"Şəkərli ayətullah Azərbaycan qadınlarını daşqalaq etdirmək istəyir"

 

Abdulla Əmir Haşimi: "Məkarim Şirazi İranda törətdiyi qanlı cinayətləri Azərbaycan Respublikasında da hicab pərdəsi arxasında təkrarlamaq niyyətindədir"


İranlı ayətullah Məkarim Şirazinin Azərbaycan məktəblərində hicaba qadağa ilə bağlı məlum təxribat xarakterli fətvasına İsveçdən də cavab gəldi. "Xalq Cəbhəsi"nə açıqlama verən Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi (Cavanşir) bildirdi ki, İran Azərbaycanı hicabla dəfələrlə hədələyib.

 

/Cavid. Xalq Cəbhəsi. 29.XII.2010

Abdulla Amir Hashimi (Cavanshir)

Onun sözlərinə görə, Azərbaycan Respublikası müstəqil olan gündən bəri vaxtaşırı İran rəsmiləri, xəfiyyələri, dövlət orqanları, həm də ayətullahlar müstəqilliyimizə qarşı təxribatlar həyata keçiriblər. "Şəkərli ayətullah" kimi tanınan Məkarim Şirazi də elə bu ayətullahlardan biridir: "Hansı ki, bu "cənab"ın babası yəhudi olub və özü isə "sufilər, ələvilər və qızılbaşlar qatili" adlanıbdır. Onun hüseyniyyələr və dini mərkəzlərin dağıdılmasında xüsusi və birinci rolu var. Mahiyyət cəhətdən ziddiyyətli olan və niyyət cəhətdən regionda fitnəsalmaq bəhanəsi axtaran ayətullah Məkarim Şirazi beynəlxalq qanunları ayaq altına qoyaraq Azərbaycan əhalisinə göstəriş verir. Çox üzlülüklə İranda din pərdəsi arxasında qadınlar haqqında törətdiyi cinayətləri Azərbaycanda da hicab pərdəsi arxasında təkrarlamaq niyyətindədir".


Abdulla Əmir Haşimi bildirdi ki, ayətullahın növbəti çağırışı Azərbaycanda məktəblərdə şagirdlərin uniforma-geyimlərini pozub, yerinə Azərbaycan adət-ənənələrinə uyğun olmayan hicabı geymələrini təhmil etməkdir - hansı ki, həmin işi 31 il bundan əvvəl İranda zorakılıqla həyata keçirtdilər: "1979-cu il inqilabında azadlıq üçün iştirak edən qız və qadınları yenidən hicaba bürüyüb köləliyə, əsarət altına saldılar. Ayətullah Məkarim Şirazi həmin oyunları Azərbaycanın qız və qadınlarının da başına gətirmək istəyir - hansı ki, bu gün bir nümunəsi Səkinə Aştiani adlı təbrizli qadındır. Dünyada bir milyondan artıq imza toplanıb müdafiə edilən Aştianinin azadlığını Avropanın mütərəqqi insanları və siyasətçiləri tələb etsələr də, Məkarim Şirazi kimilər özlərini karlığa vuraraq təbrizli Səkinə Aştianini hicabı pozmaq ittihamı ilə daşqalaq etdirmək israrındadırlar. Səkinə Aştianidən başqa, üç ilin ərzində 1500 qadın asılıb və daşqalaq edilib ki, onların arasında hamilə, 50-70 yaşlı qadınlar, 13-15 yaşlı yeniyetmə qızlar da vardı". Abdulla Əmir Haşiminin fikrincə, cəhl və cəhalət ayətullahı din pərdəsi altında orta əsrlərin irticai şivələrini işə salıb Azərbaycanda qadın və qızların qanuni hüquqlarını tapdalamaq istəyir. Ayətullah Məkarim Şirazi, Azərbaycanda da İran kimi qadının haqsız və hüquqsuz yaşamasını və qadının saçlarının görünməsinə görə ona şallaq vurulmasını istəyir: "Mürtəce ayətullah Nasir Məkarim Şirazi qadınları çadra altında saxlamağı və onların daşqalaq olmalarını şəriət qanunlarını yerinə yetirmək kimi qəbul olunmasına çalışır. O eyni zamanda, qadınların, ibtidai, insani və demokratik hüquqlarından məhrum edilmələrinə çalışır. Məqsədi odur ki, qız və qadınlar ictimai yığıncaqlara getməsin, məktəb və universitetlərdən uzaqlaşsın, savadsız qalsın, müxtəlif hiylə və fitnəkarlıqlarla istehsalatda faydalı əmək ilə məşğul olmalarına mane olunsun. Qadınların əvəzinə kişilər qərar versin - kişilər qərar versin ki, qadınlar necə düşünsünlər, nə kimi paltar geyinsinlər və necə davransınlar. Ayətullah Məkarim Şirazidən soruşmaq lazımdır ki, 11 yaşından 13 yaşınadək körpə qız uşağının bir neçə dəfə özündən çox böyük olan kişilərə rəsmi surətdə siğə olunması, islam təriqəti ilə qadın hüququnun həyata keçirilməsi nə deməkdir? Ayətullah Məkarim Şirazi qadın şəxsiyyətini alçaldan və onun şəxsiyyətini ləkələyən siğə barədə nə düşünür? İranda bu işin rəsmi və qanuni şəkil almasına, hərəmxanaların təşkilinə, azyaşlı qız uşaqlarının alınıb-satılmasına necə cavab verir? İranda qəzet və jurnalların səhifələri 70 yaşlı kişilərin 14 yaşlı qız uşaqlarıyla evlənmələri xəbərlərilə doludur. Budur, ayətullah Məkarim Şirazinin hicab dərdi? Orta əsrlərdən bugünə qədər irs qalan paslı zəncirlər ilə qadınların əl-ayağını zəncirləyən cəhdlərdən biri isə Ayətullah Məkarim Şirazinin boşanma zamanı uşağın zor ilə anadan alınması nəzəriyyəsidir".


