanksiyalarını sərtləşdirdi. Bu birtərəfli iqtisadi mühasirələrin nəticəsi kimi, Britaniya, İran körfəzi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və Almaniya hava limanları, İran hava yolları şirkətlərinə məxsus olan təyyarələri yanacaqla təmindən imtina etdilər. Sanksiyaları Barak Obama imzaladıqdan sonra qüvvəyə mindi və bununla İran aviasiyasına maneələr başlandı. Xüsusilə Britaniyanın bp şirkəti, İran təyyarələrinə yanacaq vurmağı dayandırmaqda israrlı idi. Əhmədinejad isə, bu sanksiyaların İran iqtisadiyyatına heç bir təsir göstərmədiyini deyərək, qarşısında o qədər də çox seçim qalmadığını göstərdi. Hamburq hava limanından başlayaraq, İran sərnişin təyyarələrinə yanacaq verməkdən imtina edən bp-yə alternativ şirkət tapmağın çətin olmasının başlıca səbəbi isə, şirkət müqaviləni bərpa etmədiyinə görə digər şirkətlərin də "İran Air" ilə müqavilə bağlamaqdan imtina etmələriydi". Abdulla Əmir Haşimi onu da qeyd edib ki, gündən-günə İran təyyarələrinə müxtəlif şirkətlər tərəfindən yanacaq sanksiyaları İranı Əhmədinejadın dediyi kimi yox, ciddi çətinliklərlə üzləşdirib və üzləşdirəcək. Amma İrana qarşı yanacaq sanksiyaları qonşu dövlətlərə problem yarada bilərmi - sualına gəldikdə, cavab birmənalı deyil. Çünki İran rejiminin başçıları düşdükləri böhran və yaşadıqları problemləri öz əməllərində yox, başqaları və qonşularında axtarmaq istəyirlər: "Onun üçün də, qonşu dövlət, xüsusilə Azərbaycan İrana bəhanə verməməlidir. İkinci növbədə isə, İranın düşdüyü iqtisadi böhrandan Azərbaycan öz xeyrinə istifadə etməyi bacarmalıdır. Bu işi, vaxtılə Türkiyə, 8 illik İran-İraq müharibəsində bacardı və o iki ölkədə yaranan böhrandan yaralanaraq, öz iqtisadiyyatını dirçəltməyə nail ola bildi. Türkiyənin bu işi həmçinin İran və İraqda yaşayan xalqlara da yardım göstərdi - həm onları ərzaqsız qoymadı və həm də müharibədə neytral qalaraq regionda müharibə atəşinin alovlanmasının qarşısını aldı. Eyni zamanda, Azərbaycan dövləti İran adlanan ölkə ilə iqtisadi münasibətlərini soyuqlaşdırmamalıdır. Çünki bu ölkənin adı bu gün İran olsa da, unutmamalıyıq ki orada 35 milyondan artıq azərbaycanlı yaşayır, yəni orada yaşayanların əksəriyyəti azərbaycanlılardır. İran hökumətinin başçıları qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərində sabit prinsiplərə riayət etmədiklərinə görə, qonşu ölkələr İranla ehtiyatlı olmalıdırlar". Abulla Əmir Haşimi bildirib ki, İrana qarşı sanksiyaların başqa nəticələri də var. O da get-gedə İranın düşdüyü iqtisadi, siyasi və mədəni böhranın dərinləşməsidir. Həmin sanksiyaların təsiri altında göründüyü kimi ictimai böhran da dərinləşir və hakimiyyətlə xalqlar arasında təzad müxtəlif formalarda üzə çıxır, ümumi böhran genişlənir, İranda yaşayan xalqlar həmin böhran nəticəsində keçmişdəki kimi yaşamaq istəmirlər və hakimiyyətdə olanlar da əvvəlki tək hökm edə bilmirlər: "Nəticədə, qarşıdurmalar vüsətlənərək azadlıq hərəkatları hərtərəfli inkişaf edir və bu da regionda yaşayan qonşu dövlətlərə müsbət təsir buraxır. İranda nə qədər milli azadlıq, demokratiya və sülh tərəfdarları güclənsələr və xalqlar öz hüquqlarını əldə etmələrinə yeni fürsətlər qazansalar, qonşu ölkələrin də xeyrinə olacaq. Odur ki, İrana qarşı qoyulan bugünkü sanksiyaların nəticələrini diqqətlə izləmək və bir tərəfdən İranda yaşayan xalqlar daha artıq əzab-əziyyətə düşməsinlər deyə lazımi qida və enerji resurslarla onları təmin edib, daha doğrusu İran bazarını Azərbaycan və Türkiyə dövlətlərinin malları ilə rövnəqləndirmək, digər tərəfdən isə İranın böhrandan çıxması üçün onun hər hansı hərbi-təcavüz və bəhanə yollarını bağlamaq lazımdır. ABŞ və Avropa hansısa siyasəti irəli sürürlərsə, bu onların öz işləridir. Ancaq Azərbaycan, İranla qonşu olduğu üçün, öz müstəqil siyasətini çox incəliklə yürütməlidir".


Məsələnin iqtisadi tərəflərinə gəlincə, iqtisadçılar düşünürlər ki, Azərbaycanın İrana qarşı maliyyə sanksiyalarına qoşulacağı halda ən çox itirən İran olacaq.


İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğluna görə, əgər 2003-cü ildə Azərbaycan İrana 50 milyon dollarlıq mal göndərmişdisə, qarşı tərəfdən Azərbaycana 307 milyon dollarlıq mal idxal edilib. Sonrakı illərdə də bu tempin davam etdiyini deyən iqtisadçı düşünür ki, Azərbaycan İrana qarşı sanksiyaya qoşulacağı halda İranın iqtisadi və maliyyə baxımından itkiləri Azərbaycanla müqayisədə daha çox olacaq. Onu da bildirək ki, beynəlxalq sanksiyalara görə, Tehran getdikcə daha çox emal olunmuş neft məhsulları qıtlığı yaşayır. Azərbaycan da İranın başqa bir potensial təchizatçısıdır. Hazırda İranla Azərbaycanın illik ticarət dövriyyəsi ötən il 1 milyard dollar olub, rəsmi statistika belə deyir. Bu barədə "Wall Street Journal Europe" dərgisi yazıb.

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x63.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.