Abdulla Əmir Haşimi deyir ki, Ayətulla Məkarim Şirazi, islam rejimi dövründə qadınları ağır və dözülməz, məşəqqətli həyata sürüklədiyi kimi Azərbaycanda da həmin məqsədi hicab mövzusu altında Azərbaycan qadınına, Azərbaycan analarına sırımaq istəyir: "Şübhəsiz ki, Azərbaycanın yüksək düşüncəli qadınları- Mehricanlar, Məhinbanular, Nüşabələr, Rüstəmələr, Heyranlar, Əzəmətlər, Zeynəbpaşalar, Səriyələr, Humalar, Mərziyələr və yüzlərlə belə məşhur qəhrəmanların yollarını gedən analarımız, bacılarımız, həyat yoldaşımız və qızlarımız bu kimi fırıldaqlara və xaricdən yönəldilmiş fitnəkarlıqlara yol verməzlər. Orta əsrlərin geridəqalmış adət-ənənələrinə qarşı oğul, qardaş, ataları ilə çiyin-çiyinə qazandığımız Azərbaycan Respublikasının müstəqilliyini qoruyaraq, konstitusiyada qeyd edildiyi kimi dinin siyasətdən ayrı olmasını qoruyub yaşadacaqlar. Azərbaycanın şərəfli qadın və qızları cəmiyyətimizdə olan siyasi, ictimai və sosial problemlərin həllini İranda, İraqda, Əfqanistandakı kimi "hizbullah", fanatizm və islam ifratçılarının yollarında, ayətullah Nasir Məkarim Şirazilərin dediklərində axtarmamalıdırlar. Qadınlarımız siyasi, ictimai və sosial problemlərin həllini elm və texnologiyanın tərəqqisində, iqtisadi inkişafda, mədəniyyətin yüksəlişində, sosial rifahın genişlənməsində axtarmaları lazımdır".

 


 

Xəbərin birbaşa keçidi: http://www.guneyazerbaycankonqresi.com/x74.html

 


© Güney Azərbaycan Konqresi, 2006- .

Səhifədə yerləşdirilmiş hər hansı materialdan istifadə olunduqda, istinad vacibdir.